Dəhlizlər uğrunda rəqabət Azərbaycanın strateji əhəmiyyətini artırır- ÖZƏL
15:46 Siyasət" Bu gün beynəlxalq qarşıdurmanın coğrafiyasının genişlənməsi müasir dünya nizamını yönləndirmək istəyən geosiyasi güc mərkəzləri arasında mübarizənin reallıqlarından irəli gəlir. Çoxqütblü dünya nizamı Soyuq müharibədən qalib çıxmış məlum geosiyasi güc mərkəzinin dünya hegemonluğu ilə bağlı iddialarının qarşısına sədd çəkdiyindən, qlobalist dairələrin maraqlarını təmsil edən Qərb Qlobal Cənubun müasir dövrün qlobal səciyyə daşıyan çağırışlarına özünün konyunktur maraqlarından yanaşır, bu isə satış bazarları, enerji və qiymətli metallarla zəngin ərazilər uğrunda mübarizəni daha da sərtləşdirir, bu bazarlara çıxış imkanlarını təmin edən, logistik əhəmiyyətə, habelə tranzit çəkiyə malik dəhlizlərə nəzarət uğrunda qarşıdurmanı gücləndirir".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Azərbaycan özünün coğrafi mövqeyinə görə tranzit əhəmiyyətə malik dəhlizlərin qovşağında yerləşir. Bu isə məlum səbəblərə görə qarşı duran geosiyasi güc mərkəzlərini onunla münasibətləri qarşılıqlı inam və etimad müstəvisi üzərində qurmağa sövq edir. Dəhlizlər, satış bazarları və xammal mənbələri, habelə regionda nüfuz dairəsi uğrunda qarşıdurmanın reallıqları Azərbaycana çoxvektorlu xarici siyasətin doğurduğu reallıqlardan çıxış edərək qarşı duran tərəflər arasında manevrlər etmək imkanlarını verir. Nəticə etibarilə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada stabillik və sabitliyin təmin olunması üçün unikal imkan qazanır, regionlararası əlaqələrin genişləndirilməsində ötürücü qayış rolunda çıxış edir. İstər Orta Dəhliz, istərsə Şimal-Cənub nəqliyyat dəhlizində yükdaşınmaların təhlükəsizliyi, habelə rentabelliyi Azərbaycanın bu dəhlizlərin perspektivləri ilə bağlı danışıqlarda, əldə olunacaq razılaşmalarda mövqeyindən əhəmiyyətli şəkildə asılıdır. Geosiyasi səciyyə təşkil edən məlum layihələrin uğurla icrası bəlli məsələlərə rəsmi Bakının münasibətindən, siyasi iradəsindən asılıdır və bu faktorun nəzərə alınmaması məlum layihələrin icrası üçün addımlar atan tərəfləri "Sizif əməyinin" doğura biləcəyi reallıqlarla üz-üzə qoya bilər".
Zeynəb Mustafazadə