Əgər söhbət keyfiyyətli müdafiədən gedirsə...
Ölkədə nümayəndəlik institunun ləğv edilməsi bu sahə ilə məşğul olanları narahat etməklə yanaşı, mütəxəssilər arasında fikir ayrılığına da səbəb olub. Gətirlən əsas arqument ondan ibarətdir ki, Azərbaycanda vəkillərin sayının az olması səbəbindən nümayəndəlik institutunun ləğvi ciddi problemlərə yol aça bilər.
6 Noyabr 2017 14:23 SosialDeputat: "Dəyişiklikdən sonra yaxın qohumların müdafiəsinə çıxan şəxslərin peşəkar olacağına kim zəmanət verəcək"
Ölkədə nümayəndəlik institunun ləğv edilməsi bu sahə ilə məşğul olanları narahat etməklə yanaşı, mütəxəssilər arasında fikir ayrılığına da səbəb olub. Gətirlən əsas arqument ondan ibarətdir ki, Azərbaycanda vəkillərin sayının az olması səbəbindən nümayəndəlik institutunun ləğvi ciddi problemlərə yol aça bilər. Yeri gəklmişkən qeyd edək ki, adıçəkilən qanunlara nəzərdə tutulan dəyişikliklərin əleyhinə səs verən millət vəkillərdindən biri də Çingiz Qənizadə olub. Nümayəndəlik institutunun ləğvi və yarana biləcək problemlərlə bağlı fikirlərini açıqlayan millət vəkili Çingiz Qənizadə deyib ki, ən çox mübahisə doğuran məsələ Mülki Prosessual Məcəllədə nümayəndəlik institutunun ləğvini nəzərdə tutan dəyişiklikdir: "Belə ki, bu günə kimi Mülki Prosessual Məcəllə nümayəndəlik institutunun fəaliyyətinə imkan verirdi, ancaq dəyişiklik artıq bu institutun fəaliyyətini demək olar ki, məhdudlaşdıracaq. Qanuna nəzərdə tutulan dəyişiklik qanunvericilik təşəbbüskarlığına uyğun olaraq Ali Məhkəmənin sədri Ramiz Rizayevin imzası ilə Milli Məclisə daxil olub. Və orada, məhkəmə icraatında nümayəndəlik institutunun məhdudlaşdırılması deyil, əksinə nümayəndəlik institutunun təkmilləşdirilməsi nəzərdə tutulurdu. Amma biz dəyişikliyə baxanda, hər şeyin əksi olaraq nümayəndəlik institutunun ləğvinə yönələn addımların şahidi olduq". Millət vəkili əlavə edib ki, burada ən çox mübahisə doğuran məqam isə Mülki Prosessual Məcəllədəki 69.1-1.maddəsi ilə bağlı oldu: "Bu məsələ birinci dəfə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə ediləndə orada belə maddə yox. Müzakirələrin yekunu olaraq müəyyən düzəlişlərlə birgə yenidən işlənməsi üçün geri qaytarıldı. Və bundan sonra qanuna yeni maddə əlavə edilərək yenidən müzakirəyə çıxarıldı. Yeni təklifə əsasən isə bu maddədə fiziki şəxsin ancaq yaxın qohumu və ya vəkili məhkəmə prosesinə çıxa bilər. Lakin əvvəlki variantda fiziki şəxsin nümayəndəsi də ola bilməzdi. Yalnız Məcəllənin 69.2 mddəsində nəzərdə tutulduğu kimi hüquqi şəxslərin nümayəndələrin xidmətindən istifadə hüququ nəzərdə tutulurdu. Lakin burada da müəyyən dəyişiklik edilərək, hüquqi şəxsin mövqeyini ancaq o idarə və təşkilatda çalışan şəxs, hüquqi şəxsin hüququnu qoruya bilər. Düzdür, bu məsələ elə də ciddi gərginlik yaratmadı".
Ən ciddi gərginlik yaradan məsələnin fiziki şəxslərin hüquqlarının müdafiəsində nümayəndələrin fəaliyyətinin məhdudlaşdırıldığını deyən Ç.Qənizadə bildirib ki, bu məsələ ciddi gərginliyə səbəb oldu: "Bizdə olan məlumata görə, bu gün ölkədə iki minədək qeydiyyatdan keçmiş hüquqşünaslar nümyəndəlik fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, haradasa 6-7 min nəfər də qeydiyyatdan keçməyən şəxs fərdi qaydada nümayəndəlik fəaliyyətiylə məşğuldur. Ona görə də biz məsələni belə qoyduq ki, əgər bu pərakəndliyi aradan qaldırmaq istəyiriksə, o zaman nümayəndəlik institutunu tamamilə ləğv etmədən qanunvericiliyi təkmilləşdirək. Biz yaranmış vəziyyətdən çıxış yolu kimi qanunvericiliyə nümayəndəliklə məşğul olan şəxslərin hüquq firmaları yaratmaqla problemin həlli yolunu təklif etdik. Qoy ali təhsilli hüquqşünaslar hüquq firmalarını yaradaraq nümayəndə kimi insanlara hüquqi yardımlar göstərsinlər. Bu yolla həm pərakəndəliyi aradan qaldırmaq mümkün olacaq, həm də nümayəndə kimi fəaliyyət göstərənlər öz üzərlərində məsuliyyət dərk edəcəklər. Digər məqam isə bu hüquq firmaları yeni iş yerlərinin açılmasına və bunun nəticəsində bu firmalar vergi ödəyici kimi büdcəyə gəlir gətirəcək. Burada çalışan şəxslər ailələrini dolandıracaqlar. Əks təqdirdə isə belə bir institutu ləğv etməklə işsizlik ordusunun sayının artmasına xidmət edəcəyik ki, bu da sonda ciddi problemlərə yol açacaq". Millət vəkili qeyd edib ki, qanunvericilikdə nümayəndəlik institutunu ləğv etməklə təqribən 8 minədək insanı fəaliyyətdən uzaqlaşdırıb, insanları işsiz və onların ailəsini ac qoyacağıq: "Odur ki, məsələ bu cür həll olunmamalıdır və bu məsələ ciddi kompleks yanaşma tələb edir". Ç.Qənizadə deyib ki, bu gün Azərbaycanda 370 minə yaxın mülki işə baxılır:"Bunların da mütləq əksəriyyətində nümayəndələr iştirak edir. Bu gün Azərbaycanda 480 hakim 900-ə yaxın vəkil var. Və bu 900 vəkil 370 min mülki və inzibati işlərə baxışı zamanı insanlara bir vəkil kimi necə xidmət göstərə biləcəklər? Axı bu fiziki cəhətdən də mümkün deyil". Məsələ ilə bağlı xüsusi bir məqama diqqət çəkən millət vəkili deyib ki, əgər nümayəndələr məhkəmə proseslərinə 100-200-300 manat müqabilində çıxırdılarsa, nümayəndəlik institutunun ləğvindən sonra əhalinin kasıb təbəqəsi məhkəmədə müdafiə imkanından məhrum olacaq: "Nümayəndəlik institutunun ləğvindən sonra vəkillik fəaliyətində xidmət haqqı avtomatik bahalaşacaq. Vəkillik institutu monopolist qismində çıxış etməklə qiymətləri qaldıracaq. Bundan sonra 100-300 manat arasındakı işlərə 500-1000 manat istəyəcəklər. Nəticədə əhalinin kasıb təbəqəsi hüquqi müdafiədən məhrum olacaq. Burada digər əsas məqam isə ondan ibarət olacaq ki, vəkillər müştəriləri arasında fərq qoyacaq. Kim daha çox pul ödəyəcəksə, vəkil onun hüququnu müdafiə edəcək. Bəs kasıb, imkansız təbəqənin hüququnu kim müdafiə edəcək?" Ç.Qənizadə deyib ki, əgər burada söhbət keyfiyyətli müdafiədən gedirsə və nümayəndələr arasında xeyli sayda savadsız, hüquqşünas olmayan insanların olduğu əsas gətirilirdisə, bəs, o zaman dəyişiklikdən sonra yaxın qohumların müdafiəsinə çıxan şəxslərin savadlı, peşəkar olacağına kim zəmanət verəcək: "Yeni dəyişikliyə əsasən nümayəndələr ancaq yaxın qohumların məhkəməsində iştirak edib, onların hüquqlarını müdafiə edəcəklər. Bu nümayəndə işsiz, bədən tərbiyəsi müəllimi də ola bilər. Belə olanda məhkəmədə hansı keyfiyyətli müdafiədən söhbət gedə bilər". Millət vəkilinin fikrincə, nə qədər ki, "Vəkil və vəkillik fəaliyyəti haqqında" Qanun təkmilləşdirilməyib, vəkillik institutuna işə qəbul sadələşdirilməyib, Azərbaycanda vəkillərin sayı bir neçə minə qaldırılmayıb, qanuna belə dəyişikliyi qeyri-məqbul hesab edir: "Bunu etmək olmazdı. Sizə bir statistik məlumatı xatırladım ki, Avropa Şurasının açıqladığı rəqəmə əsasən Azərbaycan qurumda üzv olan ölkələr sırasında hər yüz min nəfərə düşən vəkil sayına görə ən axrıncı yerdədir. Lüksemburqda hər yüz min nəfərə 384, Ukraynada 244, 5 milyonluq Gürcüstanda 82,6 vəkil düşdüyü halda, 10 milyonluq Azərbaycanda hər yüz min nəfərə 8,9 vəkil düşür. Bu sayda olan vəkil korpusu ilə vətəndaşlara necə xidmət göstərə biləcək və minlərlə nümayəndənin işini öz üzərinə götürüb həll edə biləcək. Əlbəttə ki, bu mümkün olmayacaq. Bu mümkün olmadığına görə də, hesab edirəm ki, bu boşluq ciddi səs-küyə səbəb olacaq, problemlər yaradacaq. Nəticədə məhkəmələrdə vətəndaşlar normal müdafiədən kənarda qalmış olacaqlar".İndiyədək Azərbaycanda ciddi vəkil korpusunun yaranmaması səbəbindən danışan millət vəkili deyib ki, son 3 ilə yaxın müddətdə, daha doğrusu 2 il 7 ay ərzində vəkillərin işə qəbulu baş verməyib: "Niyə görə bu müddət ərzində vəkil işə qəbul edilməyib. Səbəb isə vəkilin işə qəbulu ilə bağlı "Vəkil və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsində nəzərtə tutulan tələblərdir. Burada elə tələblər qoyulub ki, bu ağlabatan deyil. Digər məqam isə vəkil kimi fəaliyyət göstərmək üçün test balının həddən yuxarı;- 60 bal səviyyəsində müəyyən edilməsidir. Bu balı kim müəyyən edib?! Haradan götürülülb?! Təbii ki, bunu Vəkilllər Kollegiyası özü müəyyən edib. Hesab edirəm ki, Vəkillər Kollegiyası qapını açmalı, kim vəkil kimi fəaliyyət göstərmək istəyirsə, ona şərait yaratmalıdır. Yəni vəkil fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün şərtlər sadələşdirilməli, bal səviyyəsi aşağı endirilməlidir. Təbii ki, biz qapını aç deyəndə, kim gəldi vəkil kimi fəaliyyət göstərməsini nəzərdə tutmuruq. Hüquqi təhsili olan, hüquq-mühafizə orqanlarından qovulmayan, ağlı başında olan peşəkarlar müsahibə yolu ilə işə qəbul olunmalıdır". O, eyni zamanda bildirib ki, nümayəndəlik institutunun ləğvi Ədliyyə Nazirliyinin lisenziyası ilə Nazirlər Kabinetinin 1 may 1998-ci il tarixli pullu xidmət haqqındakı 103 saylı qərarına da öz təsirini göstərib, onun faktiki olaraq qüvvədən düşməsinə səbəb olacaq: "Yəni bu qərar hüquqi qüvvəsini itirmiş olacaq. Çünki bu qərara əsasən insanlar Ədliyyə Nazirliyindən aldığı lisenziya əsasında pulli xidmət əsasında nümayəndə kimi fəaliyyət göstərirdilər. Qanunverciliyə müvafiq dəyişiklik, bu qərarın da fəaliyyətini məhdudlaşdırmış olacaq".
Alim