Erkən nikaha aparan yol
Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda belə nikahların daha çox Asiya və Afrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. BMT-nin Uşaq Fondunun hesabatlarına görə, dünyada 19 yaşa qədər nikahlar olan ölkələrə 51,7 faizlə Fələstin başçılıq edir. İkinci yerdə 20,1 faizlə Misir, üçüncü yerdə isə 15 faizlə İsrail dayanır. Lakin son zamanlar inkişaf etmiş ölkələrdə erkən nikahlar faktları qeydə alınmaqdadır.
6 Sentyabr 2017 13:20 SosialBelə nikahlar daha çox valideyinlərin təzyiqi ilə baş verir
Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda belə nikahların daha çox Asiya və Afrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. BMT-nin Uşaq Fondunun hesabatlarına görə, dünyada 19 yaşa qədər nikahlar olan ölkələrə 51,7 faizlə Fələstin başçılıq edir. İkinci yerdə 20,1 faizlə Misir, üçüncü yerdə isə 15 faizlə İsrail dayanır. Lakin son zamanlar inkişaf etmiş ölkələrdə erkən nikahlar faktları qeydə alınmaqdadır.
Qeyd edək ki, erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 - cı maddəsində deyilir: "Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq "tam və azad" ola bilməz. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evil və ya ruhi xəstə olduğu halda nikaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq bəndlərində deyilir: Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin " Qadını nikaha daxil olmağa məcbur etmə" maddələrində qeyd olunur ki, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Göründüyü kimi qanunvericiliyin kifayət qədər təkmil olmasına baxmayaraq Azərbaycanda erkən nikah halları mövcuddur. Hazırda nikaha daxil olan qadınların ümumi sayına nisbətən 18 yaşadək olan qızlar 6,17 % təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib ki, Komitə BMT Uşaq Fondu ilə birgə 2009-cu uldə "Erkən nikahlar: uşaq hüquqlarının pozulması" ilə bağlı sosial araşdırma aparmışdır. Bakı, Abşeron, Quba, Lənkəran və Ağstafa bölgələrində tədqiqat aparılmış və Azərbaycanda erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcrübədə tələb olunan təkmilləşdirmə üzrə tövsiyələr təqdim olunmuşdur. Burada qızlar üçün nikah yaşı 1 yaş qaldırılaraq 17-dən 18-ə qaldırılmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, BMT- nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgə 2010-cu ilin 11-29 -da ölkənin regionlarının şəhər və kənd yerlərində "Qızların erkən nikaha daxil olması və rəsmi və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair" statistik müayinəyə əsasən 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 %-i şəhər, 61,1%-i isə kənd yerlərində qeydə alınmışdır. Erkən nikaha daxil olan qadınların 37,4%-i öz istəyi ilə, 25,9%-i valideynlərinin təzyiqi altında, 10,7%-i ailədə maddi vəziyyətin çətin olduğuna görə, 7,9%-i ərinin maddi cəhətdən varlı olmasına görə, 6,4%-i qaçırıldığına və və 1,6 %-i hamilə olduğuna görə erkən nikaha daxil olmuşdur. 16 yaşda öz istəyi ilə, 15 yaşda hamilə olduğuna görə erkən nikaha daxil olma hallarının xüsusi çəkisi daha yüksək olmuşdur. Qaçırılma halları 15 və 17 yaşlılar arasında dah çox baş vermişdir. Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı işçisi - 31,9%, fəhlə - 17,0%, nəqliyyat işçisi - 9,6%, analarının - evdar qadın - 53,7 %, kənd təsərrrüfatı işçisi -17,9%, ərləri isə - kənd təsərrüfatı 21,1%, ticarət 14,1% nəqliyyat 9,9% və tikinti- 7,2% sahələrində məşğul olmuş, eləc də fəhlə -13,1%, fermer 7,3 % və işsiz - 7,0% olmuşdur. Həmçinin bu qadınların rəsmi nikahda olmamasının səbəbləri bu cür müəyyənləşdirilmişdir: onlardan 40,5 %-nin müvafiq sənədləri qaydasında olmadığından, 33,2%-nin nikah yaşına çatmadığından, 26,3 %-nin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmamışdır. Erkən nikahlardan doğulan uşaqlarların 97,1 %- i stasionar, 2,9 % - i isə ev şəraitində dünyaya gəlmişdir. Və ev şəraitində doğan qadınların 53,9%-i bunun səbəbini maddi çətinlik, 27,7%-i isə doğum evinin uzaqda yerləşməsi ilə izah edirlər. Buradan da görünür ki, kənd yerlərində həm erkən nikah halları, həm də erkən yaşda uşaq dünyaya gətirən qadınların çoxu kənd yerlərində yaşayanlardır. Bir məsələni də qeyd etmək lazımdır ki, kənd yerləri dedikdə, buraya Bakı kəndləri də daxildir. Baxmayaraq ki, silsilə tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır, lakin hələ də erkən nikah Azərbaycanda aktual problemlərdən biri olaraq qalmaqdadır.
Zəka