Rusiyanın etirazı İrəvanın kursunu dəyişəcək?- Politoloqdan açıqlama- ÖZƏL
15:26 SiyasətErmənistanın NATO ilə keçirdiyi birgə hərbi təlimlər Rusiyanın etirazına səbəb olub. Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, NATO bu təlimlər vasitəsilə Ermənistanı təşkilatdakı müttəfiqlərindən uzaqlaşdırmağa çalışır və bu kurs ölkənin uzunmüddətli təhlükəsizlik maraqlarına uyğun deyil.
Ermənistanın NATO ilə hərbi əməkdaşlığının genişlənməsi Cənubi Qafqazda təhlükəsizlik balansına necə təsir göstərə bilər? Rusiyanın bu cür sərt açıqlamaları Ermənistanın xarici siyasət kursuna real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsi regionda da müəyyən qədər duruma təsir göstərə bilər. Belə ki, Ermənistanın NATO ilə hərbi əməkdaşlığı Cənubi Qafqazda qüvvələr balansını dəyişə, Rusiyanın təsirini azalda və Qərblə inteqrasiyanı gücləndirə bilər. Lakin Rusiyanın sərt mövqeyi və iqtisadi asılılıq İrəvanın siyasətinə ciddi təzyiq göstərir. Ermənistan iqtisadiyyatı Rusiyaya bağlıdır. Ermənistanın Avroatlantik strukturla yaxınlaşması regionda Rusiya monopoliyasını zəiflədir. Lakin bununla yanaşı təhdidləri də artırır. İrəvan təhlükəsizliyini şaxələndirmək və tək bir mərkəzdən asılılığı azaltmaq istəyir. Bu da Rusiyada birmənalı qəbul olunmur. Moskva və KTMT bu addımları öz maraqlarına birbaşa təhdid kimi qiymətləndirir. Seçkidən əvvəl Moskva öz təsirində olan dairələri hərəkətə keçirməklə Ermənistanda hakimiyyəti ələ almaq yaxud təsirinə salmağa ciddi cəhdlər etdi. Lakin proseslər istədiyi kimi nəticələnmədi. Lakin yenə də Rusiya ticarət, enerji və sərhəd təhlükəsizliyi vasitəsilə Ermənistana ciddi təsir rıçaqlarına malikdir. Ermənistan rəhbərliyi isə KTMT-dəki iştirakını donduraraq Qərb kursuna sadiq qaldığını qabarıq şəkildə nümayiş etdirir. Açıqlamalar qısamüddətli gərginlik yaratsa da, İrəvanın mövcud strateji kursunu dərhal dəyişməyə gücü çatmır. Ümumiyyətlə Ermənistanın NATO ilə əməkdaşlığının güclənməsi birmənalı olaraq bölgədə Rusiya təsirini zəiflətməyi nəzərdə tutur".
Zeynəb Mustafazadə