Narkomaniya-XXI əsrin ən ağır problemlərindən biri kimi

XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır.

XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır.

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur.

Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, "ağ ölüm" adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır.

Beynəlxalq təşkilatların qəbul və təsdiq etdikləri prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi) və.s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir.

Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməyib. Narkomaniya və Narkotik Maddələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir: "Məhz bunlara görə ümummilli liderimiz  Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdı.

Heydər Əliyevin "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərmanı və digər fərmanlar və sərəncamları,  normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirib. Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Bu gün narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılan Dövlət Komissiyası və ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan verib.

Bu proqramdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədi ilə qərb bölgəsində bu sosial bəlanın kifayət qədər qarşısının alınması, eyni zamanda, narkotiklərin külli miqdarda respublikamızın ərazisindən tranzit kimi istifadə etməklə digər ölkələrə daşınması ilə məşğul olan cinayətkar şəxsləri müəyyənləşdirmək, onların cinayətkar əməllərini ifşa etmək və fəaliyyət marşurutlarının qarşısını almaq məqsədi ilə şöbənin xidmət etdiyi ərazinin hüquq-mühafizə orqanları və digər dövlət və içtimai təşkilatların imkanlarından səmərəli istifadə etməklə, əməliyyat mövqelərinin gücləndirilməsi məqsədi ilə mütəmadi informasiya mübadiləsi aparmış, işgüzar əlaqələri genişləndirmiş, narkotiklərlə cinayət əməlləri profilaktikasını və onlarla və onlarla mübarizənin gücləndirilməsi sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirib.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31