"“Qisas” əməliyyatı Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirdi"- ÖZƏL
15:26 SiyasətBu gün Azərbaycan Ordusunun Qarabağda qanunsuz erməni silahlı dəstələrinə qarşı həyata keçirdiyi "Qisas" antiterror əməliyyatından dörd il ötür. Əməliyyat 2022-ci il avqustun 3-də Azərbaycan hərbçisinin şəhid edilməsinə cavab olaraq keçirilib və nəticədə bir sıra strateji yüksəkliklər nəzarətə götürülüb.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Uzun illik işğaldan sonra Qarabağ və ətraf rayonların azad edilməsi və bu torpaqların təhlükəsizliyinin təmin olunması bir neçə mərhələdə tam nailiyyətlər və qələbələrlə başa çatdı. O cümlədən 2022-ci ilin avqustunda keçirilən "Qisas" əməliyyatı 2023-cü ilin sentyabrındakı lokal antiterror tədbirlərinə zəmin yaratdı, strateji yüksəklikləri nəzarətə götürməklə düşmənin hərbi imkanlarını zəiflətdi. Əsas əhəmiyyəti isə suverenliyi qorumaq, strateji yüksəklikləri azad edib nəzarətə götürmək və qanunsuz silahlı dəstələri, onlardan gələn təhdidləri neytrallaşdırmaq idi. Sarıbaba və Qırxqız kimi hakim yüksəkliklərin nəzarətə götürülməsi sonrakı əməliyyatlar üçün əlverişli mövqelər qazandırdı. Qanunsuz silahlı dəstələrin hərbi hissələri, artilleriya qurğuları və döyüş sursatları məhv edildi. Ordunun çevik reaksiya vermək və təhdidləri dəf etmək qabiliyyəti 2023-cü ildəki qələbənin əsasını qoydu. Qələbə əhval-ruhiyyəsi yüksəldi. "Qisas" əməliyyatının əsas əhəmiyyəti təhlükəsizliyin təmin edilməsi idi. Belə ki, 10 noyabr 2020-ci il bəyanatına zidd olaraq bölgədə yeni mövqelər qurmağa cəhd edən qanunsuz dəstələrin qarşısı alınaraq onlara sarsıdıcı zərbə vuruldu. Bütün bunlarla yanaşı, Azərbaycanın öz suveren ərazilərində təhlükəsizlikdən geri çəkilməyəcəyi və təxribatlara qəti cavab verəcəyi nümayiş etdirildi. Bu əməliyyat bölgədə Azərbaycanın hərbi-siyasi üstünlüyünü bir daha əyani şəkildə nümayiş etdirməklə kənar qüvvələrin separatçılara dəstəyini də neytrallaşdırdı. Bu əməliyyat bir növ 2023-cü ildə keçirilən lokal antiterror tədbirlərinə zəmin hazırlamış oldu".
Zeynəb Mustafazadə