Bəhruz Quliyev: “Reket jurnalistikası ilə mübarizəni davamlı aparmaq vacibdir”
“Ölkəmizdə reket jurnalistikası kimi amilin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir və belə tədbirlərin həyata keçirilməsi davamlı olaraq reallaşdırılmalıdır”. Bu fikirləri Olaylar.az –a “Səs” qəzetinin baş redaktoru, ekspert Bəhruz Quliyev bildirib.
29 Oktyabr 2018 13:56 Sosial"Ölkəmizdə reket jurnalistikası kimi amilin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir və belə tədbirlərin həyata keçirilməsi davamlı olaraq reallaşdırılmalıdır". Bu fikirləri Olaylar.az -a "Səs" qəzetinin baş redaktoru, ekspert Bəhruz Quliyev bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan mediasının inkişafı və tərəqqisi istiqamətində kifayət qədər qərarlar verilir, addımlar atılır: "Müstəqil Azərbaycanın müasir mətbuatının inkişaf təzahürlərindən biri də çoxsaylı yazılı və elektron media resurslarının fəaliyyət göstərmələridir. İstər ölkə rəhbərliyi tərəfindən, istərsə də mətbuatla bağlı qurumlar tərəfindən zaman-zaman həyata keçirilən münbit işlər öz uğurlu nəticələrini verir".
Bəhruz Quliyev həmçinin qeyd edib ki, reket jurnalistikası müstəqil və azad ölkə mətbuatından sui-istifadələr nəticəsində yaranır və belə bir sui-istifadə faktoru ilk növbədə Azərbaycanın tarixi əsaslara söykənən jurnalistikasına vurulan xəyanət zərbəsidir: "Təəssüf ki, zamanında sağlam tənqidlərə əsaslanan və araşdırma jurnalistikası kimi də bilinən media fəaliyyəti bir sıra şəxsi mənfəətlərini güdən dırnaqarası jurnalistlərlə əvəz olunmağa başladı ki, bu da reketçiliyin əsasını qoymuş oldu. Hətta deyərdim ki, həqiqi jurnalistika get-gedə müxtəlif vasitələrlə sıxışdırılmağa başladıldı. Ölkəmizdə mövcud olan söz və ifadə azadlığı gerçəkliyindən sui-istifadə edən insanlar öz çirkin niyyətlərini qara yaratək yaymağa başladılar. Ona görə də, qeyd etdiyim kimi, bu kimi qara yaraları, tarixi özəlliklərə malik mətbuatımıza qarşı zərbələr vuran halları kəsib atmağa zərurət var".
Reket jurnalistikasının fəsadlarını və yayılma səbəblərini də izah edən baş redaktor hesab edir ki, burada əsas məqam asan və qanunsuz yollarla maddi gəlir əldə etmək kimi hallara söykənir: "Diqqət yetirsək görərik ki, hazırda ölkəmizdə ciddiyyəti və nüfuzu ilə, informasiya və innovativ sferadakı fəaliyyəti ilə seçilən bir neçə sayt və portallar mövcuddur. İnformasiya resurslarını özləri istehsal edərək oxuculara çatdıran sayt və portallar hər dəqiqə ölkə daxilində və xaricdə baş verən siyasi, mədəni, idman, sosial və s. sahələri əhatə edən məlumatlar yayır, müxtəlif təhlilləri, şərhləri, müsahibə və açıqlamaları oxucularına təqdim edirlər. Yəni bu, ictimai rəyi dolğun informasiya ilə təmin etmək anlamı olaraq qiymətləndirilir.
Bəs, reketçiliklə məşğul olanlar nə edirlər? Onlar ictimai rəyin gözündən pərdə asmaq üçün gün ərzində uzağı bir, ya da iki məlumatı başqa mənbələrdən oğurlayıb (copy paste-red.) öz saytlarına yerləşdirməklə "informasiya yaymaq prinsipi" əsasında işlərini bitmiş hesab edirər və bundan sonra çirkin, qanunsuz əməllərini davam etdirirlər. Hətta deyərdim ki, belə saytlar öz təbirlərincə, biclik edirlər. Yəni başqa saytlarda yayımlanan məlumatları işıqlandırmaqla, sonradan öz çirkin niyyətlərini reallaşdırmağa çalışırlar. Müxtəlif iş adamlarına, dövlət qurumlarına, məmurlara və ayrı-ayrı fərdlərə qarşı şantaj, böhtan kampaniyalarına start verirlər. Ən diqqət çəkən məqam isə budur ki, bənzər reket saytlar və qəzetlər əllərində olan şantaj xarakterli məlumatları bir-birlərinə ötürərək, gündəmə çıxardıqları şəxsləri bir neçə gün, hətta bir neçə ay ictimai rəyin diqqətində saxlamağa çalışırlar. Beləliklə, qondarma jurnalist vəsiqələrinin imtiyazlarından istifadə edib, cinayət əməllərinə rəvac vermiş olurlar".
Bəhruz Quliyev digər bir nüansa da toxunaraq bildirib ki, bu gün ölkəmizdə sayt açmaq çox asandır və bir domenin əldə edilməsi üçün uzağı 20 AZN lazım olur: "Bu məbləğ ödənildikdən sonra, saytların dövlət qeydiyyatından keçib-keçməməsi həmin reketləri maraqlandırmır. Əgər həmin sayt bağlanarsa, digərini çox asanlıqla aça bilərlər. Düşünürəm ki, məhz bu kimi problemin də aradan qaldırılması istiqamətində müvafiq qurumlar fəaliyyətlərini davam etdirməlidirlər və etdirirlər də. Ümumiyyətlə, hesab edirəm ki, reketizmlə məşğul olan jurnalistlər konstitusion hüquqlar, qanunlar əsasında, cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Məhz bu baxımdan, daha böyük fəsadların, daha arzuolunmaz halların yenidən yaranmaması üçün, reket jurnalistikası ilə mübarizəni davamlı xarakterdə aparmaq vacibdir".