Qızların təhsili və rayonun inkişafı: Yardımlı təcrübəsi- ÖZƏL

"Bir oğlanı oxutmaq bir insanı, bir qızı oxutmaq isə bütöv bir ailəni, cəmiyyəti savadlandırmaq deməkdir." Bu fikir təsadüfən yaranmayıb. Tarix də, həyat da sübut edib ki, qızların təhsili təkcə onların şəxsi uğuru deyil, bütöv cəmiyyətin inkişafının əsas şərtlərindən biridir.
Yardımlı rayonu zəhmətkeş, ləyaqətli və vətənpərvər insanların yetişdiyi bir bölgədir. Bu torpaq ölkəmizə alimlər, müəllimlər, həkimlər, jurnalistlər, dövlət xadimləri bəxş edib. Bu gün də rayonun hər kəndində böyük istedada malik gənclər böyüyür... Lakin istedadın üzə çıxması üçün təkcə bacarıq kifayət etmir. Ona şərait, dəstək və ən əsası təhsil lazımdır.
Son illərdə əlbəttə, sevindirici dəyişikliklər baş verir; Yardımlıdan Bakıya və digər şəhərlərə köçən ailələrin böyük əksəriyyəti övladlarının təhsil almasına xüsusi önəm verir. Artıq valideynlər fərqindədirlər ki, övladın təhsili onun gələcək həyatının ən etibarlı təminatıdır. Ancaq rayonun bəzi kəndlərində vəziyyət hələ də tam ürəkaçan deyil. Əhalinin azalması nəticəsində bəzi kənd məktəblərində şagird sayı minimum həddə düşüb, bəziləri bağlanıb, digərləri isə bağlanmaq təhlükəsi ilə üz-üzədir. Bu isə şagirdlərin qonşu kəndlərdə və ya rayon mərkəzində təhsil almasını zəruri edir. Kağız üzərində bu, sadə görünə bilər. Lakin kənd reallığında məsələ fərqlidir.
Uzun məsafələr, təhlükəsiz məktəb nəqliyyatının olmaması, qış aylarında çətin yol şəraiti və illərdən bəri formalaşmış bəzi stereotiplər xüsusilə qızların təhsilini davam etdirməsinə mane olur. Təəssüf ki, bəzi ailələr bu çətinlikləri aradan qaldırmaq əvəzinə, qızlarının təhsildən uzaq qalmasına razı olurlar.
Bu gün də Yardımlının müxtəlif kəndlərindən olan qızlarla söhbətlərim zamanı eyni arzuların və eyni çətinliklərin şahidi oluram. Onlar oxumaq, ali təhsil almaq, müxtəlif peşələrə yiyələnmək istəyirlər. Bəziləri isə sahib olduqları bacarıqları inkişaf etdirə biləcəkləri peşə və ya incəsənət təmayüllü təhsil müəssisələrində oxumağı arzulayırlar. Lakin bəzən ailə dəstəyinin yetərli olmaması, bəzən maddi çətinliklər, bəzən məktəbə gedib-gəlmək problemi, bəzən də yaşadıqları bölgədə maraq və bacarıqlarına uyğun peşə təhsili imkanlarının məhdudluğu onların arzularının qarşısında maneəyə çevrilir.
Halbuki təhsil heç vaxt xərc deyil. Təhsil gələcəyə qoyulan ən böyük sərmayədir.
*
Qızlara təhsil almaq niyə vacibdir?
Təhsil alan qız:
- iqtisadi cəhətdən müstəqil olur;
- öz hüquqlarını bilir və müdafiə edə bilir;
- sağlam və savadlı ailə qurur;
- övladlarının daha keyfiyyətli təhsil almasına şərait yaradır;
- cəmiyyətin inkişafında fəal iştirak edir;
- rayonun sosial və iqtisadi inkişafına töhfə verir;
- öz istedadını və potensialını reallaşdırır;
- gələcəyini başqalarının deyil, öz seçimləri ilə qurur.
Bu gün dünyanın inkişaf etmiş ölkələrinin hamısında qızların təhsilinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki bir qızın təhsili əslində gələcək nəslin təhsilidir.
*
Bu gün təəssüf doğuran məqamlardan biri də budur ki, rayonlar üzrə qız və oğlan məzunların, ali və peşə təhsilinə qəbul göstəricilərinin üzrə açıq statistikası müntəzəm şəkildə ictimaiyyətə təqdim edilmir.
Məsələn, Yardımlı üçün hər il qızların neçə faizinin təhsilini davam etdirdiyini göstərən ətraflı statistikanın əlçatan olmaması ciddi boşluq yaradır. Halbuki hər məktəb hər tədris ilinin sonunda ictimai hesabat dərc etməlidir. Həmin hesabatda aşağıdakı məlumatlar mütləq yer almalıdır:
- məzunların ümumi sayı;
- qız və oğlan məzunların sayı;
- ali məktəbə qəbul olanlar;
- peşə təhsilinə qəbul olanlar;
- təhsilini davam etdirməyən məzunlar;
- yüksək nəticə göstərən şagirdlər.
(yazını hazırlayarkən Yardımlı rayonu üçün belə bir statistika əldə edə bilmədim.)
Belə şəffaf statistika həm valideynlər, həm müəllimlər, həm də dövlət qurumları üçün mühüm qərarların verilməsinə kömək edər. Hansı kənddə problem var, hansı məktəbdə qızların təhsildən yayınması müşahidə olunur - bunları yalnız dəqiq məlumat əsasında müəyyən etmək mümkündür.
*
Problemin necə həll etmək olar?
Bu məsələnin həlli üçün böyük vəsaitdən daha çox düzgün planlaşdırma, koordinasiya və davamlı yanaşma tələb olunur. Məktəb servislərinin təşkili, ucqar kəndlərdə təhlükəsiz nəqliyyatın təmin edilməsi, valideynlərlə mütəmadi maarifləndirici görüşlərin keçirilməsi, uğur qazanmış yardımlılı qadınların məktəblərdə şagirdlərlə görüşlərinin təşkili, eləcə də aztəminatlı ailələrin qızlarına təhsil dəstəyinin artırılması bu istiqamətdə atıla biləcək mühüm addımlardır.
Bununla yanaşı, ali məktəblərdə təhsil alan yardımlılı tələbələrin doğma məktəblərində motivasiya görüşləri keçirməsi, yüksək nəticə göstərən qız şagirdlər üçün yerli təqaüd və mükafat proqramlarının təsis edilməsi, universitetlərə qəbul olan məzunların uğur hekayələrinin ictimaiyyətə təqdim edilməsi, məktəblərdə peşəyönümü və karyera planlaşdırılması ilə bağlı seminarların təşkili də qızların təhsilə marağını artıracaq mühüm təşəbbüslərdir.
Qızların təhsilə davamlılığını izləmək üçün məktəblər hər tədris ilinin sonunda məzunların ali və peşə təhsilinə qəbul göstəricilərini, xüsusilə qız və oğlanlar üzrə statistik məlumatları ictimaiyyətə açıqlamalıdır. Belə şəffaf hesabatlılıq problemlərin vaxtında müəyyən edilməsinə, düzgün qərarların qəbuluna və görülən işlərin nəticələrinin qiymətləndirilməsinə imkan verər.
Bu istiqamətdə yalnız dövlət qurumlarının deyil, yerli icra hakimiyyətinin, bələdiyyələrin, sahibkarların, qeyri-hökumət təşkilatlarının, rayonun uğurlu məzunlarının və ümumilikdə cəmiyyətin fəal iştirakı vacibdir. Çünki qızların təhsili təkcə ailənin və ya məktəbin deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir.
İnkişaf etmiş cəmiyyətlər təsadüf nəticəsində formalaşmayıb. Onlar insan kapitalına, xüsusilə də qızların təhsilinə uzunmüddətli sərmayə qoyaraq bugünkü səviyyəyə yüksəliblər. Yardımlının da sabahı ilk növbədə öz insanına verdiyi dəyərlə müəyyən olunacaq.
Hər bir qızın keyfiyyətli təhsil alması yalnız onun şəxsi uğuru deyil, həm də rayonun sosial, iqtisadi və mədəni inkişafının möhkəm təməlidir. Təhsildən kənarda qalan hər bir qız isə cəmiyyət üçün itirilmiş bir istedad, reallaşmamış bir potensial və baş tutmamış bir uğur hekayəsidir.
Məhz buna görə də qızların təhsilinə qoyulan hər sərmayə rayonun gələcəyinə qoyulan sərmayədir. Bu gün bu istiqamətdə atacağımız addımlar həm də sabah necə bir Yardımlı görəcəyimizi müəyyən edəcək.
Dr. Şəhla Aslan,
Türkiyənin Qazi Universitetinin tədqiqatçı alimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31