Səfirlik həm də Vətənin qürbətdəki evidir…

"-İmkan olsa, Azərbaycan uşaq nağıllarından, hekayələrindən də götürün. Həm səfirliyimizin əməkdaşlarının uşaqları oxusun, həm də onların ispan dilinə tərcüməsi barədə düşünək", - demişdi ilk telefon danışığımızda Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev.

Hələ Meksikaya gəlməmişdim. İlk telefon danışığımızda bir səfirin Azərbaycan uşaq ədəbiyyatının tərcüməsi və təbliği haqqında düşünməsi diqqətimi çəkmişdi. Meksikaya gələndən sonra isə bunun təsadüfi bir söhbət olmadığının şahidi oldum.

Meksikada olduğum müddətdə səfirliyimizin əməkdaşlarının diqqətini, qayğısını və səmimi münasibətini hər addımda hiss etdim. Hava limanında qarşılanmağımdan tutmuş ədəbi görüşlərimin təşkilinə, ölkənin tarixi və mədəniyyəti ilə tanışlığıma qədər hər məsələdə yanımda oldular. Özü də bütün bunları sadəcə xidməti vəzifələrini yerinə yetirirmiş kimi deyil, doğma bir insanı qarşılayırmış kimi etdilər.

Amma məni daha çox sevindirən və qürurlandıran başqa bir məqam oldu: səfirliyimizin Azərbaycanın Meksikada tanıdılması və təbliği istiqamətində göstərdiyi fəaliyyət.

Dünyanın o başında Azərbaycan xəritəsinin, Qız qalasının ucaldıldığı Dostluq parkını, Xocalı faciəsinin qurbanlarının xatirəsinə yaradılmış meydanı ziyarət etmək, Meksikanın nüfuzlu kitabxanalarında Azərbaycan kitablarını görmək, mədəniyyət müəssisələrində ölkəmiz haqqında söhbətlər aparmaq bir azərbaycanlı olaraq insana tamam başqa duyğular yaşadır.

Bütün bunların arxasında illərin zəhməti, diplomatik məharət, təşəbbüskarlıq, dövlətçilik düşüncəsi və Vətən sevgisi dayanır.

Seymur müəllimlə söhbətlərimizdə onun Azərbaycanı yalnız siyasi müstəvidə deyil, həm də ədəbiyyatı, incəsənəti, tarixi, milli mətbəxi və bütövlükdə mədəniyyəti ilə tanıtmağa nə qədər həssas yanaşdığını gördüm. Vaskonselos Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təşəbbüsü, Azərbaycan ədəbiyyatının ispan dilinə tərcüməsi ilə bağlı müzakirələrimiz, Dünya Mədəniyyətləri Milli Muzeyində romanımın təqdimatının təşkili bu yanaşmanın konkret ifadələridir.

Müasir dünyada diplomatiya yalnız siyasi danışıqlardan, rəsmi görüşlərdən və dövlətlərarası müqavilələrdən ibarət deyil. Mədəni diplomatiya, yumşaq güc siyasəti, bir xalqın özünü dünyaya anlatmaq bacarığı da dövlətin beynəlxalq nüfuzunu formalaşdıran mühüm amillərdəndir.

Bəzən bir kitabın gördüyü işi onlarla rəsmi görüş görə bilmir. Bir xalqın nağılını oxuyan əcnəbi uşaq sabah həmin xalqın mədəniyyətinə maraq göstərən bir ziyalıya, alimə, yazıçıya, hətta siyasi xadimə çevrilə bilər. Mədəniyyətin diplomatik gücü də məhz bundadır. Onun təsiri bəzən gec görünür, amma uzunömürlü olur.

Həmişə düşünmüşəm ki, xarici ölkələrdəki səfirliklərimiz Azərbaycan ziyalılarının, yazıçılarının, alimlərinin, sənət adamlarının dünyaya açılan qapılarından biri olmalıdır. Diplomatiya ilə ədəbiyyatın, dövlət siyasəti ilə milli mədəniyyətin imkanları birləşəndə daha böyük nəticələr əldə etmək mümkündür. Meksikada bu əməkdaşlığın praktik nümunəsini yaşadım.

Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Xaricdə yaşayan və çalışan diplomatlarımızın üzərinə düşən məsuliyyəti bəzən lazımınca qiymətləndirə bilmirik. Onlar yalnız özlərini və ailələrini deyil, bütöv bir dövləti təmsil edirlər. Onların davranışı, ünsiyyət mədəniyyəti, təşəbbüskarlığı, hətta gündəlik insani münasibətləri belə təmsil etdikləri ölkə haqqında təsəvvür yaradır.

Meksikada Seymur müəllimin timsalında dövlətini ləyaqətlə təmsil edən bir diplomat, səfirliyimizin əməkdaşlarının timsalında isə öz işinə sevgi və məsuliyyətlə yanaşan bir komanda gördüm.

Emin bəyin, Namiq bəyin, Mehdi bəyin və səfirliyimizin digər əməkdaşlarının səmimiyyəti, diqqəti və qayğısı Meksika səfərimin ən gözəl xatirələri arasında qalacaq.

Bütün bunları mənə göstərilən diqqətə görə deyil, bir Azərbaycan vətəndaşı olaraq gördüklərimdən məmnunluğumu ifadə etmək üçün yazıram. Yaxşı görülən işi görmək, qiymətləndirmək və ictimailəşdirmək də ziyalının məsuliyyətidir.

Bu gün Mexikodan ayrılıb Qvadalaxaraya yola düşürəm. Özüm ilə çoxlu təəssürat, yeni dostluqlar, yeni ədəbi layihələrin ideyalarını və bir də dövlətimə aid olmaqdan duyduğum qüruru aparıram.

Vətəndən minlərlə kilometr uzaqda Vətənin nəfəsini hiss etmək gözəl duyğudur.

Çünki səfirlik sadəcə üzərində dövlət bayrağı dalğalanan bir bina deyil. Səfirlik həm də Vətənin qürbətdəki evidir. O evin doğmalığı isə orada çalışan insanlardan asılıdır.

Təşəkkür edirəm, Seymur müəllim! Təşəkkür edirəm, Azərbaycanın Meksikadakı səfirliyinin dəyərli əməkdaşları!

Şəmil Sadiq 

Mexiko, 26 noyabr 2026-cı il.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00