Kassisin Bakı səfərinin pərdəarxası: İqtisadi maraqlar, yoxsa siyasi gediş? – ÖZƏL

"ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər üzrə federal naziri İnyatsio Kassisin Azərbaycana ilk səfəri təsadüfi xarakter daşımır. Bu səfərin arxasında, təbii ki, müəyyən siyasi motivlər dayanır. Həmin motivlərdən biri Azərbaycanın artıq uzun müddətdir dünya siyasətində daha aktiv rol oynamağa başlamasıdır. Bu fəallığın nəticələrindən biri də ölkənin iqtisadi baxımdan güclənməsidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqazda Orta Dəhlizin əsas iştirakçılarından biri kimi çıxış edir, Asiya ilə Avropa arasında mühüm bağlantı rolunu oynayır. Bu isə iqtisadi baxımdan Avropa üçün böyük maraq kəsb edir. Məhz buna görə də səfər çərçivəsində həm siyasi, həm də xüsusilə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Hazırkı mərhələdə iqtisadi maraqlar həm Avropa, həm də ATƏT üçün daha böyük əhəmiyyət daşıyır. Buna görə də tərəflər əməkdaşlıq imkanlarını və qarşılıqlı maraqların genişləndirilməsi yollarını diqqət mərkəzində saxlayacaqlar. Azərbaycan energetika, logistika və müxtəlif infrastruktur layihələri baxımından həm Avropa, həm də ATƏT üçün maraqlı tərəfdaşdır. Bu səbəbdən investisiyaların artırılması, iqtisadi əlaqələrin və qarşılıqlı mübadilələrin genişləndirilməsi istiqamətində daha böyük addımların atılması niyyəti mövcuddur. Bu gün Azərbaycan Avropa İttifaqına enerji ixrac edən əsas ölkələrdən biridir. Digər oyunçuların bu sahədə rolu azaldıqca Azərbaycanın əhəmiyyəti daha da artır. Eyni zamanda Avropa mallarının Asiya bazarlarına, Asiya mallarının isə Avropa bazarlarına daşınmasında Azərbaycan mühüm tranzit rol oynayır və bu sahənin aparıcı iştirakçılarından biridir.

"Avropa ölkələri və ATƏT ümumilikdə Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdırlar. Onlar Ermənistanla münasibətlərin normallaşmasını da dəstəkləyir və bu istiqamətdə müəyyən addımların atılmasını vacib hesab edirlər. Bununla belə, hazırkı mərhələdə iqtisadi maraqlar siyasi maraqları müəyyən mənada üstələyir. Məhz buna görə də Kassisin səfəri ilk növbədə mövcud münasibətlərin inkişaf etdirilməsi məqsədi daşıyır. Azərbaycan regionda və daha geniş coğrafiyada mühüm rol oynadığı üçün bu görüş və səfər hər iki tərəf üçün əhəmiyyətli nəticələr verə biləcək vacib hadisəyə çevrilə bilər", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31