Rusiya və Çin Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır – ÖZƏL
11:41 SiyasətOlaylar.az xəbər verir ki, Rusiya və Çin Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir ki, bu da regionun iqtisadi və tranzit potensialını tam şəkildə reallaşdırmağa imkan verəcək. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda keçirilən "Rusiya-Çin münasibətləri dəyişən dünyada: sülh və sabitlik naminə birlikdə" adlı beynəlxalq dəyirmi masada çıxışı zamanı bildirib.
Səfirin sözlərinə görə, Moskva və Pekin daha ədalətli çoxqütblü dünya nizamının qurulmasına, eləcə də Avrasiyada və onun bir hissəsi olan Cənubi Qafqazda bərabər və bölünməz təhlükəsizlik məkanının formalaşmasına töhfə verir. Diplomat qeyd edib ki, iki ölkə Avrasiya İqtisadi İttifaqı ilə Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün uzlaşdırılmasını təşviq edir və ardıcıl dördüncü ildir ki, qarşılıqlı ticarət dövriyyəsi 200 milyard dolları ötür. Həmçinin Rusiya Çinin APEC-ə sədrliyini tam dəstəkləyir, tərəflər nəqliyyat, Şimal dəniz yolu, dinc atom, kosmos və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirirlər.
Öz növbəsində, Çinin Ermənistandakı səfiri Li Sinvey Rusiya-Çin münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslandığını vurğulayıb. O, iki ölkənin artıq yaxın dosta çevrildiyini, hazırda Çin ilə Ermənistan arasında da analoji münasibətlərin formalaşdığını qeyd edib. Rusiya və Çin dostluğunun dərin tarixi köklərə malik olduğunu deyən diplomat bu iki ölkə olmadan müasir dünyanın fərqli görünəcəyinə əminliyini ifadə edib.