Azad Məsiyev: “Türk Dövlətləri Təşkilatı dünyada yeni güc mərkəzinə çevrilir” – ÖZƏL
17:28 Siyasət"Dünya siyasətində münasibətlər beynəlxalq hüquqla deyil, daha çox güc amili ilə tənzimlənir. Qlobal dünyada münasibətlər getdikcə gərginləşir və qarşılıqlı maraqlar əsasən güc üzərində formalaşır. Artıq "güclü olan haqlıdır" prinsipi ilə hərəkət edildiyini müşahidə edirik. Venesuela, Ukrayna və İran ətrafında baş verən hadisələr də göstərir ki, kim güclüdürsə, o da öz iradəsini diktə etməyə və istəklərini həyata keçirməyə çalışır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu baxımdan, eyni kökə malik olan türk xalqları həm özlərini müdafiə etmək, həm də dünyada gedən proseslərdə söz sahibi olmaq üçün mütləq şəkildə vahid təşkilat çərçivəsində daha sıx birləşməlidirlər. Türk Dövlətləri Təşkilatı getdikcə "bir millət, bir ittifaq" anlayışına yaxınlaşır və gələcəkdə formalaşa biləcək Turan İttifaqı dünyada yeni bir güc mərkəzi kimi siyasi proseslərə təsir etmək imkanına malik ola bilər. Türk Dövlətləri Təşkilatına daxil olan xalqlar həm özlərini müdafiə etmək, həm də beynəlxalq proseslərdə söz sahibi olmaq, eləcə də ədalətin bərqərar edilməsinə töhfə vermək üçün güclü bir təşkilata çevrilməli və ittifaq şəklində daha da möhkəmlənməlidirlər. Türk Dövlətləri Təşkilatının gələcəkdə daha güclü bir birlik halına gəlməsi üçün bir neçə mərhələdən keçməsi vacibdir. İlk növbədə mənəvi, siyasi və iqtisadi inteqrasiya məsələləri həll olunmalıdır. Bu istiqamətdə iqtisadi münasibətlər artıq genişlənməkdədir. Həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatları inkişaf edir.
Ekspert qeyd edib ki, Azərbaycan bu proseslərdə lokomotiv rolunu oynayır. Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatı çərçivəsində aparıcı qüvvələr hesab olunur. Azərbaycan Orta Asiya respublikaları, yəni təşkilata daxil olan dövlətlərlə ikitərəfli münasibətlərini genişləndirir. Bu dövlətlərdən biri də Qırğızıstandır. Azərbaycan Prezidentinin Qırğızıstana səfəri həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İki dövlət arasında iqtisadi, siyasi, mədəni və digər sahələrdə inteqrasiyanın dərinləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi faktiki olaraq gələcək Turan İttifaqının təməlinin formalaşması deməkdir. Azərbaycan həm Türkmənistan, həm Qazaxıstan, həm Qırğızıstan, həm də digər türk dövlətləri ilə əməkdaşlığını genişləndirir. Bu əməkdaşlığın inkişafı həm ayrı-ayrı dövlətlərin, həm də bütövlükdə Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə xidmət edir. Qırğızıstan-Azərbaycan münasibətləri də getdikcə xüsusi əhəmiyyət kəsb edir. Prezidentin səfəri çərçivəsində müxtəlif sahələr üzrə sənədlərin imzalanması bu prosesin geri dönüşünün olmadığını göstərən mühüm mesajdır. Ümumiyyətlə, dünyada gedən proseslərdə söz sahibi olmaq üçün həm iqtisadi, həm də siyasi baxımdan güclü olmaq vacibdir. Gələcəkdə özünü müdafiə etmək məqsədilə hərbi inteqrasiyanın da mövcudluğu mühüm amillərdən biri olacaq. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantılarında Azərbaycan Prezidentinin hərbi sənaye sahəsində qarşılıqlı investisiyaların qoyulması və hərbi sənayenin inkişafı ilə bağlı səsləndirdiyi fikirlər də dolayısı ilə bu istiqamətə verilən mesaj kimi qiymətləndirilə bilər. Azərbaycan Orta Asiya respublikalarının hər biri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Prezidentin Qırğızıstana səfəri hər iki dövlətin milli və dövlət maraqlarına tam uyğundur. Qarşılıqlı sərmayələrin qoyulması iqtisadi inteqrasiyanın əsasını təşkil edir. Mədəni sahədə əməkdaşlığın genişlənməsi isə mənəvi əlaqələrin möhkəmlənməsinə xidmət edir. İqtisadiyyatla siyasət bir-biri ilə sıx bağlıdır. Bu iki istiqamət qarşılıqlı şəkildə bir-birini tamamlamalı və balanslaşdırmalıdır. İqtisadi münasibətlərin yaxşılaşması siyasi münasibətlərin də möhkəmlənməsi deməkdir. Bu baxımdan dövlətlər arasında əməkdaşlığın inkişafı həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin güclənməsinə gətirib çıxarır.
A. Məsiyevin sözlərinə görə, Türk Dövlətləri Təşkilatı gələcəkdə "bir millət, bir ittifaq" modeli əsasında dünyada gedən proseslərə təsir etmək gücünə malik ola bilər. Bu birlik həm özünü müdafiə etmək, həm də beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermək imkanına sahib ola bilər. Xatırlatmaq yerinə düşər ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan dəfələrlə "Dünya beşdən böyükdür" fikrini səsləndirib. Bu fikir BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün dünya siyasətindəki dominant roluna ünvanlanmış mesaj kimi qiymətləndirilir. Mövcud beynəlxalq proseslər fonunda BMT sisteminin təsir imkanlarının zəiflədiyi ilə bağlı fikirlər də səsləndirilir. Bu baxımdan gələcəkdə Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin beynəlxalq qərar qəbuletmə mexanizmlərində daha geniş təmsil olunması məsələsi də gündəmə gələ bilər. Türk Dövlətləri Təşkilatı çərçivəsində gələcək inteqrasiyanın dərinləşdirilməsi üçün həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafı vacibdir. Azərbaycan Prezidentinin Orta Asiya ölkələrinə, xüsusilə də Qırğızıstana səfəri bu prosesə əlavə təkan verir. Azərbaycan yalnız Qırğızıstanla deyil, Orta Asiya respublikalarının hər biri ilə münasibətlərini genişləndirir ki, bu da gələcəkdə daha güclü çoxtərəfli əməkdaşlığın formalaşmasına zəmin yaratsın.
Səidə Ramazanova