Mərkəzi Elmi Kitabxana və BDU arasında əməkdaşlıq haqqında memorandum
AMEA Mərkəzi Elmi Kitabxanası ilə Bakı Dövlət Universitetinin Elmi Kitabxanası və Jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumun imzalanma mərasimi BDU-nun Elmi Kitabxanasında keçirilib.
21 İyun 2018 17:07 SosialAMEA Mərkəzi Elmi Kitabxanası ilə Bakı Dövlət Universitetinin Elmi Kitabxanası və Jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumun imzalanma mərasimi BDU-nun Elmi Kitabxanasında keçirilib.
Olaylar.az bildirir ki, BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru professor İradə Əliyeva kitabxanaların elmi və mədəni irsin toplanıb qorunmasındakı rolundan, informasiya mübadiləsinin zəruriliyindən və bu baxımdan elmi müəssisələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin önəmindən danışıb. Tərəflər arasında imzalanacaq Memorandumun BDU üçün əhəmiyyətini qeyd edən prorektor əməkdaşlıq sazişində informasiya və sənəd mübadiləsinin reallaşması kimi məsələlərin nəzərdə tutulduğunu, bunun da müəssisələrin elmi vəsait bazalarının daha da zənginləşməsinə və gələcəkdə birgə layihələrin təşkilinə zəmin yaradacağını vurğulayıb.
BDU Elmi Kitabxanasının direktoru Sara İbrahimova Elmi Kitabxananın imkanlarından danışıb.
MEK direktoru Leyla İmanova iki elmi müəssisə arasında əməkdaşlığın əhəmiyyətinə toxunub, informasiyanın əmtəəyə çevrilməsində, informasiya bazarının formalaşmasında, qlobal informasiya mühitinin yaranmasında elektron kitabxanaların rolundan bəhs edib.
BDU Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev imzalanacaq sazişin fakültənin maddi bazasının zənginləşməsinə və müəssisələr arası elmi-təcrübə mübadiləsinin çoxçalarlı inkişafına, media imkanlarının əlaqələndirilməsinə və genişlənməsinə müsbət təsir edəcəyini bildirib.
Sonda Mərkəzi Elmi Kitabxana ilə BDU Elmi kitabxanası və BDU Jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu tərəflər adından MEK direktoru Leyla İmanova, BDU Elmi kitabxanasının direktoru Sara İbrahimova və BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev imzalayıb.
Müzakirələr BDU Elmi kitabxanası və BDU Jurnalistika fakültəsinin yeni təşkil edilmiş Tədris-teleradio studiyasında davam edib.