Yaxşılığın anatomiyası

...Bayram günləri şimal bölgəsinə səfərə çıxmışıq. Onun təşəbbüsüdür. Söhbəti dağdan arana, arandan dağa aparırıq. Əsas mövzu yoxdu. Sadəcə gün-güzərandan danışırıq. Mən deyirəm ki, hər şey yaxşıdır: varlı ölkəmiz var, imkanlarımız da günbəgün artır, di gəl ki, maaşlar aşağıdır, işsizlik də bir tərəfdən. Bunları yola vermək olar, məni narahat edən odur ki, cavanlarımız xaricə maraq göstərir və ora can atır, elə bilirlər ki, orda yel əsib, qoz tökülüb...

Elçin Hüseynbəyli

İlqar üçün...

...Bayram günləri şimal bölgəsinə səfərə çıxmışıq. Onun təşəbbüsüdür. Söhbəti dağdan arana, arandan dağa aparırıq. Əsas mövzu yoxdu. Sadəcə gün-güzərandan danışırıq. Mən deyirəm ki, hər şey yaxşıdır: varlı ölkəmiz var, imkanlarımız da günbəgün artır, di gəl ki, maaşlar aşağıdır, işsizlik də bir tərəfdən. Bunları yola vermək olar, məni narahat edən odur ki, cavanlarımız xaricə maraq göstərir və ora can atır, elə bilirlər ki, orda yel əsib, qoz tökülüb...

-Çoxları elə bilir. Guya xaricdə gün-güzəran daha yaxşıdır, "fransızlar kef edirlər". Ancaq onların iş rejimini görsələr, belə düşünməzlər.

Bu yaxınlarda xarici səfərdən qayıdırdım. Ən inkişaflı ölklərdən birində yaşayan bir soydaşımız yol yoldaşım idi. Onunla bir neçə saat söhbət elədim. Dedi ki, 20 ildir ki, xaricdə yaşayıram. İş günləri səhərdən axşama kimi işləyirəm. Nə mobil telefon, nə bir kimləsə əlaqə qurmaq, belə bir şey yoxdur. İşdən sonra isə iş barədə söhbət eləmirik, yalnız ailəmizlə məşğuıl oluruq, istədiyimiz adamlarla istirahət edirik. Bəs bizdə necədir? Hərənin əlində 3-4 telefon. Gah arvadla danışır, gah uşaqlarla, gah dostlarla. Demək istəyirəm ki, insan harda olursa-olsun işləsə, işə can yandırsa, konkret məqsədi olsa, ona çatar. Bizim ölkəmizdə də eləcə. Başını aşağı salıb öz işi ilə məşğul olan hər kəs uğura çata bilər.

-Belə bir misal var, yəqin eşitmisən, -deyirəm, -biri şikayətlənir ki, hamı mənə əzəl-axır uğura çatacağımı deyir, amma mən ona çata bilmirəm. Ya mən pis axtarıram, ya da o, yaxşıca gizlənib.

-O, adam gərək birinci barədə düşünsün. Pis axtarır yəqin, yaxşı axtarsa və məqsədə doğru getsə, tapar.

Sonra söhbət insanların etibarından düşür.

-Bilirsən, -deyirəm, indi bəziləri kiməsə "atmağı" şərəf hesab edir, hətta onunla qürrələnir də.

-Sən onlardan hansısa birinin həyatının normal olduğunu görmüsən? - deyə soruşur və özü də cavab verir: ya türmədədirlər, ya da səfalətdə.

-Elədir, -deyə başımla təsdiqləyirəm.

-Ona-buna atmaqla çox getmək olmaz.

Söhbətimizə üçüncü bir adam qoşulur.

-İndi adamlara nə qədər yaxşılıq etsən də qədirini bilmir.

-Gərək yaxşılığın qarşılığını güdməyəsən. Bilmək lazımdır ki, kiməsə hardasa, ya nədəsə əl tutdunsa, ondan əlini üz, qarşılıq gözləmə. Hər şey insafa bağlıdır.

-Yaxşılığın statistikasını aparsan, gərək, heç kimə yaxşılıq eləməyəsən, -bunu da mən deyirəm və əlavə edirəm: - Bəzən sənə yaxşılıq elədiyin yox, heç üzünü görmədiyin adam kömək edir. Çünki yaxşı əməl unudulmur, hardasa sənin qarşına çıxır...

...Mənzil başına çatırıq. Bir nəfər bizə tərəf yüyürür. Onu qucaqlayıb bağrına basır.

-Allah səni qorusun! -deyir, dayanmadan alqış edir, -sən olmasaydın, biz indi buralara gəzməyə gələ bilməzdik.

Ayaqüstü ordan-burdan danışırlar...O, eləcə gülümsünür və başı ilə təsdiqləyir...

Həmin adamdan aralanandan sonra məndən soruşur:

-Sən bu adamı tanıyırsan?

Başımı bulayıram.

-Mən də tanımıram, -deyir...

-Bayaq özün dedin axı, yaxşılığın statistikasını aparmaq düzgün deyil.

-Yox, sən dedin, -deyir və özünəməxsus şəkildə gülür.

-Sənin dediklərini təkrar elədim, -deyirəm və ona qoşuluram...

Novruz bayramı günləri, 2018

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31