İtlərin sevgisi və qarğışı...
17 İyul 2018 11:29 SosialElçin Hüseynbəyli
İtlər haqqında çox eşitmişik. Onların sədaqəti və vəfalı olması barədə həm oxumuşuq, həm də kinolarda görmüşük. "Qara qulaq ağ Bimi" hamı tanıyır. Bir zamanlar məşhur kino qəhrəmanıydı. Hətta elə insanlar tanıyıram ki, itləri öləndə depressiyaya düşürlər. Şahidi olduğum bir əhvalat danışım, sonra keçək əsas mətləbə. İnformasiya agentliklərindən birində işləyən zaman əməkdaşlarımızdan biri idarəyə üzü tüklü və hüznlü görkəmdə gəldi. "Nə olub?" deyə hamı, az qala, bir ağızdan soruşdu. O da bikef-bikef dedi ki, "Yaşka ölüb!" Düzü, heç kim "Yaşka"nın kim olduğunu bilmirdi. Ona görə də yenə də bir ağızdan "Allah rəhmət eləsin" dedik. Sonra da maraqlandıq ki, mərhum onun nəyidi. O, daha ciddi və kədərli halda dedi ki, bəs ölən adam yox, onların sevimli itidir...
Başqalarını bilmirəm, amma mən çaş-baş qalmışdım: itə görə bu qədər kədərlənmək olar. Sonralar mən həmin kədərin səbəbini anladım, çünki dostumun qızının balaca, mənim "malolitrajka" adlandırdığım iti vardı. O qədər ağıllı və şirin idi ki, heç kim ondan əl çəkmək istəmirdi. "Yokşair" tipli bu itlərin ağlı təxminən 4-5 yaşlı uşağın ağlı kimidir. Uşaq kimi sevinir, kədərlənir, darıxır və ona olan qayğıya görə minnətdarlıq edir. Və mən düşünürəm ki, ona bir şey olsa, hamımız kədərlənərik. Çünki ona çox bağlıyıq. Tez-tez parka gəzdirməyə aparanda mən də onunla gedirəm. "Darsi" adlı bu it ağıllı-ağıllı ətrafı seyr edir, ona qəribə gələn bir mənzərənin, yaxud hadisənin şahidi olanda suallı nəzərlərlə adamın üzünə baxır. Özü də başqa itlərdən fərqli olaraq onun gözlərində kədər yox, həyata maraq var.
Nə isə. İtlərin hissiyyatlı və kövrək qəlbli olmalarını hamı bilir, amma onların həmrəy olmalarını çoxları bilmir. Ona görə də sizə şahidi olduğum qısa bir hadisə danışacam.
Bir gün parkda gəzərkən bir neçə itin boğuşduğunu gördüm. Onlar nə barədəsə "razborka" edirdilər. Sonra hardansa bir iki it də gəldi və iki cəbhəyə bölünüb dalaşmağa başladılar və dalaşa-dalaşa asfalt yola çıxdılar, daha doğrusu yola qaçdılar. Bu zaman yoldan keçən bir maşın əyləci basmağa macal tapmadı və itlərdən birini ayağından vurdu. Həmin it ayaqlarını göydə saxlaya-saxlaya maşının dalıncan hürməyə, "qarğış" eləməyə başladı. O biriləri də ona qəhmər çıxdılar və bir müddət maşının dalınca "qarğayandan" sonra yenidən, heç nə olmayıbmış kimi parka qayıtdılar.
Mən hərdən o itləri görürəm. Ayağı qırılan axsaya-axsaya gəzir və hərdən də dostları ilə birgə ağacların kölgəsində uzanıb dincəlir. İtlərin yuxuları da şirin olur. Mən bunu onların xumar-xumar yatışından hiss edirəm və səhər lap tezdən gəzməyə çıxarkən onların yanından ehmalca keçirəm ki, şirin yuxularını korlamayım...
Nəsə. İtlərdən öyrəniləsi çox nəsnələr var, dostlar!
İyulun ortası, 2018