Azərbaycanın enerji siyasətində yeni mərhələ: Hədəf Avropa bazarına elektrik ixracıdır- ÖZƏL
16:31 Siyasət" Prezident İlham Əliyevin Azərbaycanın elektrik enerjisi ilə Avropa bazarına çıxmaq hədəfi ilə bağlı açıqlaması ölkənin enerji siyasətində mühüm strateji dəyişiklikdən xəbər verir. Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə kimi deyil, elektrik və yaşıl enerjinin regional istehsalçısı və ixracatçısı kimi mövqeyini gücləndirməyə çalışır. Azərbaycan artıq özünü etibarlı tərəfdaş kimi tövsiyyə etməyi bacarıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib. Ekspert bildirib ki, bu istiqamətdə Azərbaycanın real iqtisadi bazası formalaşır:
" 2025-ci ildə ölkədə 28,66 milyard kVt·saat elektrik enerjisi istehsal olunub. Eyni zamanda bərpaolunan enerji mənbələrinin ümumi quraşdırılmış gücdə payı artıq 20 faizdən yuxarıdır və 2026-cı ilin martına ölkədə bərpaolunan enerji üzrə 2 070 MVt gücündə stansiyalar fəaliyyət göstərirdi. Burada əsas məsələ yalnız elektrik enerjisinin satılması deyil. Azərbaycanın enerji ixrac strukturunun şaxələndirilməsdir. Neft və qaz bazarındakı qiymət dəyişikliklərindən asılılığı azaltmaq üçün elektrik enerjisi və xüsusilə bərpaolunan enerji gələcəkdə əlavə ixrac kanalı yarada bilər. Qara dəniz sualtı enerji kabeli bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Layihənin Azərbaycan və Gürcüstanda istehsal olunan elektrik enerjisinin Qara dəniz üzərindən Rumıniyaya və Avropa şəbəkəsinə çıxarılmasına imkan verməsi nəzərdə tutulur. Kabel üzrə hazırkı texniki göstəricilər təxminən 1 000-1 500 MVt ötürmə gücü və 1 100 kilometrdən artıq sualtı məsafəni nəzərdə tutur.Bu layihənin genişləndirilməsi Azərbaycanın qarşısında daha böyük imkanlar aça bilər. Çünki ölkənin bərpaolunan enerji potensialı yalnız mövcud güclərlə məhdudlaşmır. Azərbaycanın iqtisadi bərpaolunan enerji potensialı təxminən 27 QVt qiymətləndirilir və bunun əsas hissəsini günəş və külək enerjisi təşkil edir. Bu o deməkdir ki, qarşıdakı illərdə yeni günəş və külək stansiyaları yaradıldıqca Azərbaycanda elektrik enerjisi istehsalının artıqlığı formalaşa və həmin enerji ixrac üçün yönləndirilə bilər. Artıq 2030-cu ilə qədər bərpaolunan enerji layihələrinin gücünün 6 QVt-a çatdırılması, daha sonra isə 8 QVt səviyyəsinə yüksəldilməsi ilə bağlı planlar açıqlanıb.Məncə, bunun iqtisadi əhəmiyyəti üç istiqamətdə qiymətləndirilməlidir. Birincisi, yeni ixrac gəlirləri yaranacaq. Elektrik enerjisi uzunmüddətli müqavilələr əsasında ixrac olunarsa, ölkənin enerji sektoruna daha sabit və şaxələndirilmiş gəlir axını formalaşa bilər. İkincisi, yeni investisiya dalğası yarana bilər. Xarici bazara çıxış imkanının olması günəş və külək stansiyalarına, enerji saxlama sistemlərinə, elektrik şəbəkələrinə və ötürücü infrastruktura investisiyaları daha cəlbedici edir. Üçüncüsü, Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyi güclənəcək. Xüsusilə Xəzər hövzəsində istehsal olunan yaşıl enerjinin Azərbaycan üzərindən Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya çatdırılması ölkənin enerji xəritəsində yeni rol formalaşdıra bilər. Prezidentin rəsmi məlumatında da Xəzərdə istehsal olunacaq yaşıl enerjinin "Xəzər-Qara dəniz-Avropa" dəhlizi vasitəsilə Avropaya ixracı nəzərdə tutulur. Amma bir məsələni də açıq demək lazımdır: kabel tikmək hələ ixrac gəliri əldə etmək demək deyil. Kabel yalnız imkan yaradır. Əsas məsələ həmin imkanın arxasında kifayət qədər generasiya gücünün, rəqabətqabiliyyətli elektrik enerjisinin, uzunmüddətli alıcıların və düzgün tarif mexanizminin olmasıdır. Azərbaycan buna görə paralel olaraq generasiya gücünü artırmalıdır.Burada daha bir mühüm məsələ var. Azərbaycan istehsal etdiyi ucuz və yaşıl elektrik enerjisinin hamısını ixrac etməməlidir. Onun bir hissəsi ölkə daxilində yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafına yönəldilməlidir. Yaşıl enerji hesabına yaşıl hidrogen, data mərkəzləri, enerji tutumlu istehsal, elektrik avadanlıqları və digər yeni sənaye sahələrinin yaradılması daha böyük iqtisadi multiplikator effekti yarada bilər. Düşürəm ki, məqsəd sadəcə elektrik enerjisi satmaq deyil.Məqsədimiz enerjini iqtisadi üstünlüyə çevirməkdir.Mənim fikrimcə, Qara dəniz enerji kabelinin genişləndirilməsi Azərbaycan üçün adi infrastruktur layihəsi deyil. Bu, ölkənin növbəti 10-20 illik enerji iqtisadiyyatının formalaşmasına təsir göstərə biləcək strateji layihədir. Azərbaycan neft və qaz ixracından qazandığı enerji üstünlüyünü indi elektrik enerjisi və yaşıl enerji ixracına da transformasiya edə bilər. Əgər bu proses düzgün qurularsa, Azərbaycanın gələcək enerji gəlirlərinin mənbələri daha da şaxələnəcək. Bu isə Azərbaycanın enerji siyasətində sadəcə yeni layihə deyil, yeni iqtisadi modelin formalaşması deməkdir".
Zeynəb Mustafazadə