Vətəndaş cəmiyyətlərinin dövlət idarəçiliyinə cəlb edilməsi siyasi plüralizmin göstəricisidir
Sirr deyil ki, ölkədə siyasi plüralizmin bariz göstəricisi hesab olunan vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının inkişafı xüsusi rol oynayır. Müstəqil Azərbaycanın inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni vətəndaş cəmiyyətlərinin meydana gəlməsi və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. O da etiraf edilməlidir ki, artıq vətəndaş cəmiyyətləri ölkənin siyasi, iqtisadi və sosil həyatında önəmli rol oynayır.
3 Noyabr 2017 15:51 SosialSirr deyil ki, ölkədə siyasi plüralizmin bariz göstəricisi hesab olunan vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının inkişafı xüsusi rol oynayır. Müstəqil Azərbaycanın inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni vətəndaş cəmiyyətlərinin meydana gəlməsi və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. O da etiraf edilməlidir ki, artıq vətəndaş cəmiyyətləri ölkənin siyasi, iqtisadi və sosil həyatında önəmli rol oynayır. Xüsusən, vətəndaş cəmiyyətlərinin dövlət idarəetməsində iştirakı tədqirəlayiq haldır. Daha dəqiq, vətəndaş müraciətlərini təhlil etmək, onların sayını, mövzularını, bəhs etdikləri problemləri və bunların həlli üçün görülən tədbirləri araşdırmaq, öyrənmək dövlət idarəetməsində mühüm vasitələrdən biridir. Daha doğrusu, vətəndaş cəmiyyətlərinin idarəetməyə cəlb edilməsi sözün həqiqi mənasında siyasi plüralizm nümunəsidir. O da nəzərə alınmalıdır ki, Azərbaycanda vətəndaş cəmiyyətlərinin ən müxtəlif məsələlər üzrə qərar qəbuletmə imkanları kifayət qədər genişdir.
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov bildirib ki, vətəndaş cəmiyyətləri bir sıra məsələlərin həllində dövlətə yardımçı qismindı çıxış etməsinin özü siyasi plüralizmin ən yüksək səviyyədə olmasından xəbər verir. Bu yardımın sferası sosial, iqtisadi, humanitar, insan hüquqları kimi sahələri əhatə edir. Belə ki, vətəndaş cəmiyyətləri vətəndaşların mövcud problemlərini araşdıraraq təhlil edir və onların aradan qaldırılmasına öz töhvəsini verir. Belə məsələlərdən biri də vətəndaşların müraciətləri ilə bağlıdır ki, hazırda həm idarəetmə, həm də qanunvericilik sahəsində bu istiqamətdə ciddi addımların atılmasının şahidiyik: "Bu baxımdan "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununu və bu qanunun tətbiqi barədə 12 noyabr tarixli Fərmanı xüsusi qeyd etməliyik. Bu qanun ölkə Prezidentinin vətəndaşlara, onların problemlərinə böyük qayğı və diqqətinin yeni təzahürüdür. Eləcə də, Azərbaycanda korrupsiyanın, bürokratiya və süründürməçiliyin kökünün kəsilməsinə xidmət edən, ölkə Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və dəstəyi ilə yaradılan "ASAN xidmət"in fəaliyyəti çox təqdirəlayiqdir. Təsadüfi deyildir ki, dövlət başçısı Azərbaycan vətəndaşlarının böyük rəğbətlə qarşıladığı bu xidmətin daha da genişləndirilməsinə olduqca diqqətlə yanaşır: "ASAN xidmət" Azərbaycan brendidir. Mən çox şadam ki, bəzi başqa ölkələrdə bu təcrübədən istifadə edirlər... İki il ərzində 7 milyondan çox müraciət olmuşdur. "ASAN xidmət"in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu ictimai xidmətlər korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır". "Ancaq bütün bunlarla yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, vətəndaşların müraciətlərinə laqeyd münasibət kimi hallar hələ də mövcuddur. Məsələn, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məlumatında qeyd olunur ki, qurumun fəaliyyəti dövründə ünvanına ümumilikdə 130.010, 2015-ci ildə isə 15.320 müraciət daxil olmuşdur ki, bu da 2014-cü illə müqayisədə 16,5% çoxdur. Müraciətlərin 72,6 %-i şikayətlərdən, 27,4 %-i isə ərizələrdən ibarət olmuşdur. Prezident Administrasiyasına 2015-ci ildə daxil olan vətəndaş müraciətlərinin növlər üzrə təsnifatı isə göstərir ki, ümumiyyətlə, 2015-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,8 faizini ərizələr, 31,2 faizini şikayətlər, 1 faizini təkliflər təşkil etmişdir. Həmin ildə respublikanın yerli icra hakimiyyəti orqanlarında 165 mindən çox vətəndaş qəbulda olmuş, şəhər və rayon icra hakimiyyəti başçıları yanında şura iclaslarında və müşavirələrdə vətəndaşların müraciətlərinə baxılması məsələləri 984 dəfə müzakirə edilmiş, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 232 nəfər barəsində intizam tənbehi tətbiq edilmişdir. Mülki, iqtisadi və sosial hüquqların pozulmasına dair olan bu şikayətlər əsasən, şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, qeydiyyata alma, informasiya sorğusunun cavablandırılması, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa, məhkəmə qərarlarının icrası, xüsusilə alimentin və borcun ödənilməsi ilə bağlı olmuşdur. Məhz bu kimi halların aradan qaldırılmasında vətəndaş cəmiyyətlərinin iştirakı Azərbayacanda siyasi plüralizmin, vətəndaş cəmiyyətlərinin inkişafına önəm verilməsinin təzahürüdür".
İctimai Birlik rəhbəri onu da qeyd edib ki, müstəqil dövlətimizdə aparılan sosial-iqtisadi, siyasi islahatlar fonunda, əhalinin sosial hüquqi maariflənməsinə də böyük ehtiyac duyulur. Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları məhz bu sahədə də yardımçı qismində çıxış edirlər: "Regionlarda aparılan sosial-siyasi islahatlar, mürəkkəb hüquqi prosedurların həyata keçirilməsi, bu fəaliyyəti həyata keçirən dövlət və digər təşkilatların nümayəndələrinin qanunvericiliyin qaydalarına necə əməl edib-etməməsi, buradakı peşəkarlıq, kadr siyasəti, insan amili və subyektivizm, əhalinin qanunvericiliklə tanışlıq səviyyəsi və digər məsələlər sosial siyasətin tarazlı həyata keçirilməsində olduqca mühüm faktorlardır. Əhalinin sosial hüquqlarını, sosial qanunvericiliyi bilməməsi bir çox hallarda onların hüquqlarının pozulmasına, qeyri-şəffaf fəaliyyət, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifqadə etməsinə və ya bu səlahiyyətləri aşmasına gətirib çixarır ki, bu da sonda vətəndaşlar tərəfindən haqlı olaraq sosial narazılıqla qarşılanır. Bu problemlər dairəsinə yerlərdə torpaq islahatları, sosial müavinətlərin verilməsi, pensiyaların düzgün təyin edilməsində buraxılan nöqsanlar, yerli icra orqanlarının nümayəndələrinin vətəndaşların sosial hüquqlarının bəzi hallarda izah olunmasında fəallıq göstərməməsi daxildir ki, nəticədə kənd və rayonlarda növbələr, şikayətçilərin sayının artması ilə müşahidə olunur. Hesab edirəm ki, vətəndaş cəmiyyəti institutlarını bu prosesə cəlb etməklə əhali arasında sosial-hüquqi maarifləndimə xidmətini təşkil etməklə vətəndaşların sosial hüquqi maariflənməsinə nail olmaq olar. Vətəndaşları qanunlarımızla tanış etməklə sosial hüquq pozmalarının qarşısını almaqda, hüquqlarının qorunmasında onlara yardım göstərmək, ictimai şüurda hüquq mədəniyyətini inkişaf etdirmək mümkündür. Qətiyyətlə etiraf edilməlidir ki, Azərbaycanda vətəndaş cəmiyyətlərinin sadalanan məsələlərin aradan qaldırılması sahələrdəki fəaliyyəti siyasi plüralizmin təntənəsi kimi qeyd edilməlidir".
X.Əhmədov bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətləri tərəfindən hüquqi maarifləndirilmə işi aparılması üçün kifayət qədər münbit şərait var. Dövlətin vətəndaş cəmiyyətlərinə yaratdığı imkanlar bunu mümkün edir: "Ancaq bu sahənin daha da inkişaf etdirilməsinə ehtiyac var. Təcrübədən çıxış edərək qeyd etmək istəyirəm ki, yerlərdə dövlət qurumları tərəfindən vətəndaşlar və mətbuat nümayəndələri üçün "Şəffaf qəbul" günü-vətəndaş forumunun təşkili maarifləndirmə baxımından çox faydalıdır. "Şəffaf qəbul" gününün təşkilində başlıca məqsəd ictimaiyyəti günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, vətəndaşlara sosial-hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarını cavablandırmaqdır. "Şəffaf qəbul" günündə vətəndaşlar onlara keyfiyyətli, şəffaf, və rahat xidmətlərin göstərilməsi prosesini izləmək və yaxından tanış olmaq imkanı əldə edəcəklər. Belə maarifləndirici tədbirlərin təşkilində məqsəd qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunması, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır".
Onun sözlərinə görə, insan hüquq və azadlıqlarının təmin edilməsi və yaxşı idarəetməyə keçid son illərdə Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərini təşkil edir: "Siyasi plüralizmə önəm verilən Azərbaycanda həyata keçirilən institusional islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri, qanunvericiliyin təkmilləşdiirlməsi və sair kimi çoxşaxəli tədbirlərin yeganə məqsədi ölkədə müasir standartlara cavab verən idarəetməni formalaşdırmaq, insan hüquq və azadlıqlarının təminatını gücləndirməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 27 aprel tarixli Sərəncamı ilə təsdiqedilmiş Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Bunlar elektron xidmətlərin təkmilləşdirilməsi, iİnformasiya əldə edilməsinin təmin edilməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bizdə bu gün " Elektron Azərbaycan" Dövlət Proqramı gerçəkləşməkdədir. Bu proqram birbaşa məmur-vətəndaş münasibətlərini elektron münasibətlərə çevirir. Elektron münasibətlər isə keçmişdəki vaxt itkisini, təmənnalığı aradan qaldırır. Dövlət orqanlarında vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi bu sahədki problemlərin həllinə yardım göstərilməsi dövlət qurumlarının fəaliyyətində şəffaflığln artmasına səbəb olacaq. Bütün hallarda isə vətəndaş cəmiyyətləri tərəfindən insanları narahat edən məsələlərin ictimai rəyin diqqətinə gətirilməsi və onların aradan qaldırılması sahəsindəki təşəbbüsləri siyasi plüralizmin mövcudluğundan xəbər verir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir