Aİ sammitində büdcə qalmaqalı: Yeddi ölkə vasitəçidən imtina etdi, danışıqlar yarımçıq qaldı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Brüsseldə Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üzrə uzunmüddətli büdcəsinə dair keçirilən sammit üzv ölkələr arasında kəskin fikir ayrılıqları səbəbindən nəticəsiz başa çatıb. "Politico" nəşrinin məlumatına görə, xərclərin azaldılmasını tələb edən yeddi ölkə - Danimarka, Almaniya, Niderland, Avstriya, Finlandiya, İsveç və Belçika Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanın danışıqlar formatına etiraz edərək müzakirələri yarımçıq qoyub və onun vasitəçilik rolundan uzaqlaşdırılmasını tələb edib.

10 saat davam edən gərgin müzakirələrdə Koştanın görüşləri kiçik qruplar şəklində keçirməsi həm büdcəyə qənaət tərəfdarlarının, həm də kənd təsərrüfatı və regional inkişaf xərclərinin azaldılmasına qarşı çıxan İspaniya və İtaliya kimi ölkələrin narazılığına səbəb olub. Avropa Komissiyasının təklif etdiyi ilkin 2 trilyon avroluq büdcəni Koşta 220-230 milyard avro azaltmağı planlaşdırsa da, qənaətcil ölkələr 250 milyard avroya qədər ixtisar tələb ediblər.

Fransa Prezidenti Emmanuel Makron xərclərin azaldılmasını "strateji səhv" adlandırıb və 2027-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkilərinə görə büdcənin bu ilin sonuna qədər təsdiqlənməsinin vacibliyini vurğulayıb. Lakin onun bu mövqeyi bəzi diplomatlar tərəfindən "şantaj" kimi qiymətləndirilib, İtaliyanın Baş naziri Corcia Meloni isə yalnız ölkəsi üçün ədalətli hesab edəcəyi sənədi imzalayacağını bildirərək son tarixlə bağlı tələbləri rədd edib.

Nəticədə tərəflər razılığa gələ bilməyib və növbəti günə planlaşdırılan müzakirələr ləğv edilib. Antoniu Koşta bu görüşün dekabrın 17-də keçiriləcək növbəti sammitdə kompromis əldə etmək üçün faydalı olduğunu bildirsə də, liderlərin əksəriyyəti yekun mətbuat konfransını gözləmədən Brüsseli tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00