Qubada sosial şəbəkələrdə innovativ təşəbbüslər müzakirə edilib
8 İyun 2018 15:20 SosialRəfail Becanov: "Ölkəmizə qarşı təbliğat aparan kiçik orduxanlara qarşı gənclik ordumuz dayanmalıdır"
Azərbaycan Respublikası Prezidentiyanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi "Sosial şəbəkələrdə milli maraqların effektiv təbliği üçün innovativ təşəbbüslərin həyata keçirilməsi" layihəsi çərçivəsində Quba rayonunda ictimai müzakirə keçirib. Quba rayon Gənclər Mərkəzində keçirilən təbdirdə rayon ictimaiyyətinin və QHT-lərin nümayəndələri, fəal gənclər, KİV təmsilçiləri, bloggerlər iştirak ediblər.
İctimai müzakirədə layihənin əsas prioritet istiqaməti internet resurslarından, o cümlədən sosial şəbəkədən istifadə zamanı sui-istifadə hallarına yol verilməməsi, istifadəçilərin sosial şəbəkələrdə qeydiyyatdan keçərkən müqavilə və öhdəliklərə əməl etməsi, eyni zamanda istifadə zamanı neqativ hallarla mübarizə aparılması yolları müzakirəyə çıxarılıb.
Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov tədbiri açaraq layihənin əsas məqsələri haqqında məlumat verib. Rəfail Becanov çıxışında bir sıra məsələlərə toxunaraq sosial şəbəkələrin imkanlarından söz açıb:
"Sosial şəbəkələr dünyaya çıxışı asanlaşdırır. Milli maraqları müdafiə etmək, milli təşəbbüsləri təbliğ etmək üçün geniş imkanlar açır. Lakin biz bu imkanlardan necə istifadə edirik? Əsas məsələ budur. Biz hamımız, xüsusən gənclər bu imkanlardan istifadə edərək ictimai və milli maraqları təbliğ etməliyik. Milli təşəbbüslərimizin olması vacibdir. Bu təşəbbüslər olur, amma yetərli deyil. Qarabağ problemi, Xocalı soyqırımı bizim üçün prioritet olmalıdır ki, dünyaya daha dərindən çatdıraq. Amma xaricdə olan bəzi soydaşlarımız bunun əvəzində ölkəmizə qarayaxmaqla, millətimizi aşağılamaqla məşğuldur. Buna qarşı ümumi müqavimət olmalıdır. Ölkəmizə qarşı təbliğat aparmağa cəhd edən orduxanlara qarşı gənclik ordumuz dayanmalıdır və onların cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən əməlləri ifşa edilməlidir".
Layihənin eksperti Vilayət Muxtar isə çıxışında sosial şəbəkələrdən düzgün istifadə etmədikdə yaranan problemlərdən danışıb:
"Sosial şəbəkələrdə apardığımız araşdırmalar, sosial şəbəkələrdə ictimai davranış və əxlaqın qorunması ilə bağlı həyata keçirilən layihəmizin təhlili göstərdi ki, virtual imkanlardan istifadə zamanı ciddi problemlər yaranır. Xüsusən öyrədilmiş, xarici təsirlərin avantürasına uyan, kəşfiyyat qruplarının təsirində olanlar müxtəlif yollarla, şantaj və böhtanla cəmiyyətdə parçalanma yaratmağa cəhd edir. Dövlətini sevən, xalqını sevən şəxslər isə sosial şəbəkələrin imkanlarından istifadə edərək Ermənistanın Azərbaycana qarşı apardığı soyqırım siyasətini, torpaqlarımızın işğal edilməsini daha geniş təbliğ etməlidir. Sosial şəbəkədə əsas vəzifəmiz, milli borcumuz budur".
Layihənin digər eksperti Mehriban Sadıqova da çıxışında qeyd edib ki, bir çox hallarda internet resurslarının verdiyi imkanlardan yanlış məqsədlər üçün istifadə olunur:
"Sosial şəbəkələrin imkanlarından düzgün istifadə etsək, milli problemlərin təbliğatını aparsaq daha uğurlu nəticələr əldə edə bilərik. Təəssüf ki, internet resurslarından neqativ elementlərin yayılması hələ də üstünlük təşkil edir. İnternet resurslarından neqativ düşüncənin inkişaf etməsi həyəcanverici amildir. Ona görə də hər bir azərbaycanlının əsas vəzifəsi pozitiv düşüncələrin təbliği, milli maraqların müdafiəsi, təşəbüslərin dəstəklənməsidir".
İctimai müzakirədə Quba rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ramin Mahmudov çıxış edərək, sosial şəbəkələrdə innovativ təşəbbüslərin dəstəklənməsinin vacibliyini bildirib. O, bildirib ki, sosial şəbəkələri təbliğat vasitəsinə çevirmək lazımdır ki, biz Qarabağ problemini, Xocalıda törədilən soyqırımı dünyaya çatdıraq.
Quba rayon İcra Hakimiyyəti humanitar və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva çıxış edərək, gəncləri fəal olmağa və sosial şəbəkələrin imkanlarından istifadə edərək, daha maraqlı və xalqımızı layiqincə təmsil etmək naminə yeni layihələrin hazırlanması üçün çalışmağa səsləyib.
Tədbirin yekununda müzakirə iştirakçıları çıxış edərək problemin səbəbləri və bunun aradan qaldırılması yolları haqqında öz fikirlərini bildiriblər.

Cebhe.info