Özəl klinikaların xəstə yığma fırıldağı- ARAŞDIRMA
Azərbaycan səhiyyəsinin kifayət qədər inkişaf etməsinə baxmayaraq hələ də pasiyentlərin müayinəsi və müalicəsi prosesində problemlər yaşanmaqdadır. Əslində ölkədə yeni-yeni səhiyyə ocaqlarının açıldığı bir məqamda, ən müasir tibbi avadanlıqlarla təmin olunan, yüksək ixtisaslı kadrlara malik klinikalarda hansısa çatışmazlığın yaşanması heç cür başa düşülən deyil.
12 Mart 2018 13:50 SosialBelə tibb ocaqları heç bir məsuliyyət daşımırlar
Azərbaycan səhiyyəsinin kifayət qədər inkişaf etməsinə baxmayaraq hələ də pasiyentlərin müayinəsi və müalicəsi prosesində problemlər yaşanmaqdadır. Əslində ölkədə yeni-yeni səhiyyə ocaqlarının açıldığı bir məqamda, ən müasir tibbi avadanlıqlarla təmin olunan, yüksək ixtisaslı kadrlara malik klinikalarda hansısa çatışmazlığın yaşanması heç cür başa düşülən deyil. Onu da qeyd edək ki, pasiyentlərin ən çox narazı qaldıqları səhiyyə müəssisələri özəl klinikalardır. Qanunsuz orqan transplantasiyası, qanunsuz abort, səhv diaqnozlar, firma dərmanların təyinatı və sair-bütün bu sadalananlar Azərbaycanda fəaliyyət göstərən özəl klinikaların iş prinsipinə çevrilib. Əslində özəl klinikalarda belə halların mövcudluğu əhalinin geniş kütləsinə də məlumdur. Lakin həmin klinikalarda qurulan iş mexanizmi pasiyentlərin bundan qaçmasına imkan vermir. Çünki həmin klinikalarda çalışan həkimlərin əksəriyyəti elə dövlət xəstəxanalarının işçiləridir. Məsələ orasındadır ki, həkimlər xəstələri dövlət xəstəxanalarında deyil, özəl klinikalarda müayinə və müalicə etməyə üstünlük verirlər. Həm də xəstələrə guya özəl klinikalarda texniki avadanlığın və həkim personalının yüksək səviyyədə olmasına inandıra bilirlər. Üstəlik özəl klinikalar telekanallarda xarici ölkələdən gətirilmiş son tibbi avadanlıqları və əcnəbi həkimləri yaxşıca reklam etdirə bilirlər. Yeri gəlmişkən qeyd edək ki, artıq telekanalların verilişlərinin 90 faizinin sponsorları özəl klinikalar olduğundan hətta ciddi xəbərlər proqramlarında belə özəl tibb müəssisələri barədə reportajlar verməkdən çəkinmirlər. Nəticədə düşünülmüş şəkildə özəl klinikalara yönəldilmiş pasiyentlər şəfa tapmaq əvəzinə "bəla" tapmış olurlar. Daha dəqiq desək, özəl klinikalarda külli miqdarda vəsait xərcləyən xəstələr sağalmaz dərdə düşürlər. Özəl klinikalarda müayinə və müalicənin kifayət qədər baha olması artıq heç kimə sirr deyil. Burada müasir aparatlarla müayinə, müalicə və cərrahiyə əməliyyatlarının orta qiyməti 70-80 min manata çatır. Bunun üzərinə firma dərmanları, klinikada qalmaq, digər tibb personallarını "görmək" kimi əlavə xərcləri də gəlsək real həqiqət bəlli olar. Azərbaycanda fəaliyyət göstərən özəl klinikalar əlavə qazanc əldə etməkdən ötrü min cür fırıldağa əl atrılar. Ən acınacaqlısı odur ki, öz məqsədlərinə nail olmaq üçün vətəndaşları aldatmaqdan belə çəkinmirlər. Özəl klinikaların əl atdıqları fırıldaq üsullarından biri vətəndaşların mobil telefonina zəng edərək onlara şirnikləşdirici təkliflər etməsilə bağlıdır. Belə ki, istənilən mobil telefon nömrəsinə cavab verənə klinika adından bildirilir ki, guya həmin nömrə uduşa düşüb və endirimli müayinəyə gələ bilər. Müştərini cəlb etdikdən sonra isə mərhələli müalicə metodu və bahalı kosmetik dərmanlarla yükləyirlər. Maraqlı məqam ondan ibarətdir ki, müştəriyə təklif olunan kosmetik dərmanların mənşəyi, istehsal tarixi və yeri qeyri-müəyyəndir. Həmin dərmanların isə əks təsir göstərəcəyi barədə məlumat da yoxdur. Onu da qeyd edək ki, belə zənglər ən çox kosmetoloji müalicə və müayinə ilə məşğul olan klinikalar tərəfindən edilir.
Əcnəbi həkim fırıldağı
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən əksər özəl klinikalarda xarici ölkələrdən dəvət edilən həkimlər fəaliyyət göstərir. Bəzən aylarla gələcək həkimin reklamı da edilir. Belə fəaliyyət daha çox plastik cərrahiyə sahəsində geniş yayılıb. Ancaq unutmaq olmaz ki, klinikaların dəvət etdikləri əcnəbi həkimlərin müsbət tərəfləri kimi əhali üçün mənfi tərəfləri də var. Əvvala onların etdiyi əməliyyatların qiymət fərqi yerli həkimlərə müqayisədə dəfələrlə yüksək olur. Bəzən hər hansı bir əməliyyatdan narazı qalan vətəndaş həmin xarici həkimi tapmaqda çətinlik çəkir. Əməliyyatı həyata keçirən həkim ona çatacaq faizi aldıqdan dərhal sonra ölkəni tərk edir. Müalicəsi başa çatmayan pasiyent isə çıxılmaz vəziyyətdə qalır. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında" 7 noyabr 2001-ci il tarixli qərarında qeyd olunan məsələlər öz əksini tapıb. Qərara əsasən, xarici ölkələrdən dəvət edilən həkimlər yalnız Səhiyyə Nazirliyinin əmri ilə yaradılmış komissiya tərəfindən verilən şəhadətnamə əsasında Azərbaycanda fəaliyyət göstərə bilər. Üstəlik həkim haqqında, onun təhsili, əməliyyatları barədə pasiyentin məlumat almaq hüququ var. Bu isə klinika tərəfdən mütləq şəkildə təmin edilməlidir. Özəl klinikalar isə bilərəkdən təsdiq edilmiş qaydalara riayət etməkdən yayınırlar. Ona görə ki, klinika Səhiyyə Nazirliyinin müvafiq komissiyasının verdiyi şəhadətnaməsiz həkimi dəvət edibsə, sonda məsuliyyət onun üzərində qalır.
Özəl klinikaların reklam siyasəti
Son vaxtlar özəl klinikaların reklamı ölkədə fəaliyyət göstərən telekanalların gəlir mənbəyinə çevrilib. Telekanallarda özəl klinikalardakı müasir tibbi avadanlıqdan tutmuş ayrı-ayrı sahələr üzrə həkimlərin reklamı aparılır. Bununla kifayətlənməyən klinikalar sosial şəbəkələri də zəbt ediblər. Aldadıcı şərtlər, şirnikləşdirici vədlərlə insanları tora salmaq özəl klinikaların iş prinsipinə çevrilib. Ekspertlər isə özəl klinikaların reklamlarının əksər hallarda aldadıcı olduğu qənaətindədirlər. Çünki, özəl klinikaların əksəriyyətinin reklamı ilə reallıqda təklif etdiyi xidmət üst-üstə düşmür. Elə hallar olur ki, klinikalar ən müasir tibbi avadanlığa malik olduqlarını bəyan edirlər, ancaq sonradan bəlli olur ki, həmin avadanlıqdan 50 ildir ki, dövlət xəstəxanalarında istifadə edilir. Yaxud, bəh-bəhlə hansısa ölkənin məşhur həkimini, cərrahını Azərbaycana gətirdiklərini reklam edirlər. Əslində, burada əsas məqsəd klinikaya müştəri cəlb etmək, hər cür vasitə ilə klinikanın imicini qaldırmaqdır. Beləliklə də vətəndaşları aldadıb müştəri cəlb edirlər, pasiyentlər isə həmin klinikaların qapısında növbəyə düzülürlər. Yeri gəlmişkən qeyd edək ki, "Reklam haqqında" qanunun tələbinə görə, yayımçılar hansısa bir qurğunu və sair reklam etdikdə, reklam verəndən bununla bağlı sertifikat tələb etməlidir. Üstəlik, qanunvericiliyin tələbinə əsasən hər hansı klinikanın reklamı zamanı telekanallar reklam edilən tərəfdən Səhiyyə Nazirliyinin rəyini tələb etməlidir. Çox təəssüf ki, bəzən telekanallar nazirliyin rəyini tələb etmədən hansısa özəl klinikanı, yaxud da dərman vasitəsini reklam edir.
Birtərəfli bağlalan müqavilələr
Faktlar göstərir ki, özəl klinikalarla pasiyentlər arasında narazılıq daha çox qarşılıqlı müqavilənin olmaması səbəbindən baş verir. Belə ki, əksər özəl klinikalarda pasiyentlə müalicə müəssisəsi arasında ya ümumiyyətlə müqavilə bağlanmır, ya da bağlanan müqavilə, yaxud razılıq sənədləri birtərəfli olur. Belə müqavilələr isə əksər hallarda klinikaların maraqlarına xidmət edir. Yəni, sənəddə pasiyentin hüquq və vəzifələri barədə heç bir müddəa olmur, baş verə biləcək bütün xoşagəlməz hadisələrin məsuliyyəti xəstənin üzərinə qoyulur. Odur ki, özəl klinikalarla pasiyentlər arasında bağlanan müqavilələrin əksəriyyəti tibb müəssisəsi və həkimləri bütün təhlükələrdən sığortalamaq məqsədi daşıyır. Özəl klinikalar belə müqavilələri də özünəməxsus qaydada reallaşdırılar. Belə ki, əməliyyata dəqiqələr qalmış sənədi gətirib qoyurlar xəstənin, ya da xəstənin yaxınlarının qabağına ki, formal sənəddir, bunu imzalamalısan. Qarşı tərəf də formal olaraq qol çəkir. Əslində isə belə müqavilələr ikitərəfli olmalıdır. Bu zaman, əməliyyatdan öncə əməliyyatın mümkün fəsadları xəstəyə başa salınmalı, xəstə mövcud riskləri bildikdən sonra əməliyyata razılıq verməlidir. Məsələ orasındadır ki, belə müqavilələr özəl klinikaların daxili nizamnaməsinə uyğun hazırlandığından Səhiyyə Nazirliyi bu məsələyə müdaxilə edə bilmir. Çünki özəl klinikalar bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərir və onların maliyyə məsələləri bazar iqtisadiyyatı ilə tənzimlənir. Eyni zamanda özəl tibb müəssisələrinin maliyyə məsələlərinə qarışmaq Səhiyyə Nazirliyinin səlahiyyəti xaricindədir. Budan əlavə, klinika ilə vətəndaş arasında müqavilənin bağlanıb-bağlanmaması hər iki tərəfin şəxsi mövqeyidir.
Nurlan