Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevriləcək- ÖZƏL

"Tarixən deyiblər ki, coğrafiya taledir, mürəkkəb coğrafiyanı uğur amilinə çevirmək çox çətindir. Gerçəkdən də belədir. Amma yalnız böyük dövlət adamları, mahir strateqlər mürəkkəb coğrafiyanı milləti və dövləti üçün uğur amilinə çevirə bilirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Buna dair tarixdən bəzi nümunələr gətirmək olar. XX əsrin 20-ci illərinin əvvəllərində "Naxçıvan üçbucağı" deyilən qədim diyarımız da belə olub. İndi isə fərqli mənzərə yaranır.
       Bu baxımdan cənab Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri Azərbaycanın bir bölgəsinə getmək olsa da, mahiyyətinə, nəticələrinə, əhəmiyyətinin miqyasına və planlara görə ölkəmizin coğrafi-siyasi sərhədlərini çox aşır. Nə üçün? Bundan ötrü müstəqillik tarixinin ilk illərindəki şəraitə qısa nəzər yetirib müqayisələr aparmaqda fayda vardır. İki məsələyə xüsusi diqqət yetirmək vacibdir. 
     Birincisi, bir vaxtlar blokada şəraitində olan Naxçıvanda  əhali şam işığına möhtac qalardı. Elektrik enerjisi və qaz digər ölkədən alınardı. O da bundan bəzi hallarda siyasi təzyiq vasitəsi kimi istifadə edərdi. İndi isə Naxçıvan nəinki enerji təchizatı sarıdan təmin edilib, artıq ixrac planları hazırlanır. İqdır-Naxçıvan qaz kəmərinin başa çatması ilə tamamilə fərqli mənzərə yaranacaq.  
      İkincisi, blokadada olan Naxçıvanın Azərbaycanın digər yerləri ilə əlaqəsi yalnız hava yoluyla saxlanılırdı. Bu gün isə İran ərazisindən keçməklə yol tikilir, Ermənistan ərazisindən keçməklə yol tikintisinə hazırlıq işləri aparılır. Kars-İqdır-Naxçıvan dəmir yolu xətti çəkilir. Bu yollar gəlib Naxçıvanda dayanmayacaq. Onlar Azərbaycanı İran ərazisindən keçməklə Fars körfəzinə, Hind okeanına, bütövlükdə Asiyaya,  Türkiyə ərazisindən keçməklə Avropaya çıxaracaq. Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya, ticarət qovşaqlarından birinə çevriləcək. 
    Beləliklə, cənab Prezidentin sayəsində"Naxçıvan üçbucağı"  üçbucaqlıqdan çıxaraq dünyanın dörd bucağını - Şərqi, Qərbi, Şimalı və Cənubu birləşdirən mərkəz olacaq. Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artacaq.
      Dəyişdirilməsi çətin olan coğrafiyanı dövləti və milləti üçün uğur formuluna yalnız böyük strateqlər çevirirlər. Bunun nümunəsi gözlərimizin qarşısında yaradılır..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31