Elçin Hüseynbəyli yazır... Ədəbiyyatımızın maralları
Ötən yazımda demişdim ki, ölkəmizdə ədəbiyyat maralları çoxdur. Onların ədəbiyyata gəlişi Böyük Ruhla bağlı olmasa da, bəzi kasıb qələm əhlini dolandırmaqla özlərinə savab qazanırlar. Belələrindən bir neçəsini şəxsən tanıyıram. Amma qəribə birisi haqqında mütləq deməliyəm. Onun şeir yazması şöhrətpərəstlikdın daha çox, var-dövlət qazanmaq istəyindən irəli gəlirdi.
6 Noyabr 2017 14:21 SosialElçin Hüseynbəyli
Ədəbiyyatımızın maralları
(ikinci yazı)
Ötən yazımda demişdim ki, ölkəmizdə ədəbiyyat maralları çoxdur. Onların ədəbiyyata gəlişi Böyük Ruhla bağlı olmasa da, bəzi kasıb qələm əhlini dolandırmaqla özlərinə savab qazanırlar. Belələrindən bir neçəsini şəxsən tanıyıram. Amma qəribə birisi haqqında mütləq deməliyəm. Onun şeir yazması şöhrətpərəstlikdın daha çox, var-dövlət qazanmaq istəyindən irəli gəlirdi. Deyəcəksiniz ki, şair də pul hardandı? Haqlı sualdır. Amma bu həmkarımız elə bilirdi ki, görkəmli şəxsiyyətlərə ithaf şeirləri və poemaları yazmaqla ya deputat olacaq, ya da vəzifə alacaq. Amma yuxarıdakılar da çörəyi qulaqlarının dibinə yemirlər və o yazılardan yaltaqlıq iyi gəldiyini dərhal tuturlar. Heç bir bədii gücü olmayan yazıları başqları yazsa da, o bədbəxtə şedevr kimi sırıyırdılar, insafən o da para xərcləməyə xəsislik eləmirdi. Nəticədə binəva nə deputat oldu, nə də vəzifə aldı, sadəcə olan-qalanı da ara yerdə itib-batdı. İndi keçmişin əzabını çəkə-çəkə yaşayır və belə getsə, doğrudan da şair olacaq.
Başqa bir ədəbiyyat maralını isə məhlə qonşumuz mənə tanıdıb. Dedi ki, bəs filankəs pensiyaya çıxdıqdan sonra təbi gəlib, şeirlər yazır, xahiş edir ki, bir ona baxasan, imkan olsa, çapına kömək edəsən. Və bir gün çay süfrəsi arxasında həmin pensiyaçı-şair şeirlərini guruldatdı. Qrafaman ondan qat-qat yaxşıdır, heç olmasa, hecanı-vəzni bilir. Bu qardaşımızın dedikləri isə əttökən söz yığınından başqa bir şey deyildi.
Bayaq dedim ki, ədəbiyyat maralları cürbəcür olur. Bir ədəbiyyat maralı isə şöhrətpərəstlik zirvəsinə durmadan can atır. Qohumlardan biri mənə kitab göndərib, özü də xahiş edib ki, oxuyum və imkan olsa, bir neçə kəlmə də yazıb qəzetlərdə çap elətdirim. Özü də bu sözləri mənə gülə-gülə telefonda deyir. Əgər ədəbiyyatdan uzaq adam o şeirlərə gülürsə, özünüz də bilirsiniz ki, açıb-ağartmağa dəyməz. Amma nə deyirsiniz, pulu hesabına iki gündən bir özü haqqında palaz-palaz yazılar dərc elətdirir.
Ədəbiyyat maralları daha çox müsabiqələr zamanı meydana çıxır. İş elə gətirib ki, bir neçə ədəbiyyat müsabiqəsinin münisiflər heyətinin üzvü, ya da sədri olmuşam. Dürlü-dürlü yazarlar elə dürlü-dürlü də əsərlər təqdim edirlər. Məsələn, Mahmud Kaşqarlı adına hekayə müsabiqəsini keçirərkən bir yazı göndərilmişdi. Janrını "hekayə" kimi müəyyənləşdirən müəllifin ilk cümləsi beləydi: "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yay ayları çox isti keçir." Bu həmkarımız inşa ilə hekayəni qarışıq salmışdı. Başqa birisi isə Şay İsmayıl Xətai haqqında bir tənqidi cızma-qara göndərmişdi və inanırdı ki, cəsarətinə görə baş mükafatı ona verəcəklər. Elə belə də yazmışdı: "İndiki dövrdə Şah İusmayıl Xətai haqqında həqiqətləri yazmaq böyük cəsarət tələb edir və inanıram ki, mənim bu əsərim (əsər e - E.H) baş mükafata layiq görüləcək."
Bax belə, dostlar. O biri marallar barədə sonra danışarıq, sonra...
Noyabr, 2017