"Yanlış anlaşılan" bir fincan gürcü təhqiri

Bir neçə gün əvvəl belə bir məlumat yayıldı ki, "Gürcüstanda satılan bir fincanın üzərində Gürcüstan xəritəsi çəkilib. Hər yerdə insan şəkilləri qoyulub, həmyerlilərimizin yaşadığı tarixi yurdumuzun yerləşdiyi ərazidə isə eşşək şəkli çəkilib: "Başının üstündə yekəqarın gürcü kişisi yumruğunu sıxıb, eşşək isə başını aşağı salıb".

Şəkli ilk dəfə gördüyümüz və məlumatı oxuduğumuz zaman qəzəblənməmək mümkün deyil. Çünki həmyerlimiz tərəfindən təzəlikcə "vəhşi" adlandırıldıqdan sonra 471 km məsafədə yerləşən şimal-qərb qonşularımızın bizi "uzunqulağa" bənzətməsi təhqirinə məruz qalmaq heç də xoş olmayan bir vəziyyət idi.

Lakin qısa bir araşdırma apardıq və məlum oldu ki, sən demə fincanda təhqir yoxdur, əgər varsa belə, bu azərbaycanlılara qarşı edilmiş bir təhqir deyil. 

Belə ki, şəkildə təsvir edilən ərazi heç də tarixi yurdumuz deyil, Gürcüstanın doqquz diyarından biri olan Kaxeti diyarıdır. Hansı ki, 407.108 sakini var və onun 83.9 % - i gürcülər, cəmi 1.7 %-ni isə azərbaycanlılar təşkil edir. Bununla yanaşı ərazidə çeçenlər, osetinlər, ruslar, ermənilər, yezidi kürdlər, yunanlar, ukraynalılar və abxazlar da yaşayır. 

Düşünə bilərsiniz ki, bəs nə üçün ərazidə yekəqarın gürcü kişisi və uzunqulaq şəkli təsvir olunub. Bunun da bir açıqlaması var. Beləki, Kaxeti Gürcüstanın heç bir tarixi inkişaf mərhələsində şərabçılığın dayandırılmadığı guşəsidir. Loru dildə desək kaxeti kəndliləri "yeyib-içən" olurlar. Yekəqarın gürcü kişisinin təsviri də bununla əlaqədardır. Heyvanın təsvirinə qaldıqda isə, Kaxeti kəndlilərinin demək olar ki, böyük bir qismi uzunqulaq saxlayır və bu səbəbdən də gürcülər həmyerlilərini zarafatla "eşşək kaxetilər" adlandırırlar.

Hər şərdə bir xeyir var. Bu bir fincan "təhqir" hesabına Kaxeti və kaxetilər haqqında da məlumatlanmış olduq.

Lakin yanlış anladığımız üçün biri-birimizi qınamağa ehtiyac yoxdur. Vaxtilə yetərincə yersiz təhqirlərə məruz qaldığımız üçün, bir qığılcım belə təhqir edildiyimizi düşünməyə kifayət edir. 

Yeri gəlmişkən bu "yanlış anlaşılma" sözü bəziləri üçün istənilən məsələdən üzüağ çıxmaq üçün mükəmməl cavabdır. Hətta bu söz bir növ üzrə bərabərdir. 

Azərbaycanın bayatı janrında yazılan xalq mahnısı (oğuzların bayat boyunun yaratdığı bu ədəbi üslub, İraq türkmənləri və azərbaycanlıların ən çox istifadə etdiyi xalq yaradıcılığı nümunəsidir. Hansı ki, başqa heç bir xalqın şifahi yaradıcılığında rast gəlinməyən bir nümunədir) "Sarı gəlin"in bir qismini türk müğənni Aydilgə erməni dilində ifa etdikdən sonra da uzun və çox gözəl bir açıqlama verərək onun bu addımının yanlış anlaşıldığını bildirib üzr istəmişdi. Biz də Aydilgəni "yanlış anladığımız" üçün bağışlamışdıq...

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31