Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edə biləcək
Azərbaycan Respublikasının regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin regional baxımdan tarazlı və davamlı inkişafı üçün bu imkan heç şübhəsiz ki, dövlət başçısı İlham Əliyevin 2009-cu il aprelin 14-də təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” yaradır. Belə ki, adı çəkilən sənəddə ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli dəstək olmaq, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulmuşdur.
27 Mart 2018 15:50 SosialRegionların sosial-iqtisadi inkişaf proqramları rayonlara özünümaliyyələşdirmə hesabına yaşamaq imkanı verib
Azərbaycan Respublikasının regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin regional baxımdan tarazlı və davamlı inkişafı üçün bu imkan heç şübhəsiz ki, dövlət başçısı İlham Əliyevin 2009-cu il aprelin 14-də təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" yaradır. Belə ki, adı çəkilən sənəddə ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli dəstək olmaq, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulmuşdur. Ölkənin növbəti beş ildə davamlı və tarazlı inkişafını nəzərdə tutan yeni Dövlət Proqramı (2004-2008-ci illər üzrə) iqtisadiyyatı şaxələndirmək yolu ilə onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı şəkildə yüksəldilməsinə nail olmaq məqsədi daşıyır. Maraqlıdır, ümumiyyətlə, yeni regional inkişaf proqramının reallaşdırılması Azərbaycanın sosial-iqtisadi tərəqqisinə nə kimi töhfələr verə bilər, adı çəkilən sənədin ölkənin qeyri-neft sektorunun inkişafına təsiri hansı səviyyədə olacaq?
Məlumdur ki, bu gün inamla həyata keçirilən Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımları və inanılmaz iqtisadi uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilib. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla qloballaşma dövrünün tələbləri səviyyəsində qurulur. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti uğurlu iqtisadi nailiyyətləri ilə aparıcı dövlətlər sırasında öz mövqeyini möhkəmləndirib. Xatırlatmaq yerinə düşərdi ki, hələ 2003-cü ildə prezident seçkiləri zamanı İlham Əliyev Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini, bölgələrdə güclü insan potensialının olduğunu və iqtisadi potensialın da yaradılacağını bəyan edərək, regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Ölkə başçısı regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, yeni iş yerləri yaratmaq, məşğulluq səviyyəsini və insanların yaşayış şəraitini yüksəltməklə yoxsulluğu azaltmaq, infrastruktur sahələrini təkmilləşdirmək və yeniləşdirmək, əlverişli investisiya şəraiti formalaşdırmaqla ölkənin, xüsusilə, regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud potensiala və yerli şəraitə uyğun müasir müəssisələr yaratmaq və beləliklə də, tarazlı regional inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) üzrə Dövlət Proqramı"nı təsdiq etmişdi. Eyni zamanda, ölkə başçısı son beş ildə Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran, Aran, Gəncə-Qazax və digər iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndırilməsinə dair əlavə sərəncamlar da imzalayıb. Bütün bunlarla yanaşı, təbii ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın icrasının yekunlarına dair konfransda da vurğulandığı kimi, 2004-cü ildə qəbul edilən regional inkişaf proqramına hər şeyi daxil etmək mümkün deyildi. Bu gün isə məhz regional proqramın uğurla həyata keçirilməsi nəticəsində ciddi regional iqtisadi potensial formalaşmış və artıq Azərbaycanda əksər sahələrin, bir çox bölgələrin konkret inkişaf proqramları işlənib hazırlanmış, eləcə də müvəffəqiyyətlə icra olunmaqdadır. Bu proqramların üstün cəhətləri ondan ibarətdir ki, burada bütün qarşıya qoyulmuş vəzifələr, onların icra dövrü, maliyyələşmə mənbələri və s. daha konkret xarakter daşıyır. Bütün bunlar isə əminliklə deməyə əsas verir ki, artıq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən vahid bir sistem kimi formalaşaraq, beynəlxalq iqtisadi arenada baş verən yenilikləri sürətlə mənimsəməkdədir. Bu mənimsəmə istər yeni texnika və texnologiyanın tətbiq edilməsi, istərsə də idarəetmə qərarlarının qəbulu, struktur yeniləşdirmələri və sair formada özünü büruzə verməkdədir. Məhz sözügedən dövlət proqramlarının icrasının nəticəsidir ki, artıq respublikanın 13 rayonu özünümaliyyələşdirmə hesabına yaşamaq imkanı əldə edib.Təsadüfi deyil ki, ölkə başçısı deyib ki, bu dövlət proqramlarının icrası ölkəmizin inkişafını göstərir: "Göstərir ki, bu gün də Azərbaycan uğurla inkişaf edir, sosial-iqtisadi layihələrə böyük vəsait ayrılır. Bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ölkə qarşısında duran bütün vəzifələrin icrası üçün ardıcıl siyasət aparılır". Regionların inkişafını diqqətdə saxlayan dövlət başçısı hər bir rayonun, hər bir şəhərin inkişafı üçün əlindən gələni edib: "Hər bir bölgə, hər bir rayon çalışmalıdır ki, öz daxili resursları hesabına iqtisadi və sənaye potensialını gücləndirsin. Düzdür, Azərbaycan dövləti və hökuməti fəaliyyətini hər bir bölgə üzrə konkret plan, konkret proqram əsasında qurubdur. Hər bir bölgəyə dövlət büdcəsindən subsidiyalar, dotasiyalar verilir və bu, belə də olmalıdır. Amma biz elə etməliyik ki, rayonların sənaye və iqtisadi potensialından maksimum şəkildə istifadə edək. Beləliklə, ölkəmizin gələcək inkişafı təmin ediləcəkdir. O gələcək inkişaf ki, bu gün bunun əsası qoyulur. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr deyə bilərəm ki, dünya miqyasında xüsusi yerə malikdir. Biz dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkəyik. Hətta bu il, keçən il - dünyada böhran illəri kimi tarixdə qalacaq bu illər ərzində Azərbaycan iqtisadiyyatı inkişafdadır. Bütün sosial proqramlar, infrastruktur layihələri icra olunur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası üçün bütün lazımi tədbirlər nəzərdə tutulub. Büdcəmiz artır. Dünyada böhran nəticəsində bir çox ölkələrdə büdcə yerinə yetirilmir və kəsir yaranır. Biz isə əksinə, büdcədə dürüstləşmə etdik və əlavə böyük vəsait ayırdıq ki, ölkə qarşısında təxirəsalınmaz, yəni vacib olan məsələlər tezliklə öz həllini tapsın".
Məhz görülən işlərin nəticədsidir ki, 2018-ci ildə Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edə biləcək. Bu məsələ cari ilin dövlət büdcəsi lahiyəsində əksini tapıb. Büdcə zərfinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 4 milyon manat çoxdur. Gələn il də rayon və şəhərlərin yerli xərcləri 424 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 3 milyon manat çoxdur. 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla, yerdə qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1 faiz olacaq: "Bu, cari ilin göstəricisindən 0,2 faiz bəndi aşağıdır. Maliyyə dəstəyinin faktiki məbləği bir milyon manat azalaraq 73 milyon manat təşkil edəcək. Burada öz xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər nəzərdə tutulmur: "Ümumilikdə, 33 rayon və şəhərin öz hesabına maliyyələşməsi müsbət haldır. Bu, dövlət büdcəsindən ayrılan dotasiyaların həcminin azalmasına səbəb olacaq. Nəticədə həmin vəsait digər vacib sahələrin inkişafına yönəldiləcək".
Bəs, maliyyə ehtiyaclarını öz hesabına təmin edən şəhər və rayonların sayının artması Azərbaycana nə vəd edir? İqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, bu addım büdcə vəsaitlərinə qənaət etməyə, rayonlararası rəqabət mühitinin yaranmasına xidmət edəcək. Vüqar Bayramov bildirdi ki, öz hesabına yaşayan rayonların sayının artmasında regionların inkişafı istiqamətində atılan addımların da mühüm rolu vardır: "Ümumiyyətlə, ölkə rəhbərliyinin yürütdüyü siyasət ondan ibarətdir ki, növbəti dövrdə də bütövlükdə digər rayonların da dotasiyadan azad edilməsi və öz maliyyə imkanları hesabına xərclərini ödəməsinə keçilməsi tətbiq olunsun. Bu mənada gələn il üçün 33 şəhər və rayonun dotasiyadan azad edilməsi və xərclərini öz gəlirləri hesabına xərclərini ödəməsi birbaşa rayonlara maliyyə muxtariyyətinin verilməsi baxımından vacibdir. Eyni zamanda bu addım rayonların yerli imkanlara söykənərək investisiyanın cəlb edilməsi hesabına daha çox iş yerlərinin yaradılması baxımından da önəmlidir. Bu mənada da gələn il üçün 33 rayonun xərclərini öz gəlirləri hesabına ödəməsi istiqamətində atılacaq addım gözlənilən idi. Həmçinin, sözügedən proses növbəti illərdə digər rayonları da əhatə etməlidir. Rayonlarda əvvəlki dövrlərdə, eləcə də, bölgələrin sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar sayəsində infrastruktur demək olar ki, tam olaraq formalaşıb. İndi həmin infrastrukturun artıq dəyərə çevrilməsinə ehtiyac vardır. Dotasiyanın dayandırılması da nəticə etibarı ilə imkan verəcək ki, rayonlar mövcud infrastrukturdan istifadə etməklə daha çox xarici və yerli investisiyanı cəlb edə bilsin. Eyni zamanda, regionlarda biznes mühitinin daha da yaxşılaşdırılması yolu ilə sərmayə axınına nail olmaq və nəticə etibarı ilə rayonların öz imkanları hesabına gəlirlərini artırması prosesinə də başlamaq lazımdır. Hansı ki, bu addımlar dövlət büdcəsində xeyli miqdarda vəsaitə qənaət etməyə imkan verəcək. Rayonlar arasında yaxşı mənada rəqabət mühitinin yaranması və inkişafına stimul yaradacaq. Çünki dotasiyanın olmaması fonunda rayonlar daha çox sərmayə cəlb etmək məcburiyyətində qalacaqlar ki, bu da onlardan işgüzarlıq tələb edəcək. Düşünürəm ki, proses davamlı olacaq və növbəti illərdə mərhələli şəkildə artıq bütün rayonların dotasiyadan kənar yaşamalarının şahidi olacağıq.Proses sonda regionların gəlirlərinin artmasına və yeni-yeni iş yerlərinin yaranmasına xidmət etmiş olacaq". İqtisadçı alim Əli Əlirzayevin fikrincə, xərclərini öz gəlirləri hesabına ödəmək gücündə olan rayonların sayının artması həmin regionun səmərəlilik göstəricisinin yüksəlməsinin nəticəsidir: "Hər bir region öz maliyyəsi hesabına yaşayır və daxili imkanlar hesabına inkişafa nail olursa, bu ilk növbədə sərbəstlik gətirəcək. Regionları ümumiyyətlə, mərkəzləşmiş fondlar hesabına yaşatmağın əhəmiyyəti azdır. Bu halda regionlarda inkişaf baxımından stimul yaranmır. Düzdür, elə region ola bilər ki, bu və ya digər sahənin inkişafı üçün mərkəzdən müəyyən miqdar ünvanlı subsidiya verilə bilər. Dotasiyalardan imtina, regionlara sərbəstlik verilməsi onları yeni-yeni mənbələr axtarmağa sövq edəcək ki, bu da inkişafın təməlidir. Dotasiyalardan azad olunacaq rayonların sayının gələn il üçün çoxalması regionların inkişaf istiqamətində öz imkanlarını genişləndirmələri və ondan səmərəli istifadə etmələrinin nəticəsidir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir