Yağış təəssüratları və alqışlar...
Yağış hər fəsildə gözəldir. Səhərə kimi yağış yağıb. Mən damcıların pəncərəyə necə dəydiyini yuxunun arasından eşidirəm. Səhər oyanan kimi pəncərənin qarşısına gəlib şəhərə baxıram. Şəhər tam oyanmayıb. İstirahət günüdür axı...
12 Mart 2018 13:01 SosialElçin Hüseynbəyli
Yağış hər fəsildə gözəldir. Səhərə kimi yağış yağıb. Mən damcıların pəncərəyə necə dəydiyini yuxunun arasından eşidirəm. Səhər oyanan kimi pəncərənin qarşısına gəlib şəhərə baxıram. Şəhər tam oyanmayıb. İstirahət günüdür axı...
Uzaqdan görünən binaların damları, Beynəlxalq Daun Mərkəzinin gümbəzləri parıldayır. Çünki his-pasdan təmizləniblər. Bu təmizliyi kənddə daha yaxşı hiss eləmək olur. Toz basmış ağaclar yuyulur, dirçəlir, sevinir. Onlar da canlıdır, axı. Yağışda islanırlar, günəşə boylanırlar.
Birdən yadıma düşür ki, qonşu binanın damında təşər-təşər gəzişən qarğalar, çəmənlikdə yürüyən ayağı çəhrayı göyərçin və qumruların səsi gəlmir. Ən çox sevdiyim sərçələr də görünmür. Onların harda gizləndiklərini bilirəm: zeytun xiyabanındakı həmişəyaşıl kolluqda.
Yağışda hamı üşüyür, hardasa gizlənir. Ən çox da balacalara yazığım gəlir. Tanışımın Darsi adında balaca bir iti var, çox mehribandır. Di gəl ki, yağışdan və soyuqdan qorxur. Belə havalarda çölə çıxan kimi atılır dostumun qucağına, soyuqdan tir-tir əsir. "Bu niyə belə edir?" deyə soruşuram. Sən demə, bir dəfə, dostumun hələ naşı vaxtları, soyuqda onu çölə çıxarıb, geyindirib-eləməyib. Odu-budu Darsi bayırdan qorxur...
Yağış səngiyəndə aşağı düşürəm.
Hər gün məktəbə tələsən balaca məktəblilər də yoxdur. Yalnız qoca şam ağacının altında qıvrılıb yatan tanış itləri görürəm, sanki dünyadan xəbərsizdirlər, hənirti-zad duymurlar, yəqin addım səslərinə öyrəncəlidirlər. Kənddə olsaydılar, sahibləri belə itləri saxlamazdı.
Zeytun xiyabanına gəlirəm. Qarşıma yerdə dən axtaran bir dəstə göyərçin çıxır. Daldalandıqları yerdən çıxıblar demək... "Aha, tapdım sizi!" deyirəm. Onlar isə mənə əhəmiyyət vermirlər, xırdaca, çəhrayı addımlarla axtarışlarını davam etdirirlər...
Həmişəyaşıl kollarından sərçələrin səsi gəlir. Yağışda lal olan sərçələrin yağış kəsən kimi dilləri açılır. Nə barədəsə qızğın söhbət edirlər. "Ay sizi!" deyirəm. Səsimi eşitcək susurlar. Özü də, deyəsən, iki cəbhəyə bölünüblər. Əvvəllər hamısı bir kolda olardı, amma indi ayrıdırlar. Yəqin dalaşıblar...
Uzağa baxıram. Qarşıda tək-tük maşın görünür, bir piyada yolu qaçaraq keçir, binalar səssiz-səmirsiz yuxudan oyanır. Hər birində insan taleyi və düşüncəsi dolaşır. Təki yaxşılığa doğru olsun!
"Səkkiz mart" ərəfəsi çiçəkləyən badam ağacının yanından keçirəm. Onun ağ-çəhrayı çiçəklərinə baxmasam olmaz. Mənə elə gəlir ki, badam ağacı qadınlar üçün çiçəkləyib...
Geri qayıdıram. Çöl qapını açmaq istəyəndə kiminsə ucadan səsləndiyini eşidirəm: "Ay kişi, ay kişi!" Qanrılıb baxıram, ahıl bir kişi kənddən qonaq gəlib. Əlində iki ağır zənbili var. Sən demə, məni çağırır ki, qapını örtməyim və liftə minməyə kömək edim. "Şəhər qoca yeri deyil" - deyir, - "heyf deyil kənd". Mən də kəndi sevdiyimi deyirəm. Düşmək növbəsi çatanda kəndçi saflığı özünü göstərir, məni israrla qonaq getdiyi evə dəvət edir. Yəqin nəvələrinin yanına gəlib...Adi bir köməyə görə dilindən alqış düşmür. Bayaq dedim axı, təki hər şey yaxşılığa doğru olsun...
Mart, 2018