Ermənistanda "Azərbaycan kartı": Müxalifət Paşinyanı zəiflətmək üçün hansı üsula əl atır? – ÖZƏL
15:54 SiyasətErmənistan müxalifətinin nümayəndəsi Edmon Marukyan Baş nazir Nikol Paşinyanın siyasi gələcəyinin sual altında olduğunu iddia edib. O, "Sabah Paşinyan artıq baş nazir olmaya bilər" deyərək, hakimiyyətdən getdikdən sonra Paşinyanın Azərbaycana gedəcəyini və Bakıda alqışlanacağını irəli sürüb.
"Bu açıqlama ilk növbədə Ermənistanın içərisində gedən siyasi savaşın sərtləşdiyini göstərən ritorik örnəkdir. Edmon Marukyanın "Paşinyan sabah artıq Baş nazir olmaya bilər" və "Bakıda alqışlanacaq" kimi ifadələri hüquqi və ya diplomatik proqnozdan daha çox, daxili auditoriyaya hesablanmış siyasi ismarıc xarakteri daşıyır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, hazırkı siyasi mərhələdə Paşinyan yeni parlament formalaşdığı üçün hökumətin Konstitusiyaya uyğun istefa prosedurunu elan edib və daha sonra parlament çoxluğu tərəfindən yenidən Baş nazir təyin olunması nəzərdə tutulur. Edmon Marukyanın bu açıqlamaları Ermənistanın iç siyasi durumu və iqtidar-müxalifət münasibətləri baxımından bir sıra göstəricilərə malikdir. Bu Ermənistan müxalifətinin Paşinyanı həm siyasi rəqib kimi, həm də milli çıxarlardan uzaqlaşmaqda ittiham olunan lider obrazında təqdim etməyə çalışdığını göstərir. Hələ-hələ "Bakıda alqışlanacaq" ifadəsi Ermənistan cəmiyyətində Azərbaycana münasibətin həssaslığından istifadə edən siyasi ritorikadır. Məqsəd Paşinyanı içəri auditoriya qarşısında legitimlik baxımından zəiflətmək, onu "güzəştlərə gedən siyasətçi" kimi təqdim etməkdir. Eyni zamanda, bu cür çıxışlar onu göstərir ki, Ermənistan siyasətində Azərbaycan mövzusu hələ də iç siyasi mübarizənin əsas alətlərindən biri olaraq qalır. Hakimiyyətlə müxalifət arasında rəqabət sosial-iqtisadi və ya idarəetmə məsələləri üzərində olmaqla birgə, həm də, belə deyək, Qarabağdan sonrakı siyasi kursun qiymətləndirilməsi üzərində gedir.
Bu cür açıqlamalar Paşinyanın siyasi mövqeyinə və Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edə bilər?
Bəli, qısamüddətli perspektivdə belə açıqlamalar Paşinyan üzərində iç siyasi təzyiqi artırmağa hesablanıb. Müxalifət onun apardığı normallaşma siyasətini zəiflik kimi təqdim etməyə çalışır və bununla seçici bazasını genişləndirməyə cəhd edir. Lakin Azərbaycan-Ermənistan münasibətləri baxımından bu tip açıqlamaların birbaşa praktik təsiri məhduddur. İkitərəfli münasibətlərin gələcəyini ayrı-ayrı siyasətçilərin emosional açıqlamalarından daha çox dövlətlərin rəsmi mövqeyi, barış anlaşması üzrə danışıqların gedişi və bölgəsəl geosiyasi amillər bəlli edir. Ümumilikdə, bu cür ritorika Ermənistan içində siyasi qütbləşmənin davam etdiyini göstərir. Bununla yanaşı, bölgədə davamlı barışın əldə olunması üçün iç siyasi polemikadan daha çox, dövlətlərarası dialoqun, qarşılıqlı öhdəliklərin həlledici rol oynayacağı daha gerçək qiymətləndirmədir.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova