Ermənistanın yeni Konstitusiya layihəsi Azərbaycana nə vəd edir?

Ermənistanın Baş naziri Nikol Paşinyanın 23 noyabr 2026-cı ildə ictimaiyyətə təqdim etdiyi yeni Konstitusiya layihəsinin əsas məqsədi Ermənistanı münaqişə siyasətindən uzaqlaşdırmaq və Azərbaycanla uzunmüddətli sülhə nail olmaqdır. Paşinyan bu layihəni Ermənistanın yeni dövlət modeli - "Dördüncü Respublika" quruculuğu kimi təqdim edir. Xatırladaq ki, təqdim edilən yeni Konstitusiya bir neçə mühüm dəyişiklik vəd edir. Məqsəd Azərbaycanla sülhün təmin edilməsidir. Belə ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə Konstitusiyanın giriş hissəsindəki istinadın çıxarılması nəzərdə tutulur. Həmin bəyannamədə Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsinə dair müddəaya istinad var. Yeni layihə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində inkişafını əsas götürür.

Xarici siyasətin əsas məqsədlərindən biri sülhün təmin edilməsi kimi müəyyənləşdirilir. Bu dəyişiklik Azərbaycanın Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə əlaqələndirdiyi müddəanın aradan qaldırılması baxımından əhəmiyyətlidir. Həmçiin, Ermənistanın daxili idarəçiliyində dəyişikliklər də sənəddə əksini tapıb. Layihədə digər mühüm yeniliklər də var: Dövlət idarəçiliyinin və hüquq sisteminin yenilənməsi, məhkəmə sisteminin oliqarxik təsirlərdən azad edilməsi, insan hüquq və azadlıqlarının qorunmasının gücləndirilməsi, vətəndaşların dövlət idarəçiliyində rolunun artırılması, xaricdə yaşayan ermənilərin seçkilərdə iştirakına dair yaşayış şərtlərinin sərtləşdirilməsi, Konstitusiya Məhkəməsinin hakimlərinin təyin olunması qaydalarının dəyişdirilməsi kimi mühüm məsələlər yer alıb. Layihədə Konstitusiyanın maddələrinin sayının 220-dən 89-a endirilməsi də nəzərdə tutulur.

Bəs, Ermənistanın yeni Konstitusiya layihəsi Azərbaycan üçün nə vəd edir? Mütləq şəkildə qeyd edilməlidir ki, Azərbaycan baxımından əsas məsələ Ermənistanın ərazi iddiaları kimi qiymətləndirilən konstitusion istinadlardan imtina etməsidir. Əgər layihə qəbul olunarsa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas maneələrdən biri aradan qalxa bilər. İki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması istiqamətində hüquqi zəmin güclənə bilər. Regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq üçün imkanlar artar. Nəticədə Cənubi Qafqazda davamlı sülhün qurulmasına şərait yaranar.

Əks halda yeni Konstitusiyanın qəbulu avtomatik olaraq sülhə zəmanət vermir. Aşqa sözlə, yeni Konstitusiyanın qəbulunda bir sıra çətinliklər var. Hələ ki, layihənin qəbul edilməsi təmin olunmayıb. Ermənistan parlamenti 105 deputatla legitimləşib, Paşinyanın isə partiyasının cəmi 64 mandatı var. Sənədi referenduma çıxarmaq üçün hazırkı Konstitusiyaya əsasən 70 səs tələb olunur. Üstəlik, müxalifət layihəyə qarşı çıxır. Son qərarı isə referendumda Ermənistan xalqı verməlidir. Yeri gəlmişkən xatırladaq ki, yeni konstitusiyanın qəbul olunması üçün Paşinyanın siyasi öhdəlik də götürüb. Bildirib ki, xalq referendumda yeni Konstitusiyanı rədd edərsə, istefa verəcək. Konstitusiya qəbul olunarsa, növbəti parlament seçkilərində baş nazirliyə namizəd olmayacaq. 

Yekun qiymətləndirmə ondan ibarətdir ki, Paşinyanın təklif etdiyi yeni Konstitusiyanın Azərbaycan üçün ən mühüm tərəfi Qarabağla bağlı 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Bu, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanmasına kömək edə bilər. Lakin əsas məsələ layihənin qəbul olunması, sülh müqaviləsinin imzalanması və onun müddəalarının real şəkildə yerinə yetirilməsidir. Yəni Paşinyan yeni Konstitusiya vasitəsilə Ermənistanın gələcəyini Qarabağ münaqişəsi üzərində deyil, müstəqillik, təhlükəsizlik və sülh üzərində qurmağı vəd edir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00