Dünyanın xoşbəxti Kamandar Eyvazlı yazır...
Aylardan soruşdum,illər söylədi, Nəğməli dodaqlar,dillər söylədi, Obalar söylədi,ellər söylədi: Dünyanın xoşbəxti sənsən dünyada.
16 Oktyabr 2017 16:37 SosialKamandar Eyvazlı
Dünyanın xoşbəxti
Aylardan soruşdum,illər söylədi,
Nəğməli dodaqlar,dillər söylədi,
Obalar söylədi,ellər söylədi:
Dünyanın xoşbəxti sənsən dünyada.
Bu-yurda,ocağa,oda da bəlli,
Bu,şana-şöhrətə,ada da bəlli,
Yaxına,uzağa,yada da bəlli,
Dünyanın xoşbəxti sənsən dünyada.
Xəyalın üfüqdə,eşqin dərində,
Ürəyin alovda,hissin sərində.
Oxudun,oynadın,güldün yerində
Dünyanın xoşbəxti sənsən dünyada.
Şimşəksən zirvədə- çaxdın,çax elə,
Ulduzsan- göylərdən baxdın,bax elə,
Bulaqsan-qaynayıb axdın,ax elə,
Dünyanın xoşbəxti sənsən dünyada.
Zərifdən zərifdi,ləyaqətin var,
Təmizdən təmizdi,sədaqətin var,
Bir ümman,bir dərya məhəbbətin var,
Dünyanın xoşbəxti sənsən dünyada.
Əbədi yer tapdın ürəklərdə sən,
Sevilən,sevinən ürəklərdəsən.
Ən yaxşı arzuda,diləklərdəsən,
Dünyanın xoşbəxti sənsən dünyada.
Keçdi ömrüm-günüm çəndə,deyirəm,
Kamandar,nələr var məndə deyirəm.
Deyiblər,ay Lalə,mən də deyirəm:
Dünyanın xoşbəxti sənsən dünyada.
Kamandar EYVAZLI
VƏKİL OLMAQ İSTƏYİRƏM
Mən vəkil görmüşəm - el ağsaqqalı,
İşdən nə yorulub, nə də bezibdi.
Mən vəkil görmüşəm - fikri,xəyalı,
Eldə dolaşlbdı, eldə gəzibdi.
Mən vəkil görmüşəm - hər şeydən halı,
Kasıba,yetimə dayaq olubdu.
Mən vəkil görmüşəm-hər vaxt əhvalı
Millətin əhvalı sayaq olubdu.
Mən vəkil görmüşəm-Millət vəkili!
Nahaqqı böyüdüb, haqqı yıxmayıb.
Düz gəlib sözüylə işi-əməli,
Verdiyi vədinə xilaf çıxmayıb.
Xalq üçün yaşayıb,xalq üçün qurub,
Xalq olub nitqinin əvvəli,sonu.
Xalqın xidmətində dayanıb,durub,
Xalqı da hörmətdə saxlayıb onu.
Önündə kiçilib uca kürsülər,
Sözünün qılınc tək kəsəri olub.
Tikdiyi,saldığı yollar,körpülər,
Yazdığı ən zəngin əsəri olub.
Bir kənddə su yoxdu-həllini tapıb,
Bir kəndin məktəbi-onun arzusu.
Gecə də,gündüz də gəzib,axtarıb,
Olmayıb dincliyi,səbri,yuxusu.
Əlinin qabarı,alnının təri...
Bəhrəsi varıymış hər əziyyətin.
Elin bir xeyiri,elin bir şəri,
Onsuz keşibdimi?
Çətindən çətin.
Təşəbbüs eylədi-heç kim heç zaman,
Haram qazanmadı,rüşvət almadı.
O vaxtdan əkinə yararlı olan
Bir qarış torpaq da boşda qalmadı.
Hər evdə istilik,hər evdə işıq,
Təhsilə,savada meydan verildi.
Böyüklə böyükdü,uşaqla uşaq,
Seçənlər adına "min əhsən!" dedi.
Ömrünü boş yerə yaşamadı o,
Həyat hər adama bir vaxt sınaqdı.
Dünəni bu günə daşımadı o,
Baxdı, gələcəyə-sabaha baxdı.
Bu da bir arzudu, bu da bir xəbər,
Qoy deyim,eşidin mənim dilimdən.
Ay böyük adamlar, ay başbilənlər,
Onun tək bir vəkil olmazmı məndən?
Kamandar EYVAZLI
V U R U L D U M
Bir məclisdə, bir süfrədə görüşdük,
Mən Namiqin diqqətinə vuruldum.
Dərdimizi, qayğımızı bölüşdük,
Dostlarımın hörmətinə vuruldum.
Səbəb vardı sevinməyə,gülməyə,
Sözmü çatar olanları deməyə.
Hər nə desən tapılırdı yeməyə
Torpağımın sərvətinə vuruldum.
Gözəl toydu... bu anlarda bəy-gəlin
Əziziydi bir obanın, bir elin.
Böyük-kiçik qədri bilən millətin
Dədə-baba adətinə vuruldum.
Yeri başdı Rafiq ilə Orxanın,
İşi bəlli vurmayanla vuranın.
Çoxdan idi görüşmürdük, Ehsanın
Şənlik boyu söhbətinə vuruldum.
Abbas, Sahil, Tural bizə qoşuldu,
Anar gəldi, əhvalımız xoş oldu.
Nə daddıqsa şirin oldu, nuş oldu,
Baxanların heyrətinə vuruldum.
Qulu dedi,yaman dedi, düz dedi,
Böyük kimi Sadiq hərdən süz, dedi.
Kim kiməsə pıçıltıyla söz dedi,
Bir nəfərin cürətinə vuruldum.
Nə ad verim bu həftəyə,bu aya,
Tez gəlmişəm neyləyim ki, dünyaya.
Yaraşırdı İradəynən Samaya
Gözəlliyin qüdrətinə vuruldum.
Kamandarı duyuq saldın,ayıldı,
Bu gün ömrə yazılannan sayıldı.
Sorağımız dörd bir yana yayıldı,
Bir gecənin şöhrətinə vuruldum.
Kamandar EYVAZLI
Y A Ş I N D A Y A M
Bir ömürdü, yol gedirəm
Atım yoxdu, maşındayam.
Hərdən dərin dərələrdə,
Hərdən dağlar başındayam.
Hər qarışda qalır izim,
Hər yoxuşda mənim sözüm,
Axtarsanız kəndimizin
Torpağında-daşındayam.
Damcı-damcı axılaram,
Yerə düşüb yox olaram.
Bir yel əssə yıxılaram
Dərin yarğan qaşındayam.
Ay Kamandar, getdi günlər,
Neçə gecə,neçə səhər.
Gələn ilə döz bir təhər
Ata-baba yaşındayam.
Kamandar EYVAZLI
Gedək-qayıdaq
Eloğlum Fazil Həsənova
Gedəndə məni də özünlə apar,
Yaxşı bir xatirə qoyub qayıdaq.
Dərəni,təpəni,düzü dolaşıb,
Arannan-yaylaqdan doyub qayıdaq.
Budaqlar yaşıldı,yarpaqlar üstdə,
Yarpaqlar naxışdı,budaqlar üstdə,
Açıb sinəmizi bulaqlar üstdə,
Ürəkdən bir "oxxay!" deyib qayıdaq.
Sən də çox bağlısan,mən də bu elə,
Yağış da yaraşır, çən də bu elə.
Gedək, qoşalaşıb, gündə bu elə,
Torpağın ətrini duyub,qayıdaq.
Bilirsən, nə qədər ehtiyacım var?
Nə qədər kədərim, ağrım-acım var?
Atamla əmim var, dayım-bacım var,
Bir-bir qəbirləri sayıb qayıdaq.
Sıxanda zamanın vaxtı-vədəsi,
Qalan qalasıdı, gedən gedəsi.
Tezdən şirin olur bacı kətəsi,
Kəndin ayağına dəyib qayıdaq.
Əmoğlu, dayoğlu axtarsa bizi
Axtarsın çöllərdə qoy izimizi.
Soyuq dağ çayında əl-üzümüzü
Üşüyə-üşüyə yuyub, qayıdaq.
Çəməndə lalənin bir üzü xallı,
Zirvədə ağacın sinəsi ballı.
Çatax, Kəpənəkçi, Dəllər, Avdallı,
Tanış qapıları döyüb, qayıdaq.
Gedək, Borçalıya, yolumuz düşsün,
Nə bişir həyətdə, ocaqda bişsin.
Görüşsün ananla anam, görüşsün,
Bir körpə quzuya qıyıb, qayıdaq.
Xəbəri çatdırıb qonum-qonşular,
Desinlər gəlibdi: Fazil, Kamandar.
Quruddu xəngəlnən duzlu qulançar,
Soyutma balıq da yeyib qayıdaq.
Kamandar EYVAZLI
K İ M İ Y Ə M
Qırov düşüb budağıma,
Qəm çöysəyib dodağıma,
Sükut çöküb otağıma,
Qulağı batmış kimiyəm.
Zirvə gördüm-qar olmadı,
Bağça saldım-bar olmadı,
Bir qız sevdim-yar olmadı,
Taleyi yatmış kimiyəm.
Fikrim çaşqın,nitqim laldı,
Başımda hey qeylü-qaldı.
Ay Kamandar,bu nə haldı?
Əcəli çatmış kimiyəm.