Elçin Hüseynbəyli yazır... Özgədə özünü görməli

Məni ağrıdan bir məsələni sizinlə bölüşmək istəyirdim, dostlar. Amma bu ağrını azaldan, ona məlhəm qoya biləcək xəbər aldım. Həmin xəbəri bir azdan sizinlə paylaşacam. İndi isə qayıdaq məni (inanıram ki, həm də sizi) qayğılandıran məsələyə. “Tale adamları” deyilən bir ifadə var. Mən bunu tez-tez rastlaşdığım (rastlaşdığımız) kimsəsizlərlə, belə deyək, talesizlərlə bağlamaq istəyirəm. Onlara hər yerdə rast gəlmək olar: bağda, parkda, pilləkənlərdə, metroda, küçədə...

Elçin Hüseynbəyli

Özgədə özünü görməli

Məni ağrıdan bir məsələni sizinlə bölüşmək istəyirdim, dostlar. Amma bu ağrını azaldan, ona məlhəm qoya biləcək xəbər aldım. Həmin xəbəri bir azdan sizinlə paylaşacam. İndi isə qayıdaq məni (inanıram ki, həm də sizi) qayğılandıran məsələyə. "Tale adamları" deyilən bir ifadə var. Mən bunu tez-tez rastlaşdığım (rastlaşdığımız) kimsəsizlərlə, belə deyək, talesizlərlə bağlamaq istəyirəm. Onlara hər yerdə rast gəlmək olar: bağda, parkda, pilləkənlərdə, metroda, küçədə...

Bu yaxınlarda onlardan birini gördüm. Boş həyətdəki tut ağacının altında. Həmin adam iki körpəsilə birlikdə skamyada yatmışdı. Daha doğrusu uşaqlar yatmışdılar, ana isə onların ortasında oturmuşdu. Cocuqların başları analarının dizlərinin üstündəydi. Səhər təzəcə açılmışdı. Mən də yaxınlıqdakı çörəkbişirmə sexindən qayıdırdım.

-Burda niyə yatırsınız? -deyə soruşdum.

-Bizi qaldığımız evdən qovublar, - qadın dedi və ağlamsındı.

-Niyə qovublar ki?

-Rayona getmişdim, qayıdanda gördüm ki, bizim yerimizi başqasına satıblar.

Məlum oldu ki, qadın uşaqları ilə birlikdə Bakıya gəlib, bazarda işə düzəlib və yaxınlıqdakı "mehmanxanada" özünə yer eləyib. Təcili rayona gedəsi olub, qayıdanda isə...

Nə deyəcəyimi bilmədim. Çünki ürəyim ağrıdı. Qadını danışdırsaydım, daha böyük faciəyə şahidlik edə bilərdim. O cür hekayətləri dinləməyə isə ürək lazımdır.

Aldığım çörəyi qadına uzatdım. Çörəyi alıb iylədi:

-Uşaqlar duranda verərəm, -dedi.

-Yaxında yetimlər evi var, ora niyə getmirsiniz?

-Tanımırıq.

Mən həmin yeri qadına başa saldım və sonralar onu görmədim...

...Bir axşam evə qayıdırdım. Cavan bir qadın pillələrin üstündə oturmuşdu. Balaca bir qız uşağı isə onun yanında oynayırdı, birdən nəsə tapdı və anasına tərəf yüyürdü:

-Mama, bax, gör nə tapdım!

Uşağın əlindəki afişa qırığıydı və balaca bir şəklə sevinirdi. Anasının isə halı özündə deyildi. Ona görə də balasının sevincinə şərik çıxa bilmədi. O, əlini yana açıb, gözlərini yerə dikib, sədəqə umurdu...

Bütün bu mənzərələr, dostlar, mənə sakitlik vermir. Mən onları görəndə içim alt-üst olur.

Bilirsiniz, ondan da betər mənzərələr var. Məsələn, şikəst uşağını parka gəzməyə aparan anaları görəndə ürəyim az qalır ayağımın altına düşsün. İllah da ki, o, uşaq minnətdarlıq əlaməti olaraq anasının əlini öpəndə.

Günlərlə özümə gələ bilmirəm. O, talesizlər hər yerdə məni izləyirlər, yuxularıma girirlər. Bu barədə danışanda isə doğmalarım mənə deyirlər: "Sən özünü də öldürəssən, bizi də. Hər kəsin öz taleyi var. Onlarınkı da belə gətirib. Sən tanrı deyilsən."

Düzdü, mən tanrı deyiləm və həmin taleni də dəyişə bilmərəm. Amma o, insanları bu hala salan biz özümüzük, axı. İnsanlardı. Çünki həmin insanlar qarşsındakı adamda özünü görə bilmir. Belə olanda bax həmin kimsəsilər bizim həyatımıza girir və rahat yaşamağa qoymurlar...

Özgədə özünü görmək həyatımızın ən ciddi məqamıdır.

Heydər Əliyev Fondu bu istiqamətdə xeyli işlər görüb. Amma kimsəsizlər azalmır...

Təzə xəbər isə, dostlar, Bakıda ilk sığınacağın açılmasıdır. Orda əsasən kimsəsiz uşaqlara yer verəcəklər. Amma kimsəsiz insanlar da var, axı. Özü də əksəriyyəti qadınlardır, analardır...

Küçələrdə böyüyən kimsəsiz uşaqlar da bizim gələcəyimizdir...

İstərdim ki, sığınacağa ehtiyacı olanlar qalmasın, əgər onlar varsa, onda bu kimsəsizləri yeyirib-doyura, yatacaq verə biləcək sığınacaqlarımız çox olsun...

Noyabr, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31