Bakının sürüşmə ərazilərində gərginlik artır
18 Oktyabr 2018 08:33 SosialƏziz Qaralov: "Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib"; Əzim Məsimov: "11 evin üzərinə fokuslanmayaq, problem ümumən Badamdar ərazisinə aiddir"
Bakının bir neçə sürüşmə zonasında aktivlik yaranıb. Xüsusilə də Badamdar yaylasında vəziyyət daha da gərginləşib və Bayıl ərazisində də sürüşmə zonası aktivləşib. Bu barədə "Yeni Müsavat"a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov söyləyib ki, sürüşmə nəticəsində bir ev uçub:
"Oktyabrın 17-də səhər saatlarında Səbayel rayonu, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib. Sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur. Ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib.
Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur. Bu ilin yaz aylarında da həmin ərazidə sürüşmə baş vermişdi. O zaman 23 ev təhlükəli zonada yerləşdiyi üçün siyahıya alınmışdı. İndi uçan mənzil həmin siyahıya daxil edilən evlərdən biridir".
Eyni zamanda oktyabrın 17-də səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşları qoparaq asfalt üzərinə tökülüb. Əziz Qaralov söyləyib ki, bu hadisə sürüşmə ilə bağlı deyil:
"Ərazidə evlərə təhlükə yoxdur. Eləcə də yamacın özündə, orada yerləşən binalarda sürüşməyə aid nişanə yoxdur. Yəni bu, sürüşmə prosesi deyil", - deyə Ə. Qaralov söyləyib.
Badamdarda isə sürüşmə prosesində aktivlik müşahidə olunur. Ə. Qaralov söyləyib ki, havanın yağmurlu keçməsi vəziyyəti bir qədər də çətinləşdirib:
"Yağmur nəticəsində sürüşmədən sonra yamacda asılı qalmış ağır torpaq kütlələri islanıb, ağırlaşıb. Buna görə də yol istiqamətində xırda uçqun tipli yuvarlanmalar baş verir".
Onu da qeyd edək ki, sürüşmə zonasında yerləşən 11 ev təhlükədədir. Həmin evlərdən birinin istinad divarları uçub, digərlərlərində isə çatlar əmələ gəlib.
Ekspert Əzim Məsimov isə "Yeni Müsavat"a söyləyib ki, əslində, sadəcə olaraq, 11 evin üzərinə fokuslanmaq olmaz. Problem bütün Badamdar ərazisinə aiddir. Buna səbəb isə ərazinin kanalizasiya sisteminin olmamasıdır:
"Hazırda 11 ev sürüşmənin baş verdiyi ərazinin tam yaxınlığında olduğu üçün hər kəs bundan danışır. Hacıbala Abutalıbov və digərləri də məhz bu 11 evin üzərinə fokuslanıblar. Bəs nə üçün deyilmir ki, digər evlər də təhlükədədir? Problem odur ki, Badamdar boyda ərazinin kanalizasiya sistemi yoxdur. Badamdar hələ 1990-cı ildə qəsəbə statusu alıb. Rəsmi məlumatlara görə orada 21,6 min nəfər əhali yaşayır. Əslində isə əhalinin sayı daha da çoxdur. Çünki bu ərazi son illər Bakı şəhərinin böyük yaşayış massivinə çevrilib. Bəs necə olur ki, yaşayış massivinə kanalizasiya xətti çəkilməyib? Əsas müzakirə mövzusu hazırda bu olmalıdır. Əvvəllər Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsində şöbə fəaliyyət göstərirdi. Həmin şöbənin əməkdaşları Bakı şəhərində aparılan tikinti işlərinə nəzarət edirdi. Onlar xəritə əllərində Abşeronu gəzib baxırdılar ki, harada hansı işlər görülür. Bütün qeydlər Bakı Şəhər İcra Hakimiyyətinə aparılırdı. Orada müzakirə olunub, qərar verilirdi. Kim qanunsuz ev tikirdisə, tikinti dayandırılır, icazə verənə isə cəza tətbiq olunurdu. Badamdar ərazisi də 20 ildir ki, tikilir. Bunu da bütün səlahiyyətli məmurlar görür. Bayıl yamacında, teleqüllə ətrafındakı sürüşmənin də səbəbi Badamdar yaylasından gələn kanalizasiya suyudur. Yapon alimini gətirirlər ki, biz kanalizasiya tikməmişik, gəlin fikir söyləyin. Bu, millətə təhqirdir. Başa düşmürlərsə, Azərbaycanda kifayət qədər mütəxəssis var. Onları dəvət etsinlər, izah edək. Bundan əlavə, başa düşmürəm ki, quyunu nə üçün qazırlar. Quyunu suyun mənşəyini öyrənmək üçün qazmaq lazım gəlir. Burada bəllidir ki, bu, kanalizasiya suyudur".
Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara görə, hazırda Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdardakı Qurd qapısı, Qanlı göl, Lökbatan yamacı, Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrinə doğru olan ərazilər, Masazır gölünün ətrafı - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilərdə sürüşmə baxımından yaşamaq üçün olduqca təhlükəli hesab edilir. Buna baxmayaraq, həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Sürüşmə zonaları hər zaman aktiv olmasa da ümumilikdə əlverişli şərait yarandığı anda problemlər ortaya çıxır.
Belə ki, sürüşmələr daha çox qar yağdıqdan sonra baş verir. Lakin təbii amillərlə yanaşı, su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti, insanların yamacları kəsib evlər tikməsi də sürüşməyə səbəb olan amillərdir. Bayılda son 20-25 ildə sürüşmənin daha da aktivləşdiyi bildirilsə də, yuxarıda qeyd etdiyimiz digər ərazilərdə də durum heç də ürəkaçan deyil. Mütəxəssislər bildirirlər ki, ildən-ilə Azərbaycanda sürüşmə sahələrinin sayı artır. 1980-ci ildə Azərbaycanda 100 yaşayış məntəqəsində sürüşmə qeydə alınırdısa, indi bu göstərici 400-ə yüksəlib.
Oktyabrın 17-də Bakının mərkəzində, Səməd Vurğun küçəsində də 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, qurum əməkdaşları sözügedən ərazidə olublar, ilkin baxış keçirilib: "Müəyyən olunub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Qazıntı işləri aparılarkən yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı. Nəticədə yağış yağarkən sürüşmə qeydə alınıb. Hazırda əraziyə dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparılır. Tikinti aparan şirkət yola dəymiş ziyanı ödəyəcək. Bundan başqa, AAYDA sözügedən ərazidə bərpa işlərinə başlayıb".