“Avropaya enerji ixracı Azərbaycana xarici investisiya axınını sürətləndirəcək” – ÖZƏL
16:21 SiyasətPrezident İlham Əliyev bildirib ki, Azərbaycan regionda neft-qaz və elektrik enerjisi ilə ən yaxşı təmin olunan ölkədir. O qeyd edib ki, ölkə qonşu dövlətlərə ixrac imkanlarını genişləndirərək elektrik enerjisi ilə də Avropa bazarına çıxmağı hədəfləyir. Bu məqsədlə Qara dəniz enerji kabeli layihəsinin genişləndirilməsi nəzərdə tutulur.
"Azərbaycan artıq təkcə regionda deyil, dünyada da əsas strateji enerji mərkəzlərindən birinə çevrilib. Ölkəmizin Avropa enerji bazarlarında söz sahibinə çevrilməsi, eyni zamanda elektrik enerjisi ilə bağlı təminat məsələlərində əsas tərəfdaşlardan biri kimi çıxış etməsi Azərbaycana olan marağın daha da artmasına səbəb olacaq".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, Avropa bazarlarında fəaliyyətin genişlənməsi Azərbaycana xarici, xüsusilə də Avropa investisiyalarının yönəlməsi ilə nəticələnəcək. Bu isə iqtisadi baxımdan böyümə deməkdir. Xarici investisiyaların ölkəmizə axını həm ümumi daxili məhsulun artmasına, həm də iqtisadi inkişaf və iqtisadi böyümənin əsas hərəkətverici amillərindən birinə çevrilməsinə töhfə verəcək. Bu baxımdan baş verən proseslər Azərbaycanın əldə etdiyi gəlirlərə və investisiya imkanlarına da ciddi müsbət təsir göstərəcək. Sevindirici haldır ki, son iki il ərzində Azərbaycanın xarici investisiya qoyuluşlarının həcmində artım tendensiyası müşahidə olunur. Artım hələ proqnozlaşdırılan səviyyəyə tam çatmasa da, gözlənilən həddə yaxınlaşmaqdadır. Xüsusilə Asiya və Avropa investorlarının Azərbaycana maraq göstərməsi ölkəmizin iqtisadi inkişafı baxımından mühüm mərhələ hesab oluna bilər. Belə olan halda, təbii ki, Azərbaycan iqtisadiyyatında müsbət meyillərin güclənməsinə və inkişafın sürətlənməsinə şərait yaranacaq.
Səidə Ramazanova