Hazırda Azərbaycanda epizootik durum stabildir
14 Avqust 2018 11:52 SosialEyni zamanda region üçün bir sıra xəstəliklər xarakterikdir
İslam dünyası daha bir müqəddəs bayram ərəfəsindədir. Söhbət bütün müsəlman aləminin qeyd etdiyi Qurban bayramından gedir. Artıq bayrama sayılı günlər qalıb desək yanılmarıq. Bir qayda olaraq Qurban bayramı ərəfəsində bir məsələ gündəmə gəlir və müzakirə olunur. Hansı heyvanlardan qurban kəsmək olar? Həm dini, həm də gigiyenik baxımdan qurban necə kəsilməlidir?
Qeyd etdiyimiz kimi Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə həmin gün mərasimlərə dəvət olunurlar. Qurbanın kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır.
Dini nöqteyi nəzərlə yanaşı Qurban kəsilməsi zamanı bəzi gigiyenik normalara da əməl etmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərov da bununla bağlı fikirlərini açıqlayıb. O, bildirib ki, təmsil etdiyinazirlik vətəndaşlara qurbanlıq heyvan seçərkən bir neçə amilə diqqət yetirməyi tövsiyə edir: "Əvvəla, qoyunun sağlam olmasına dəlalət edən bir çox göstəricilər var. Biz qurbanlıq qoyunun dərisinə, ayaqlarına, dırnaqlarına baxırıq ki, heç bir nöqsan olmasın. Əgər qoyun və ya qaramalın ağzından və ya gözlərindən selik axırsa, sallaq, büzüşmüş halda dayanıbsa, belə qoyunların alınmasını məqsədəuyğun hesab etmirik. Bundan əlavə heyvanın qulağında birka, yəni qulağında baytarlıq tədbirlərinin aparıldığını göstərən üçbucaq şəkilli düzgün kəsilmiş nişan olmalıdır. Əgər heyvanın buynuzunda fiziki zədə varsa, bu onun xəstə olmasına heç bir dəlalət etmir. Qurbanlıq heyvan satıcılarından xahiş edirəm ki, ümumiyyətlə damazlıq keyfiyyəti olan yerli və xaricdən gətirilmiş cins heyvanları qurbanlıq heyvan kimi bazara çıxarmasınlar". Nazirlik rəsmisi ölkəmizdə heyvandarlıq məhsullarının istehsalında artım dinamikasının saxlanılması üçün görülən işlərdən də danışıb. Bildirib ki, bu sahədə artım dinamikasının saxlanılması və əhalinin heyvandarlıq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsi məqsədi ilə yeni təsərrüfatların yaradılması, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və digər istiqamətlərdə lazımi tədbirlər həyata keçirilir: "Azərbaycanın əlverişli iqlim və münasib təbii-coğrafi şəraiti burada maldarlığın inkişafına səmərəli təsir göstərib. Minilliklər boyu xalqımız qoyunçuluqla məşğul olub və ondan bol məhsul götürüblər. Hazırda ölkəmizdə 2,672, 990 baş iribuynuzlu, 8,454,308 baş xırdabuynuzlu heyvan var. Biz xaricdən əsasən "Aqrozlizinq" vasitəsilə iri və xırdabuynuzlu heyvanları idxal edirik. Əsas məqsədimiz intensiv üsullarla heyvandarlıqda inkişafa nail olmaq, ət və süd məhsuldarlığını artırmaq, yerli cinslərimizi qorumaqla, bütövlükdə heyvanların cins tərkibini yaxşılaşdırmaqdır". Asəf Ömərov deyib ki, qoyunçuluqda yerli cinslərimiz olan "Qarabağ", "Qaradolaq", "Şirvan", "Qala" və "Balbas" qoyunları xalq seleksiyası vasitəsi ilə yaradılmış qoyunlardır: "Fermer təsərrüfatlarımızda bu qoyunlar qorunub saxlanılır və bəslənilir. Xalq seleksiyasının yaratdığı bu qoyunların say artımı və qorunub saxlanması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daim dəstək verilir. Bu qoyunlar ölkəmizdə heyvandarlığın genefondu sayılır. İribuynuzlu heyvanlardan "Qonur Qafqaz", "Qırmızı Qazax", "Azərbaycan zebusu" və "Azərbaycan camışı" da ənənəvi olaraq həm Nazirliyin tabeliyində olan təsərrüfatlarda, həm də özəl təsərrüfatlarda yetişdirilir. Zebu və camış xəstəliklərə davamlı, yemə, suya və insan qayğısına az tələbkar heyvanlardır. Bu heyvanların süd məhsuldarlığı az olsa da, südün yağlılığı qaramaldan üstündür. Biz bu sahənin də inkişafına xüsusi diqqət yetiririk. Ölkəmizdəki təsərrüfatlar əhalinin ət məhsullarına olan tələbatını nəzərə almaqla ən çox qoyunçuluğa önəm verirlər". İribuynuzlu və xırdabuynuzlu heyvanların xəstəliklərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərə gəlincə nazirlik rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda epizootik durum stabildir: "Doğrudur bizim region üçün bir sıra xəstəliklər xarakterikdir. Məsələn, dabaq, qara yara, brüsselyoz və quduzluq. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu xəstəliklərə qarşı mütəmadi profilaktik tədbirlər aparır. Fermerlərimizə bildirmək istəyirəm ki, nazirlik tərəfindən görülən tədbirlər dövlət vəsaiti hesabına aparılır və bunun üçün fermerlərdən vəsait tələb olunmur. Ölkədə qeyd etdiyim xəstəliklərə qarşı aparılan baytarlıq tədbirləri pulsuzdur".
Füzuli