Azərbaycan ixrac potensialına malik ölkəyə çevriləcək
Prezident İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, dövlət başçısının qeyri-neft sektorunun davamlı yüksəlişi ilə bağlı qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar xüsusən də ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda böyük canlanma yaradıb, onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb.
6 Sentyabr 2017 14:11 SosialPrezident İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, dövlət başçısının qeyri-neft sektorunun davamlı yüksəlişi ilə bağlı qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar xüsusən də ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda böyük canlanma yaradıb, onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb.
Ümumiyyətlə regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Cənab Prezidentin bugünlərdə cənub bölgəsinə səfəri də bu faktı təsdiqləyir. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir. yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də, yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşaiyət olunur. Hazırda bu proses davam etməkdədir.
Millət vəkili Nəriman Əliyev deyir ki, bu baxımdan sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə rəhbəri regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb: "Prezident İlham Əliyev bildirib: "Əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir. Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq. Çünki proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Biz özümüzü elektrik enerjisi ilə, qazla təmin edə bilmirdik, idxaldan asılı idik. Belə olan halda, sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Biz, ilk növbədə, inkişaf üçün baza yaratdıq. Son illərdə 20-dən çox elektrik stansiyası tikilib. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini xarici ölkələrə də ixrac edirik".
Dövlət başçısının müşavirədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar ardıcıl olaraq tədbirlər həyata keçirilməkdədir. Həyata keçirilən siyasət nəticəsində qeyri-neft sektoru əhəmiyyətli dərəcədə inkişaf etməkdədir. Bu baxımdan bölgərdə kənd təsərrüfatında xeyli irəliləyiş var. Şübhəsiz ki, qarşıdakı illərdə qeyri-neft sektoru daha da güclənəcək və Azərbaycan böyük ixrac potensialına malik olan ölkəyə çevriləcək". Millət vəkili deyib ki, Cənab Prezidentin tapşırığınıza əsasən əvvəllər cənub bölgəsinin ən gəlirli sahəsi olan çayçılığın inkişaf etdirilməsi məqsədilə dağlıq ərazidə yeni texnologiyaya əsaslanan 42 hektar çay plantasiyası salınıb, 60 hektarda isə əkin işləri yaxın aylarda başa çatdırılacaq. Bu əraziyə rayonun daxili imkanları və digər maliyyə mənbələri hesabına 11 kilometr asfalt, 6 kilometr çinqıl döşənərək yol çəkilib, "Azərsun" şirkəti tərəfindən suvarma sistemi qurulub. Hazırda burada 50-yə yaxın iş yeri yaradılıb. "Azərsun" şirkəti tərəfindən daha 200 hektara qədər sahədə çay plantasiyasının salınması üçün torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılır: "Yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. 1000 hektarı əhatə edən yeni çay plantasiyası salınması üçün hazırlıq işləri görülüb, torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri, müvafiq nazirliklərin, "Astaraçay" şirkətinin rəhbərliyi ilə müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkinlərini aparmaq mümkündür.
Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilib, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb, müasir texnologiya əsasında yeni çəltik emalı zavodunun tikintisinə başlanılıb.
Gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur. Bunun üçün vaxtilə rayonda mövcud olmuş və sonradan baxımsızlıq nəticəsində və istifadə edilmədiyindən sıradan çıxmış 77 sututarın daxili imkanlar və "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin bilavasitə yaxından köməyi ilə bərpa olunmasına başlanıb. Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq. Bu, bizim mövcud su ehtiyatlarımızın 20 faizindən çoxdur.
İxracyönümlü məhsul istehsalının artırılması üçün verdiyiniz tapşırıqların icrası ilə bağlı rayonda əlavə tütün, giləmeyvə, faraş kələm əkinləri də genişlənir, yeni sitrus bağları salınır. Bütövlükdə, Masallı rayon ictimaiyyəti dövlət başçısının tapşırığına müvafiq olaraq, kənd təsərrüfatının bir çox sahələrinin dinamik inkişafının təmin edilməsi üçün bundan sonra da bütün imkanları səfərbər edəcək, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq".
S.İsmayılbəyli