Qarpızın qanqala çevrilməsi

Dostumgilə getmişdim. Düz tapdınız. Həmin baməzə, yəni zarafatcıl dostumgilə. Təxminən aprelin əvvəlləriydi. Evə qalxmamışdan qabaq məni bağçaya dəvət elədi, uşaqlara da tapşırdı ki, elə çardağın altındaca stol açsınlar. Çünki hava günəşliydi. Uzun sürən yağışlardan sonra qızğın istinin düşəcəyini təxmin etmək olardı.

Elçin Hüseynbəyli

Dostumgilə getmişdim. Düz tapdınız. Həmin baməzə, yəni zarafatcıl dostumgilə. Təxminən aprelin əvvəlləriydi. Evə qalxmamışdan qabaq məni bağçaya dəvət elədi, uşaqlara da tapşırdı ki, elə çardağın altındaca stol açsınlar. Çünki hava günəşliydi. Uzun sürən yağışlardan sonra qızğın istinin düşəcəyini təxmin etmək olardı.

Bağça, doğrudan da gözəl idi. Ağaclar çiçəkləmişdi. Cürbəcür güllər və çiçəklər bağçanı və həyəti bəzəyirdi. Bir azdan bura Gülüstana çevriləcəkdi. Dostumu havayı yerə "Miçurin" deyə çağırmırdıq ki...

Birdən bütün bu gözəlliyin içində qanqal gördüm, diksindim və təəccübümü gizlətməyib soruşdum:

-Bu nədir belə?

Dostum, sanki bu sualı gözləyirdi. Ona görə də:

-Bunun uzun tarixçəsi var, -dedi, - amma mən qısa edəcəm, - istəyirsənsə, çay içəndən sonra danışım...

-İndi danışsan, yaxşı olar. Hər halda, maraqlıdır.

Dostum belə bir əhvalat danışdı:

-Burda rəhmətlik atam illər öncə qarpız əkmişdi. Daha doğrusu, qarpız öz-özünə bitmişdi. Bağça belə güllü-çiçəkli də deyildi, heç hasar da yox idi. Eləcə qarğıdan bir çəpər vardı. Atam bizə bərk-bərk tapşırdı ki, qarpıza dəyməyək. Çünki hər tərəf qarpızla doludur, dükan-bazarda nə qədər desən. Qarpız sovulandan sonra onu kəsib yeyərik. Qarpızı tağdan qopartmasan xarab olmur. Ona görə də gün-gündən yekəlirdi. Əvvəlcə tağın üstündə iki qarpız vardı, amma onlardan biri qurudu. O biri qarpız isə nə qədər böyüyə biləcəkdisə böyüdü. Mən hər gün ona baxırdım və yerində olduğunu görürdüm. Vaxtı çatanda atam dedi ki, sabah dostlarını qonaq çağırıb, qarpızı da onlara sürpriz edəcək.

Atamın dostları gəldi. Bax, biz indi oturacağımız yerdə stol quruldu, süfrə açıldı. Qonaqlığın qızğın yerində atam dostlarına dedi ki, indi onları əsl sürpriz gözləyir və böyük qardaşıma göz elədi ki, gedib qarpızı tağdan üzsün və stola gətirsin.

Qardaşım qarpızı iri bir siniyə qoyub gətirdi. Atam bıçağı götürüb şəst və fərəhlə qarpızı kəsdi. Amma qarpızın içi boş idi. Kimsə, ya nəsə onu altdan, yəni torpağa oturduğu yerdən oyub yemişdi.

Atama bıçaq vursaydın, qanı çımazdı. Dostları əvvəlcə gülsələr də, sonradan kişinin halına acıyıb, ona ürək-dirək verdilər...

Qonaqlar gedəndən sonra atam toqqasını açıb bizi o ki var budadı, amma biz heç nəyi boynumuza almadıq. Çünki, doğrudan da qarpızı biz yeməmişdik.

Bir gün atam qonşumuz Qurbanın qarasına söyə-söyə içəri girdi.

Sən demə, həmin qarpızın yerini atamın uşaqlıq dostu, qonşumuz Qurban da bilirmiş. Atam bir dəfə necə olubsa, ağzından qaçırıb. Həmin Qurban da qarpızın içini oyub, xımır-xımır yeyib.

Atamın söyüşlə ürəyi soyumadı, dübarə çölə çıxıb dişinin dibindən çıxanı qonşu tərəfə yağdırdı. Qurban kişi də "Prima" siqareti damağında bic-bic gülürdü...Atam ondan sonra and içdi ki, bu qarpızın yerinə qanqal əkəcək. "Qoy, köpəyoğlu nə qədər yeyir-yesin!" Fikir verdinsə, şirin qanqaldır, uşaqlıqda ondan çox yemişik. Qoy, bu gün də gün vursun, sabah yığıb yeyərik.

Sabah bıçaq götürüb, qanqal olan yerə gəldik və gözlərimizə inanmadıq. Qanqal yerində yox idi, sanki burda yerli-dibli qanqal olmamışdı.

Dostum kədərlə:

-Qarpızın yerində qanqal bitdiyini gözümüzlə görmüşdük, otun öz kökü üstündə bitdiyini eşitsək də, görməmişdik. İndi gördük, -dedi və qonşu həyətə tərəf məyus-məyus, bir az da qəzəblə baxdı.

Hasar aşağı olduğundan qonşunun həyətəni görə bilridik. Qurban kişi belini bükə-bükə həyətdə gəzişir, oğlu, yəni dostumun sinif yoldaşı isə bizə tərəf baxıb hırıldayırdı...

Aprelin əvvəli, 2018

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31