Taleb əslində Vardanyanın “dostu” olduğunu yox, vardanyançılığını ortaya qoyur- ÖZƏL
10:29 Siyasət"Livan əsilli amerikalı mütəfəkkir kimi təqdim olunan, təsadüfiliyin epistemologiyası və risk menecmenti sahəsində görkəmli mütəxəssislərdən biri sayılan Nassim Nicholas Taleb X-də post paylaşaraq Bakıya mühazirə oxumağa dəvət olunduğunu, ancaq bundan imtina etdiyini bildirib. İmtinasının səbəbini o, Ruben Vardanyanın Azərbaycanda həbsdə olması ilə əlaqələndirib və qeyd edib ki, nə qədər ki "dostu" həbsdədir, ayağı Azərbaycana dəyməyəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:
"Birinci onu deyim ki, mən ümumiyyətlə, muzd qarşılığında, yaxud da hansısa bir səbəbdən Azərbaycan məhkəməsinin Qarabağdakı keçmiş hərbi xuntanın başında duranlarla bağlı çıxardığı qərarı pisləyən istənilən şəxsin kimliyindən asılı olmayaraq ölkəmizə buraxılmasının əleyhinəyəm! Təbii ki, bu, yunan əsilli həmin livanlıya da aiddir.
Talebin X-dəki postu da göstərir ki, o, heç də əsl elm adamı deyil. Bəli, özəlliklə də iki kitabı dillər əzbəridir, irəli sürdüyü nəzəriyyələr dünyada böyük maraqla qarşılanıb, amma əsl elm adamı o edəni etməz, ucuz populizmə yol verməz, özünü hüquqdan üstün saymaz. Yaxşı, tutaq ki, sən dostun Vardanyana görə Bakıya gəlməkdən imtina edibsən. Edibsən, edibsən də. O haqda X-də yazmaqla nə demək istəyirsən? Bununla sən əslində Vardanyanın "dostu" olduğunu yox, vardanyançılığını, muzdla ona çalışanlardan çox da fərqlənmədiyini ortaya qoyursan.
Elm adamı sayılan bu şəxs X-dəki postu ilə Azərbaycana təzyiq edəcəyini düşünürsə, elə özünün irəli sürdüyün nəzəriyyələrə görə böyük səhvə yol verir. İzah edim niyə.
Baxın, kimsə, o sıradan da Nassim Nicholas Talebin Ermənistana dəstək üçün muzdlular göndərən vətəni Livan, indi yaşadığı ABŞ, Minsk qrupuna digər həmsədrlik edənlər İkinci Qarabağ savaşının baş verəcəyini, cəmi 44 günə Azərbaycanın zəfər çalacağını və bunun bütün Qafqazın, o sıradan da Mərkəzi Asiyanın gələcəyinə mühüm təsir göstərən yeni geosiyasi reallıq yaradacağını proqnozlaşdırırdımı? Beynəlxalq konyunktura buna yol verirdimi? Əlbəttə, yox. Burada Talebin o "Qara qu" sundan söhbət gedir, ya getmir?
İndi də gəlin dövlətimizin onun başqa bir nəzəriyyəsini - "Antifragile"-ni nə cür darmadağın etdiyinə baxaq. Talebin "Antikövrək: Nizamsızlıqdan fayda görənlər" (Antifragile: Things That Gain from Disorder) əsərində bəhs etdiyi o üçüncü kateqoriyaya aid antikövrək dövlət, yəni təzyiqlərdən və xaosdan əksinə güclənərək çıxan da yenə Azərbaycandır, ya deyil? Azərbaycan sözügedən nəzəriyyəni ona görə darmadağın etdi ki, Taleb orada ancaq İsveçrə sayaq, yəni kantonlardan ibarət dövlətin belə bir özəlliyinin olduğunu vurğulayır. Azərbaycan isə göstərdi ki, xeyr, unitar dövlətlər də bunu edə bilirlər və burada şəxs, lider faktoru çox mühüm rol oynayır.
İndi Taleb kimilər əgər düşünürlərsə ki, X-dəki postları ilə Azərbaycana təzyiq edəcək və öz istəklərini reallaşdıracaqlar, bir daha bildirirəm, tam yanılırlar. Ona görə də bu yunan əsilli livanlı yaxşı olar ki, elə əvvəlki işinə, yəni maliyyə treyderliyinə dönsün. Yeri gəlmişkən, Ruben Vardanyan "Troika Dialog"un xətti ilə milyardlar "yuyanda" @nntaleb Nyu-York birjalarında maliyyə treyderi və risk analitiki olaraq çalışırdı və onların "dostluq" adlandırılan işbirlikləri o vaxtdan başlamışdı. Mümkündür ki, Vardanyanın Uol-Stritə çıxışında və, elə həm də çirkli pulların yuyulmasında bu yunan əsilli livanlının az rolu olmayıb. Ona görə də indi elm adamı olduğunu unudaraq, ortadakı faktlara - Vardanyanın separatçılığın və terrorizmin maliyyələşdirilməsindəki rolu, digər bəd əməllərinin məhkəmə istintaqı zamanı tam sübuta yetirilməsinə göz yumaraq onun həbsdən buraxılmasını istəyir. İstəsin, o, nə birinci, nə də sonuncu vardanyançıdır. Və bizim Talebə yanaşmamız da digər vardanyançılara necədirsə, elədir. Azərbaycanda kimsə onu nə gözləyir, nə də artıq görmək istəyir. Pardon, yəqin Vardanyanı çıxmaqla".