Ər arvadın telefon yazışmalarını oxuya bilərmi?- ÖZƏL

Qanun nə deyir?

"Azərbaycan qanunvericiliyinə əsasən, ər-arvad olmalarından asılı olmayaraq, heç bir şəxsin başqasının (o cümlədən həyat yoldaşının) xəbəri və ya razılığı olmadan onun şəxsi telefonuna baxmaq, yazışmalarını oxumaq səlahiyyəti yoxdur". Bunu Olaylar-a vəkil-hüquqşünas Rövşən Qasımov deyib:
"Azərbaycan Respublikasının Konstitusiyası və qanunları hər bir şəxsin şəxsi və ailə həyatının sirrini, yazışma, telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatların toxunulmazlığını qoruyur.
Məhkəmə qərarı və ya qanunla səlahiyyətləndirilmiş xüsusi dövlət qurumları (müstəntiq, əməliyyat-axtarış subyektləri) istisna olmaqla, heç kəs digər şəxsin şəxsi telefonuna baxış keçirə bilməz.
Nikah bağlamaq tərəflərə bir-birinin şəxsi əşyalarına, o cümlədən mobil telefonuna icazəsiz nəzarət etmək, məlumatları yoxlamaq və ya gizli izləmək hüququ vermir.
Başqasının (o cümlədən həyat yoldaşının) telefonuna icazəsiz baxmaq, yazışmalarını oxumaq və ya şəxsi məlumatlarını toplamaq Azərbaycan qanunvericiliyinə görə birbaşa cinayət məsuliyyəti yaradır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu əmələ görə konkret olaraq aşağıdakı cəzalar nəzərdə tutulur:1. Yazışma və Telefon Danışıqlarının Sirrini Pozma (Maddə 155)Şəxsin gizlicə telefonundakı WhatsApp, Instagram, SMS və ya digər tətbiqlərdəki yazışmalarını oxumaq bu maddənin obyektidir. Cəzası:1000 manatdan 2000 manatadək miqdarda cərimə.Və ya 1 ilədək müddətə islah işləri.
Şəxsi Həyatın Toxunulmazlığını Pozma (Maddə 156)Telefondan şəxsi foto, video, səs yazısı və ya hər hansı digər özəl məlumatları qanunsuz toplamaq, köçürmək, başqasına göndərmək və ya yaymaq bu maddəyə daxildir. Cəzası:1000 manatdan 2000 manatadək miqdarda cərimə.Və ya 240 saatdan 480 saatadək ictimai işlər.Və ya 1 ilədək müddətə islah işləri.
Hüququ pozulmuş şəxs Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə əsaslanaraq məhkəməyə müraciət edə bilər. Şəxsi həyatının sirrinin pozulmasına görə qarşı tərəfdən maddi və mənəvi zərərin (kompensasiyanın) ödənilməsini tələb etmək hüququna malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31