Vaşinqton-Braziliya xəttində gərginlik: Diplomatik böhran hansı nəticələrə yol aça bilər?- ÖZƏL

ABŞ Braziliyanın Vaşinqtondakı səfiri Maria Luiza Ribeiro Viottinin vizasını ləğv edib. Vaşinqton qərarı Braziliyanın ABŞ-ın yeni səfir namizədini təsdiqləməməsi və amerikalı diplomatlara viza verməməsi ilə əsaslandırıb. Braziliya isə bunu "düşmənçilik addımı" adlandıraraq ABŞ-ı ölkənin daxili siyasətinə və qarşıdan gələn prezident seçkilərinə müdaxilə etməyə çalışmaqda ittiham edib.

ABŞ-ın Braziliya səfirinin vizasını ləğv etməsi iki ölkə arasında diplomatik münasibətlərə və regional əməkdaşlığa necə təsir göstərə bilər? Braziliyanın ABŞ-ı prezident seçkilərinə müdaxilə etməkdə ittiham etməsi gələcəkdə Vaşinqton-Braziliya münasibətlərində hansı siyasi nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:

" ABŞ-ın Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv etməsi iki ölkə arasında yaranan diplomatik gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Diplomatik praktikada bu cür addımlar adətən texniki qərardan daha çox siyasi mesaj xarakteri daşıyır. Əgər tərəflər qarşılıqlı məhdudiyyətlər siyasətini davam etdirsələr, bu, təkcə diplomatik əlaqələrin intensivliyini azaltmayacaq, həm də iqtisadi, təhlükəsizlik və regional əməkdaşlıq gündəliyinə mənfi təsir göstərə bilər.

ABŞ və Braziliya Qərb yarımkürəsinin ən mühüm tərəfdaşları sırasındadır. Ticarət, investisiyalar, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi ilə mübarizə və transmilli cinayətkarlığa qarşı əməkdaşlıq iki ölkənin ortaq maraq sahələridir. Diplomatik böhran bu istiqamətlərdə qərarların qəbulunu ləngidə, siyasi dialoqu zəiflədə və qarşılıqlı etimadı azalda bilər. Xüsusilə Latın Amerikasında geosiyasi rəqabətin artdığı bir dövrdə Vaşinqtonun regionun ən böyük iqtisadiyyatı ilə münasibətlərində uzunmüddətli gərginlik ABŞ-ın regional təsir imkanlarına da müəyyən mənfi təsir göstərə bilər.
Braziliyanın ABŞ-ı qarşıdan gələn prezident seçkilərinə müdaxilə etməkdə ittiham etməsi isə vəziyyətə əlavə siyasi çalar verir. Seçki prosesinə xarici müdaxilə iddiaları istənilən ölkədə ictimai rəydə həssas qəbul olunur və daxili siyasi diskussiyaların əsas mövzularından birinə çevrilir. Bu səbəbdən rəsmi Brasilianın belə bəyanatları ikitərəfli münasibətləri yalnız diplomatik müstəvidə deyil, həm də siyasi və ictimai müstəvidə mürəkkəbləşdirə bilər.
Bununla yanaşı, Vaşinqton və Braziliya arasında strateji əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Ona görə də mövcud böhranın uzunmüddətli qarşıdurmaya çevrilməsi hər iki tərəfin maraqlarına uyğun deyil. Tarixi təcrübə göstərir ki, ABŞ və Braziliya arasında zaman-zaman fikir ayrılıqları yaransa da, tərəflər adətən diplomatik kanallar vasitəsilə dialoqu bərpa etməyə üstünlük verirlər.
Lakin prosesin gələcək istiqaməti tərəflərin siyasi iradəsindən, seçki dövrünün necə keçəcəyindən və diplomatik dialoqun hansı səviyyədə bərpa olunacağından asılı olacaq. Əgər böhran idarəolunan çərçivədə saxlanılarsa, əməkdaşlıq mexanizmlərinin tam iflic olması ehtimalı yüksək görünmür. Əks halda isə Vaşinqton-Braziliya münasibətlərində yeni etimad böhranı formalaşa bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31