Zövqə görə alınan eynəklər korluğa səbəb ola bilər
Optik eynəklər də, gün eynəkləri də həkim məsləhəti ilə alınmalıdır Hazırda ölkədə optik eynəklərin satışı ilə bağlı boşluq müşahidə olunmaqdadır. Vətəndaşlara təklif edilən optik eynəklər həkim məsləhəti olmadan belə satılır.
5 İyun 2018 12:22 SosialOptik eynəklər də, gün eynəkləri də həkim məsləhəti ilə alınmalıdır
Hazırda ölkədə optik eynəklərin satışı ilə bağlı boşluq müşahidə olunmaqdadır. Vətəndaşlara təklif edilən optik eynəklər həkim məsləhəti olmadan belə satılır. Qeyri-ixtisas sahibi olan satıcılar eynəyi yalnız alıcının hərfi oxuya biləcəyi həddə satışını təmin edirlər. Eyni zamanda, yay fəslinin gəlişi ilə əlaqar günəş şüalarından qorumaq üçün gün eynəklərinə olan tələbat artıb. Mütəxəssislərin qənaətinə görə, gözlə birbaşa təmasda olan günəş şüaları gözdə katarakta və görmə mərkəzində "sarı nöqtə" xəstəliyi kimi görməni pozan xəstəliklərə səbəb olur. Hətta bəzən korluğa da gətirib çıxara bilər. Günəş şüaları gözdə yanma, quruluq, sulanma, işıqdan narahat olma, göz qapaqlarını açmada çətinlik çəkmə kimi problemlərə də səbəb olur. Buna görə də gün eynəyindən istifadə vacibdir. İnsan üçün ən vacib və ən zərif orqan olan gözün mühafizəsindən ötrü istifadə edilən eynəklərin necə gəldi satılması isə ciddi təhlükə mənbəyidir. Məsələ orasındadır ki, eynək həvəskarı olan alıcılar əksər hallarda onun harada və hansı şəraitdə satılmasını nəzərə almadan yalnız öz zövqlərinə uyğun eynək seçir və alırlar. Hansı ki, eynək alarkən onun gözə birbaşa mənfi təsiri nəzərə alınaraq mütəxəssisə müraciət etmək zərurəti yaranır. Məhz bu kimi hallar nəzərə alınaraq eynəklərlə bağlı xüsusi qanunun qəbul edilməsi nəzərdə tutulur. Millət vəkili, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda eynəklərlə bağlı qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu planlaşdırılır. Millət vəkili əlavə edib ki, bu məsələ neçə illərdir müzakirələrdə, gündəmdədir və artıq zaman yetişib ki, bu yöndə ayrıca qanunvericilik olsun: "Hazırda eynəklərlə bağlı "Optika haqqında" qanun layihəsinin ilkin variantı hazırlanıb. Artıq yaz sessiyası başa çatıb. Növbədənkənar iclaslarda da bu məsələnin müzakirələrə çıxarılması yəqin ki, mümkün olmayacaq. Ancaq qarşıdan gələn payız sessiyasında bu məsələnin komitəmizdə müzakirəsi və ondan sonra yəqin ki, plenar iclasa tövsiyəsi mümkündür". M.Quliyev vurğulayıb ki, ümumiyyətlə, bir çox ölkələrdə belə qanunlar var: "Azərbaycanda da bu sahədə qanunvericilik gücləndirilməlidir. Çünki söhbət təkcə gün eynəklərindən getmir, burada eyni zamanda optik eynəklərin keyfiyyəti, ölçüləri, yaş və xəstəlik xüsusiyyətləri önəmlidir. Xüsusilə yay mövsümündə hər kəs demək olar ki, eynəkdən istifadə edir, amma əksər istifadəçilər bilmir ki, o eynəklər gözə uyğundur, ya yox. Buna görə də belə bir qanunla hüquqi tənzimləmə vacibdir". Deputat qeyd edib ki, optik eynəklər də, gün eynəkləri də həkim məsələhəti ilə alınmalıdır: "Gün eynəklərini də hər kəs hər yerdə sata bilməz. Yaxud da mənşəyi məlum olmayan eynəklər satıla bilməz. Bunların hamısı qanun layihəsində əksini tapıb. Eynək satışı və idxalı ilə məşğul olan şəxslər müvafiq kurslar keçməli, ən azı, sertifikata malik insanlar olmalıdır".
Elə isə eynək alarkən nələrə diqqət yetirilməlidir? Qeyd edək ki, adi şəraitdə satılan eynəklərin qiyməti ucuz olduğu üçün əsasən gənclər, tələbələr bu cür eynəkləri almağa üstünlük verirlər. Bu zaman eynəklərin keyfiyyəti yox, onun görünüşü əsas rol oynayır. Oftalmoloqlar tövsiyyə edirlər ki, böyük şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən gözlüklər almaq məsləhətdir. Elə eynək almaq lazımdır ki, gözün yan tərəflərindən şüalar gözlə təmasa girməsin. Bundan başqa, eynək alarkən işığa doğru tutub aşağı-yuxarı doğru oynadın. Əgər dalğalanma varsa, demək şüşəsi keyfiyyətsizdir. Eynək alan zaman onu təxminən 3-5 dəqiqə gözdə saxlamaq lazımdır. Əgər ağırlıq vermirsə, burnu və gicgahları sıxmırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq məsləhətdir. Bundan başqa, eynəyi taxarkən fikir vermək lazımdır ki, ətrafdakıları öz rəngində göstərsin. Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir. Bu cür eynəklərin saxta olduğ şübhəsizdir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilib ki, yaz-yay mövsümünün gəlişi ilə əlaqədar hazırda əksər ticarət obyektlərində, eləcə də səyyar şəkildə gün eynəklərinin satışı artmaqdadır. İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən bu eynəklərin necə gəldi satılması isə ciddi təhlükə mənbəyidir. Eynək həvəsində olan alıcıların əksəriyyəti harada satılmasından asılı olmayaraq öz zövqlərinə uyğun seçim edir və onları alırlar. İstehlakçıların yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verərək seçib aldığı bu eynəklərin keyfiyyəti, yaratdığı fəsadlarla bağlı məlumatları isə kifayət qədər məhduddur. Xidmətdən bildirilib ki, eynəklər iki növ materialdan plastik və şüşədən hazırlanır. Şüşənin də öz növləri vardır ki, bunlara adi, xameleon və s. misal göstərə bilərik. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq tez sınır. Ona görə də şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur. Nəzərə almaq lazımdır ki, eynəklərin istifadə məqsədi müxtəlifdir. Ondan görmə pozğunluğunu aradan qaldırmaq, gözlərin daha yaxşı görməsini təmin etmək, günəş şüasından, xarici təsirlərdən müdafiə etmək, elektromaqnit şüalanmalardan qorunmaq üçün və ya sadəcə aksessuar kimi istifadə olunur. Şüşə, polikarbonat plastikdən və akril plastikdən düzəldilən eynəklər ən təhlükəsiz və istifadə üçün yararlıdır. Gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Bu eynəklər əsasən ultrabənövşəyi şüaları udan хüsusi materialdan hazırlanmalıdır. Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə etmək olar. Lakin satışda olan eynəklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şualarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir: "Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır. Yaхşı olar ki, eynək alarkən mütəхəssislərlə məsləhətləşin. Bilin ki, keyfiyyətsiz eynəklərin satışı göz хəstəliklərinin artmasına səbəb olur. Belə ki, bu eynəklər gözün billuruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insanda yorğunluğun yaranmasına yol açır. Əgər sizin görmə qabiliyyətinizdə problemlər varsa göz həkiminə müraciət edin və düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək istəyin. Çünki eynək gözə düşməyəndə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü biruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıçıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz billuru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Əgər qeyd olunan problemlərlə rastlaşmaq istəmirsinizsə küçədə, antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almayın". Eynək alarkən mütləq onun keyfiyyət sənədinə və etiketinə diqqət yetirmək lazımdır. Çünki gün eynəklərinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraхılmaması göstərilməlidir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü udduğu da qeyd olunmalıdır: "Eynək alarkən birinci növbədə onun rənginə və çəkisinə fikir verilməlidir. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənovşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edilməli və cızılmış eynəkdən istifadə edilməməlidir. Eynəyin keyfiyyəli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı bəzi xüsusiyyətlərinə görə bunu təyin etmək mümkündür. Məsələn, qəhvə rəngli eynək geyinmisinizsə və əgər eynək keyfiyyəlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı aşağı, sağa sola hərəkət etdirəndə bu xəttdə oynama və ya qırılmalar olursa onda bu həmin eynəyin keyfiyyətində müəyyən problemlərin olduğunu deməyə əsas verir. Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə eynək alarkən qeyd olunan məsələlərə diqqət edin".
Nurlan