Prezidentin Naxçıvan mesajları: strateji mövqe və yeni inkişaf perspektivləri- ÖZƏL

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində ölkənin inkişafında milli kimlik, tarix, mədəniyyət, dil və ədəbiyyatın mühüm rol oynadığını vurğulayıb. Dövlət başçısı Naxçıvanın Azərbaycanın tarixi və siyasi həyatındakı xüsusi mövqeyinə diqqət çəkərək, bölgənin Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət yetişdirdiyini qeyd edib. O bildirib ki, Naxçıvanın strateji coğrafi mövqeyi, burada həyata keçirilən və planlaşdırılan layihələr həm Azərbaycan, həm də daha geniş region üçün böyük əhəmiyyət daşıyır. Prezident xüsusilə yeni nəqliyyat dəhlizlərinin yaradılmasında Naxçıvanın rolunu vurğulayıb.

Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi mesajları necə qiymətləndirirsiniz? Bu səfər Naxçıvanın Azərbaycanın siyasi və iqtisadi strategiyasında xüsusi əhəmiyyət daşıdığını göstərirmi?

Prezidentin Naxçıvanın strateji mövqeyi və yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı fikirləri regionun geosiyasi və iqtisadi əhəmiyyətini hansı istiqamətdə dəyişə bilər?
Mövzu ilə bağlı  "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana göstərdiyi diqqətin, münasibətin göstəricisidir. Bilirik ki, 30 ilə yaxın müddət ərzində blokadada, çətin şəraitdə, çətin vəziyyətdə Naxçıvan sakinləri yaşayıblar. Ona görə Azərbaycan dövlətinin bu əraziyə hər zaman xüsusi diqqəti və qayğısı olub, haqlı olaraq. Çünki həm də ermənilərin Naxçıvanı ələ keçirməkdən ötrü, Qarabağla yanaşı, 100 illik planları var idi. Onlar Naxçıvanı sahiblənmək istəyirdilər. Həmin məsələlər Azərbaycan dövlətinin bura xüsusi diqqətini tələb edən bir məqam olub.
Azərbaycan Prezidenti burada kadr islahatlarının həyata keçirilməsindən tutmuş, iqtisadi-sosial imkanların gücləndirilməsinə qədər hər zaman diqqət göstərir.
İndi, xüsusilə artıq Zəngəzur dəhlizi məsələsindən sonra Naxçıvanın önəmi bir az daha artmış oldu. Dünyanın gündəmində də hazırda biz Zəngəzur dəhlizini izləyirik. Azərbaycan ərazisi ilə Naxçıvanın birləşməsi, dəhliz vasitəsilə və digər istiqamətlərdə addımların atılması məsələləri gündəmdədir.
Naxçıvanda bütün bunları təmin etmək üçün dəmir yolları, digər infrastruktur yenilənir, bu istiqamətdə işlər gedir. Cənab Prezident orada açılışlar həyata keçirir. Enerji, Naxçıvanın özü, Naxçıvan vasitəsilə digər ölkələrə enerji satılması ilə bağlı məsələlər gündəmdədir. Və bu məsələlərlə yanaşı, siyasi islahatlar -Naxçıvan Konstitusiyasının dəyişməsi, Prezidentin səlahiyyətli nümayəndəliyinin statusunun artırılması -əvvəl Naxçıvanı Ali Məclisin sədri idarə edirdisə, indi Prezidentin səlahiyyətli nümayəndəliyinin statusunun artırılması və digər bu istiqamətdə görülən işlər çox ciddi əhəmiyyət daşıyır.
Bu, bir daha qeyd edim ki, Naxçıvanın regionundakı və artıq qlobal miqyasda əhəmiyyətini göstərir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31