"Əhaliyə əvvəldən məlumat versəydik..." - Qurban Yetirmişli Zaqatala zəlzələsi barədə

İyunun 5-də Zaqatalada baş verən zəlzələdən sonra 100 afterşok olub. Onların ən güclüsü 1.9-2 bal gücündədir, onların da heç biri hiss edilməyib.

Bu barədə Publika.az-a Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli hazırda zəlzələ ocağında müşahidələrin davam etdiyini deyib:

"Zəlzələdən sonra afterşoklar davam edib. Hazırda proses dayanıb. Bundan sonra ərazidə baş verəcək aktivliyi orada olan əməkdaşlarımız müşahidə edəcək. Ərazidə həmçinin geofiziki tədqiqatlar aparılır, ocaqda gərgin toplanması, hansı istiqamətdə olması barədə əlavə əməkdaşlar cəlb edilib. Tədqiqat işləri davam etdirilir".

Onun sözlərinə görə, seysmoloqlar əvvəl də ərazidə gərginliyin olduğunu müşahidə ediblər:

"Zəlzələni əvvəldən proqnozlaşdırmaq olmur. Lakin ərazidə toplanan gərginlik barədə məlumatlarımız olur, sadəcə zəlzələnin nə vaxt baş verəcəyini dəqiq deyə bilmirik. Lakin gərginlik yaşanan bölgələr barədə əhaliyə məlumat verə bilmirik. Çünki insanlar panikaya düşür, əhali zəlzələyə tam hazır deyil. İnsanların zəlzələ baş verən anda davranış qaydaları ilə bağlı maarifləndirilməsinə ehtiyac var. Zaqatala bölgəsində də hər zaman gərginlik olur. Bir müddətdir ki, ərazidə zəif təkanlar qeydə alnmırdı, ona görə də gərginliyin toplandığını bilirdik. Bildiyiniz kimi, 2012, 2015-ci illərdə ərazidə maqntudasi 4-5 bal gücündə zəlzələ olub. Ola bilərdi ki, enerji toplanıb zəif təkanla boşala bilərdi. Bir neçə il öncə seymik aktiv bölgələrimizdən birində gərginlik müşahidə edilirdi, bir də prosesi izləyirdik. Lakin güclü zəlzələ olmadı, bir həftə ərzində 200-ə yaxın xırda təkan oldu. Əhali bu təkanların heç birini hiss etmədi. Bu barədə əvvəldən məlumat versəydik, insanlar narahat olacaq".

Q.Yetirmişli zəlzələnin dərində olduğundan böyük fəsadlara səbəb olmadığını deyib:

"Zaqatala zəlzələsi orta gücdə dəyərləndirilir. Əslində zəlzələnin gücü 6 bala yaxın idi. Lakin zəlzələ dərinlikdə olduğundan dağıntılara səbəb olmayıb. Dünən də ərazidə olduq, normal tikililərdə heç çat da əmələ gəlməyib. Keyfiyyətsiz tikinti materiallardan tikilən evlərdə, əvvəlki zəlzələdən qalan çatlarda dəyişiklik var".

Qeyd edək ki, iyunun 5-də yerli vaxtla saat 22:40-da, Zaqatala rayonu ərazisində baş verib. Zəlzələnin maqnitudası 5,5, episentri yerin 19 km dərinliyində olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31