Regionların sosial-iqtisadi inkişafında ənənəvi sahələrin inkişafı mühüm rol oynayır
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası bölgələrdə aqrar sahənin inkişafı ilə yanaşı, əhalinin rifah halının yüksəlməsinə də təkan verir. Paralel olaraq, kənd təsərrüfatının inkişafı və bölgələrin ixrac potensialının artması ilə müşayiət olunur. Ayrı-ayrı rayonlarda ənənəvi sahələrin inkişafı yeni iş yerlərinin yaradılması, Azərbaycanın dünya bazarına çıxış imkanlarnın genişlənməsinə səbəb olur.
6 Aprel 2018 19:48 SosialRegionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası bölgələrdə aqrar sahənin inkişafı ilə yanaşı, əhalinin rifah halının yüksəlməsinə də təkan verir. Paralel olaraq, kənd təsərrüfatının inkişafı və bölgələrin ixrac potensialının artması ilə müşayiət olunur. Ayrı-ayrı rayonlarda ənənəvi sahələrin inkişafı yeni iş yerlərinin yaradılması, Azərbaycanın dünya bazarına çıxış imkanlarnın genişlənməsinə səbəb olur. Belə sahələrdən biri də üzümçülüyün inkişafı ilə bağlıdır ki, artıq ölkə rəhbərliyi tərəfindən 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Dövlət proqramını həyata keçirilməsi nəticəsində ölkədə ənənəvi və mütərəqqi seleksiya üsullarından istifadə etməklə yeni süfrə və texniki üzüm sortlarının və hibrid formalarının yaradılması işləri ilə əlaqadar aparılan tədqiqatlar nəticəsində 40- dan çox müxtəlif istiqamətli üzüm hibridləri və sort nümunələri yaradılıb. Onlardan 2 sort - Bəhrəli, Kəpəz sortları 2017-ci ildə KTN-nin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən dövlət reyestrinə daxil edilib, 5 yeni sort - Şаmахı hədiyyəsi, İlhаmi, Şirəli, Gəncəvi və Qarabulağı sortları Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə rayonlaşdırılması məqsədilə sınaq üçün təqdim olunub. 12 yeni hibrid formasının seleksiyası və qiymətləndirilməsi başa çatdırılmış və sınağa təqdim olunmaq üçün hazırlanıb. Ümumiyyətlə, ölkə üzrə 2017-ci ildə yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və introduksiya olunmuş 5 yeni süfrə (Kəpəz, Bəhrəli, Crimson Seedless, Kardinel, Superior Seedless) və 1 texniki üzüm sortu (Merlot) dövlət qeydiyyatına alınıb. Hazırda Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində 57 üzüm sortunun sınağı həyata keçirilir. Onlardan 25 sort Qazax Dövlət Sort Sınaq Məntəqəsində, 12 sort Naxçıvan DSSM-də, 20 sort isə yerli özəl şirkətlər tərəfindən yoxlanılır. Xatırladaq ki, ölkədə yeni üzüm sortlarının yetişdirilməsi bölgələrin ixrac potensialının artmasına səbəb olur. Artıq bir sıra üzüm məhsulları xarici ölkələrdə Azərbaycan brendi kimi tanınır. Həm də bu sahənin inkişafı yeni iş yerlərinin yaradılması ilə müşayiət olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən 2016-cı ildə istehsal olunan şərabların keyfiyyətinin beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə "Caspian Coast Wineri and Vinyards" MMC-nin, "Gəncə-Şərab 2" MMC-nin, "Aspi-Aqro" MMCnin, "Göygöl Şərab Zavodu" MMC-nin nəzdində yaradılmış sınaq laboratoriyaları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu sahələr üzrə akkreditasiya olunub. Bu isə yeni emal müəssisələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb olunmasına şərait yaradır. Respublikada üzümün emalı ilə məşğul olan müəssisələrin əksəriyyətində emal prosesi nəticəsində yaranan tullantılardan əsasən heyvandarlıq sahəsində yem kimi istifadə edilməsinə baxmayaraq, bir sıra şərabçılıq müəssisələrində üzüm emalı zamanı əldə olunan yararlı qalıqların təkrar emalı nəticəsində spirt alınması texnologiyasının tətbiq edilməsinə başlanılıb.
Göygöl Rayon İcra Hakimiyyətinin məlumatına əsasən, rayon ərazisində üzüm istehsalı və emalı ilə məşğul olan "Göygöl Şərab zavodu" ASC-də şərab istehsalı məqsədi ilə üzümün emalından sonra alınan sıxılmış əzinti maldarlıqla məşğul olan kiçik fermer təsərrüfatlarına yem kimi istifadə məqsədi ilə müqavilə əsasında satılmış, qıcqırmadan sonra cavan şərab materiallarından ayrılan maye çöküntü isə təkrar emal yolu ilə xam spirt və üzüm spirti alınması üçün istifadə edilib. "Aqro-Azərinvest" MMC-də üzüm emalından alınan yararlı qalıqlardan (üzüm cecəsi və maye çöküntüsündən) spirt çəkilməsi üçün istifadə edib. Şəmkir Rayon İcra Hakimiyyətinin məlumatına əsasən, "Şərq ulduzu" MMC-nin şərab zavodunda şərab məhsullarından konyak spirtinin emalı sexi quraşdırılıb. Tovuz və Qazax Rayon İcra Hakimiyyətlərinin məlumatına əsasən, üzüm istehsalı və emalı zamanı əldə olan tullantılardan heyvandarlıqda yem kimi istifadə olunmasının əhəmiyyəti haqqında maarifləndirmə işləri aparılır. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda emal prosesi nəticəsində yaranan şərabçılıq sənayesinin tullantılarından yağ istehsal olunmasına dair Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu ilə birgə həyata keçirilən tədqiqatlar davam etdirilir. Ağsu Rayon İcra Hakimiyyətinin məlumatına əsasən, rayonda fəaliyyət göstərən emal qismən icra olunub. Rayonda istehsal olunan üzüm əsasən emal müəssisələrinə verilir, müəyyən hissəsi bazarlarda satılır. Rayonda fəaliyyət göstərən "Az-Granata" MMC-nin yeni şərab saxlama, emal və süzmə sexinin tikintisi başa çatmaq mərhələsindədir. Bu da hüquqi və fiziki şəxslərdən üzümün sərfəli qiymətlərə qəbul edilməsinə, emalına və saxlanmasına tam şərait yaradır. Yeri gəlmişkən xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Süfrə üzümünün satışına və əmtəə keyfiyyətinə nəzarətə dair "BMT AİK FFV-19" və "Təzə süfrə üzümü. Texniki şərtlər" yeni standart layihələri işlənib hazırlanaraq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilib.
Regionlarda üzümçülük və şərabçılığın inkişafı təkcə bölgələrin deyil, eləcə də bütövlükdə respublikanın iqtisadi imkanlarını genişləndirir. Ancaq fakt ondan ibarətdir ki, respublikada yeni salınmış üzümlük sahələrinin təxminən 50%-ə qədəri dağ yamaclarının və həyətyanı təsərrüfatlarda yetişdirilən talvar üzümlüklərinin payına düşür. Şamaxı Rayon İcra Hakimiyyətinin məlumatına əsasən, yeni salınmış üzüm bağlarının müəyyən hissəsi dağ yamaclarında yerləşir. Gələcəkdə istər dağ yamaclarında, istərsə də həyətyanı təsərrüfatlarda üzümçülüyün inkişafı üçün müvafiq tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulur. Göygöl Rayon İcra Hakimiyyətinin məlumatına əsasən, dağ yamaclarında və həyətyanı təsərrüfatlarda üzümçülüyün inkişafının dəstəklənməsi ilə bağlı rayonda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər maarifləndirilib. Hazırda rayon üzrə həyətyanı sahələrdə 5466 ədəd talvar üzümü yetişdirilir və bunun 4980 ədədi bar verəndir. Cari ildə rayon üzrə 6529,0 ton, o cümlədənda 376,2 ton talvar üzümü istehsal olunub ki, bu da keçən illə müqayisədə 405,06 ton çoxdur. Ağsu Rayon İcra Hakimiyyətinin məlumatına əsasən, 2016-cı ildə rayonun həyətyanı təsərrüfatlarında112 ədəd talvar üzümü əkilmiş və talvar üzümlərinin sayı 21500 ədədə çatdırılıb. Həyətyanı sahələrdən 1568.5 ton üzüm yığılıb ki, bu da ötən illə müqayisədə 51 ton çoxdur. Şabran Rayon İcra Hakimiyyətinin məlumatına əsasən bu günədək rayon ərazisində 100 ha süfrə üzümü əkilmiş və həyətyanı sahələrdə 21810 ədəd talvar üzümü yetişdirilib. Şəmkir Rayon İcra Hakimiyyətinin məlumatına əsasən rayonun ayrı-ayrı kəndlərində və həyətyanı təsərrüfatlarda 619050 ədəd talvar üzüm yetişdirilir. Onu da qeyd edək ki, üzümçülük və şərabçılıq sahəsində əldə olunan nailiyyətləri və problemləri işıqlandırmaq, üzümçülük və şərabçılıq məhsullarının yerli və dünya bazarı barədə zəruri məlumatları istehsalçılara və ictimaiyyətə daha geniş şəkildə və tez çatdırılması məqsədi ilə üzümçülük və şərabçılıq məhsulları portalı fəaliyyətə başlanıb. Azərbaycan, rus və ingilis dillərində təqdim olunan http://uzum.surat.az portalında istifadəçilərin lazımı informasiyanı tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub, texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib. Portalda üzümçülük və şərabçılıq haqqında məlumat bazası ilə yanaşı yerli üzüm sortları və şərabçılıq məhsullarının kataloqu və üzümçülük üzrə ixtisaslaşmış bölgələr haqqında informasiyalar yer almış, şərabçılıq müəssisələrinə ekskursiya məlumatları haqqında baza yaradılmış, sadə və genişləndirilmiş axtarış sistemi hazırlanıb. Kənd təsərrüfatı sahələrinin, o cümlədən üzümçülüyün inkişaf etdirilməsi barədə ölkə başçısı tərəfindən verilmiş tapşırıqların icrasının vacibliyini nəzərə alaraq, tələb olunan kənd təsərrüfatı texnikalarının alınması məqsədi ilə 2017-ci ilin hesabat dövründə bu məqsədlər üçün ayrılmış 200.0 mln manat büdcə vəsaiti ayrılıb. 422.28 mln manat dəyərində 10530 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının alınması üçün müvafiq müqavilələr bağlanıb, onların ötən ilin müqavilələrindən qalan müxtəlif təyinatlı texnikalar da nəzərə alınmaqla 9810 ədədinin respublikaya gətirilməsi təmin edilərək, böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib.17-20 may 2017-cı il tarixlərində Bakı Ekspo Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə dünyanın 28 ölkəsindən 331 şirkətin iştirak etdiyi "XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi 2017" ("World Food Azerbaijan 2017") və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2017" sərgisində Azərbaycanın şərab zavodlarının məhsulları nümayiş etdirilib. Beynəlxalq Üzüm və Şərab təşkilatı (OIV) tərəfindən 2017-ci il 25-28 may tarixlərində İtaliyanın Tramonti şəhərində təşkil edilən La Selezione del Sindaco 2017" 16-cı Beynəlxalq Şərab Müsabiqəsinə Üzümçülük və Şərabçılıq ElmiTədqiqat İnstitutunda hazırlanmış "Mədrəsə" və "Cəlilabad Şərab-2" ASC-nin məhsulu olan "Şahnaz" qırmızı turş süfrə şərabları təqdim edilmiş, müsabiqənin nəticələrinə görə Avropa istehsalı olan 1200 ədəd şərab içərisində "Şahnaz" şərabı gümüş, "Mədrəsə" şərabı isə bürünc medala layiq görülüb. Sadalanan faktlar deməyə əsas verir ki, ölkədə üzümçülüyün inkişafı Azərbaycanın dünya bazarına çıxış imkanlarını artırır. Paralel olaraq regionların gəliri artır ki, bununla da ayrı-ayrı rayonların sosial-iqtisadi inkişafı təmin olunur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir