Tale Heydərov: “Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas funksiyasıdır”
11 İyun 2018 13:19 SosialBakıda ən böyük "LİBRAFF" mağazasının açılış mərasimi keçirilib. 2017-ci ildə yaradılmış "LİBRAFF" Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. "LİBRAFF"lar paytaxtımızın görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və tanınmış ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib.
Azərbaycan Avropa Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov açılış nitqində bildirib ki, bu, Azərbaycandakı ən böyük "Libraff" mağazasıdır. O, mağazanın üstünlüklərindən, yeniliklərindən bəhs edib: "Libraff" mağazaları Bakının müxtəlif yerlərində, ticarət mərkəzlərində, hava limanında və Gəncədə oxucuların ixtiyarına verilib. Biz bu layihəni yaradarkən qarşımıza müxtəlif məqsədlər qoymuşuq. Kitab satışı ilə bərabər, Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas funksiyalarından biridir. Bu mağazanın yerindən tutmuş, xidmət tərtibinədək hər şey məqsədəuyğun seçilib. Oxucular yalnız kitab almaq deyil, eyni zamanda burda mütaliə etmək şansı əldə edəcəklər. Bura kitab mağazası olmaqla bərabər, həm də kitabxana kimi fəaliyyət göstərəcək. Bu layihə ilə Azərbaycanda kitab ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki, bura oxucuların ən sevimli kitab mərkəzlərinin birinə çevriləcək".
T. Heydərov əlavə edib ki, "Libraff" kitab mağazalarının təşkilində "TEAS Press"in yaradılmasının böyük rolu olub: "Artıq bizim müxtəlif brendlər - "Teas Press", "Üç alma" və "Yay" brendləri oxucular arasında böyük rəğbət qazanıb. Bu brendlər təkcə Azərbaycanda deyil, ölkədən kənarlarda da rəğbəti qazanıb. Artıq fəxrlə deyə bilərik ki, "TEAS Press" Türkiyədə ilk onluğa daxil olub".
TEAS sədri bununla bərabər, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar müxtəlif kitabların təqdimatını təşkil etdiklərini də qeyd edib: " Bunlardan ən böyüyü ilk dəfə Türkiyə arxivinə və mətbuatına əsaslanıb hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətiilə bağlı dörd cildlik kitabdır. Bundan əlavə, 1923-1927-ci illəri əhatə edən və Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə nəşr olunmuş dörd cildlik "Yeni Kafkasiya" dərgisini də çap etmişik".
Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev bildirdi ki, pul olan kimi adamlar fikirləşir ki, gedim şadlıq evi açım, elə Aqil Abbas da yaxınlaşıb dedi ki, restoranı açsan, daha çox gəlir əldə etmək olur. Təbiidir, xalqın gələcəyi üçün restoran da, bazar da lazımdır. Ancaq kitab mağazaları hamısından üstün olmalıdır".
"LİBRAFF" Kitab bölməsi azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir. Mağazalarda yerli və aparıcı dünya nəşriyyatlarının klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin fərdi inkişafına istiqamətlənmiş əyləncə və oxu materialları təqdim olunur.
Nigar Adil