Dürr dənələrinə gömülmüş sevgi - Züleyxa NADİR yazır...
18 İyul 2018 16:55 SosialZüleyxa NADİR
-Ana, çox üşüyürəm.
-Anan ölsün, gəl qucağıma.
-Gələ bilmirəm, ana, donuram.
-Anan qurban, mən də sənsiz ölürəm, sənsiz donuram...
***
İki gündü bu xəyali dialoq beynimdə səslənir. İki gündü iki yeniyetmə, iki yaraşıqlı oğlanın şəkilləri gözümün önündən çəkilmir. İki gündü elə bilirəm dünya tərsinə fırlanır. İki gündü elə bilirəm bu sərsəm dünyanın amansızlıqları içində it-bata düşmüş 17 yaşlı Nüsrət və 15 yaşlı Adili mən doğmuşam. Bu faciənin əks-sədasına necə tab gətirirəm, hansı gücü nümayiş etdirirəm? Doğrusu, heyrət içindəyəm. Köhnə yaralarımın qaysağı qopub. İki gündü yaralarımdan axan qanı saxlaya bilmirəm...
Düz iki ay əvvəl bu yeniyetmə gənclər qayıqla Sumqayıt şəhəri Xəzər bağları istiqamətində dənizə çıxıblar və ... qayıtmayıblar. Düz iki ay sonra mətbuat bu faciəyə "işıq" salıb: "Bu il aprelin 18-də səhər saat 12.00 radələrində 2001-ci il təvəllüdlü Nüsrət Nəzərov və dostu, 2003-cü il təvəllüdlü Adil Cəbiyev rezin qayıqla Sumqayıt şəhəri Xəzər bağları istiqamətində dənizə çıxıblar. Ancaq həmin gün onların qayıqla dənizə çıxacaqları barədə valideynləri məlumatsız olub. Yalnız axşam saatlarında 17 yaşlı N. Nəzərov və 15 yaşlı A. Cəbiyevin evə qayıtmamasından narahat olan valideynlər onların axtarışına başlayıb. N. Nəzərovun anası Nazilə Məmmədova polisə müraciət edib. Polisə müraciətində isə uşaqların "Gəmiqaya" adlanan ərazidən rezin qayıqla dənizə çıxdığını ehtimal etdiyini bildirib. Mayın 24-də Xəzərdə Neft Daşları yaxınlığında N. Nəzərov və A. Cəbiyevin cəsədlərinin olduğu rezin qayıq aşkarlanıb".
Bu cümlələrdən sonra hadisənin baş vermə səbəbi, axtarış-xilasetmə işləri, həmin vaxtda hava durumu, ekspertlərin rəyi və valideynlərin xilasedicilərin axtarışlara vaxtında başlamaması haqqında narazılıqları yer alıb (yazını bu linkdən oxuya bilərsiniz http://minval.info/d-nizd-ol-n-yeniyetm-l-rin-axtarisi-v-olum-s-b-bi-arasdirma/4833). Yazılanlara şərh vermək istəmirəm. Bu, əlaqədar qurumların işidi. Kimin nə dərəcədə günahkar olduğu, hadisənin baş verməsində kimin hansı "yükü" daşıdığı yəqin ki, istintaqda üzə çıxacaq. Əminəm ki, yeniyetmələrin qayıdışına mane olan amillər doğru-dürüst araşdırılacaq...
Qayıdış... bu kəlmədə həm sonsuz sevinc, həm də əbədi kədər var. Sevincin içində böyük uğur olur. Bu uğur onun sonrakı taleyinə naxış vurur, həyatını rəngarəng edir. Kədərdə isə yoxluq, heçlik yuva qurur. Həmin yoxluqda məskunlaşanlar öz doğmalarına, yaxınlarına bir ömür kənardan baxıb için - için qovrulmaq "hədiyyəsi bəxş edirlər". Nə pis hədiyyədi, nə qorxunc hədiyyədi. Nüsrətlə Adilin qayıdışı həmin heçliyin dəhşətləri içində ANA qəlbinin parçalanmasına səbəb oldu...
Övlad itgisi valideyn üçün sərhədsiz faciədi. İllah da körpəsini doqquz ay bətnində gəzdirən, hamiləlik dövründə onun ağrı-acısına sevgi ilə təpki verən, övladını dünyaya gətirəndən sonra isə on qat, yüz qat sevgi nümayiş etdirən ANA üçün dözülməz əzabdı. Bu əzabı yuxusuz gecələrin müşaiyəti ilə dilindən düşməyən şirin laylalar altında övladını bağrına basıb ona canını, qanını verən ANA qəlbi götürə bilmir. Bir ömür həmin "yük" altında inləyir. Bir ömür paramparça olmuş ürəyi sızlayır. Bir ömür yarımçıq ömür "yaşayır". İtirdiyi övladının yarı yolda qalmış taleyini suçəkən kimi qəlbinə hopdurur, canına köçürür. ANA taleyi, ANA ömrü suçəkənin canına çəkdiyi sudan hər an şişib əriyəcək funksiyasını yerinə yetirir.
Nüsrətin də, Adilin də anası da bundan sonra həyatın bütün ağrı-acılarına onların yoxluğu ilə təpki verəcək. Amma yox, hələ qarşıda aylar, illər var. Talenin oğulsuzluq dərdinə dözmək var. Bu dözüm altında varından-yoxundan olmaq var. Həmin dözümü olumsuzluqla əvəz etmək var. Və bütün bunların kədərindən-qəmindən yoğrulmuş bir yaşam var ki, ona "sürünmək, çürümək" deyilir. Çünki oğul itkisinin ağrısı həmin ANAları donduracaq, keyləşdirəcək.
Donmuş qəlb çürümüş olsa da ağrı vermir, keyləşmiş bədən sürünsə də incimir. Donmyş ANAnın gözü görür, amma qəlb gözü kor olur, qulağı eşidir, amma könül qapısı açılmır. Keyləşmiş ANAnın yalnız yorulmadan, usanmadan onun daxili dünyasına keşik çəkən "həsrət", "nisgil" adlı duyğusu olur. Bu iki duyğu o qədər etibarlı, o qədər vəfalı, o qədər ayıq-sayıq olur ki, son nəfəsinə qədər ANAnı tərk etmir, onunla bərabər "yaşlaşır, müdrikləşir". Amma Allah kəssin belə müdrikliyi, belə yaşlılığı...
15-17 yaş insan ömrünün çox təlatümlü, fırtınalı, keşməkeşli vaxtıdı. Həmin dövrdə onun qəlbi dayanmadan çırpınır, gözləri dünyaya çox geniş açılır, həyatın gözəllikləri qarşısında heyrət edir. Bəzən mat qalır, bir çox hallarda isə möcüzəyə qarşı gedir. Sirli-sehirli dünyanın cazibəsində nəsə axtarır, nəyinsə yerini dəyişməyə çalışır. 17 yaşlı Nüsrət və 15 yaşlı Adil də yenyetməliyin əsrarəngiz gücünə güvənib yola çıxmışdılar. Amma tale onlara elə oyun oynadı ki, sona qədər gedə bilmədilər.
Bəlkə də qəlblərinin hansısa guşəsində bir sevgi qığılcımı varmış. Bəlkə də həmin qığılcım onları qorxmaz edibmiş. Ki... o cür qorxulu havada açıq dənizə çıxsınlar. Bəlkə də ürəklərinin gizli guşəsində bəslədikləri sevgi hissini gözaltı etdikləri qıza bildiməyə fürsətləri olmayıbmış. Əgər belədirsə, tale onlara nə pis oyun oynayıb. 15-17 yaş arasında yaşanan sevgilər unudulmaz olur, yaddan çıxmır. Bu yaşda könüllərdə bəslənən sevgilər çox saf, çox təmiz olur. O yaşın sevgisi dünyanın pisliklərinə qalib gəlir.
Nə yazıqlar ki, Nüsrətin, Adilin həyat sevgisi dənizin fırtınasını üstələyə bilmədi. Onlar sehirli dünyanın cazibəsində əridilər, itdilər, axtardıqlarını tapmamış yarı yolda qaldılar. İstədiklərini əldə etməmiş sevgiləri dənizin dibindəki dürr dənələrinə gömüldü. Dənizin dibindən dürr çıxarmaq çox çətindi...
***
-Ana, çox üşüyürəm.
-Anan ölsün, gəl qucağıma.
-Gələ bilmirəm, ana, donuram.
-Anan qurban, mən də sənsiz ölürəm, sənsiz donuram...