Peşə təhsili əmək bazarına niyə cavab vermir?
Azərbaycanda peşə təhsilinin inkişaf etdirilmsi istiqamətində ciddi addımlar atılmaqdadır. Artıq görülən tədbirlərin nəticəsi olaraq bu sahəni tənzimləyən normativ hüquqi aktın qəbulu məsələsi gündəmə gəlib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, Azərbaycanda ilk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanır.
6 Sentyabr 2017 13:14 SosialQanunla bu sahəni inkişaf etdirmək mümkün olacaqmı?
Azərbaycanda peşə təhsilinin inkişaf etdirilmsi istiqamətində ciddi addımlar atılmaqdadır. Artıq görülən tədbirlərin nəticəsi olaraq bu sahəni tənzimləyən normativ hüquqi aktın qəbulu məsələsi gündəmə gəlib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, Azərbaycanda ilk dəfə olaraq "Peşə təhsili haqqında" qanun layihəsi hazırlanır. Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin Elm və təhsil komitəsində yaradılan, Təhsil Nazirliyi və digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin də təmsil olunduğu işçi qrupu fəaliyyətini artıq yekunlaşdırıb. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir. A.Əlili bildirib ki, "Peşə təhsili haqqında" qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb: "İndiyədək Azərbaycanda belə bir qanun olmayıb. Yəni peşə təhsilinin tarixində ilk dəfədir ki, qanun layihəsi hazırlanır və onun formalaşdırılmasında həm yerli, həm də beynəlxalq təcrübədən istifadə edilib. Peşə təhsili haqqında qanun layihəsinin hazırlanmasına ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunu artırmaq, əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaq məqsədi ilə həyata keçirilən "Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi" texniki yardım layihəsi çərçivəsində beynəlxalq ekspertlər cəlb olunub və onlarla ilkin müzakirələr təşkil edilib". A.Əlilinin sözlərinə görə, peşə təhsili sahəsində bir çox təcrübəni araşdıran İşçi Qrup bu qənaətə gəlib ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da peşə təhsili dövlət, özəl, bələdiyyə mülkiyyəti formasında inkişaf edir və bu variant məqbul hesab olunub. Maraqlıdır, prşə təhsilini tənzimləyən qanun qədul etməklə bu sahənin inkişaf etdirmək mümkün olacaqmı?
Xatırladaq ki, Azərbaycanda peşə təhsili üçün baza və müəyyən qədər də maddi-texniki baza mövcuddur. Ancaq reallıq ondan ibarətdir ki, mövcud potensialla müasir əmək bazarının tələbinə cavab verəcək kadrların hazırlanması qeyri-mümkünsür. Məhz bu səbədən də yeni hazırlanan "Peşə təhsili haqqında" qanun layihəsində "Təhsil haqqında" Qanunda əks olunan məsələlər - peşə təhsili müəssisələrinə qəbul qaydaları, yaş həddi, idarəetmə, işəgötürənlərlə əməkdaşlıq yer alıb. Üstəlik qanun layihəsində peşə-ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi də nəzərdə tutulub. Ancaq sözügedən təqaüd və digər ödəmələrin məbləği qanunun predmeti olmadığından onların məbləğinin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə buraxılacaq. Deməli, müvafiq icra hakimiyyəti orqanı heç bir halda peşə-ixtisas məktəblərində təhsil alan tələbələr üçün universitetlərdə nəzərdə tutulandan artıq təqaüd müəyyn edə bilməz. Bu isə o deməkdir ki, ölkədə peşə təhsilinin arzuolunan səviyyədə inkişafı üçün müəyyən zamana eytiyac var.
Digər bir məsələ peşə məktəblərində müəllim qıtlığı ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, indiyə qədər peşə təhsilinə ikinci dərəcəli təhsil sistemi kimi yanaşıldığından bu tədriq müəssisələrində çalışan müəllimlərin böyük əksəriyyətimüasir təlim-tədris metodologiyası üzrə biliyə malik deyillər. Baxmayaraq ki, artıq Azərbaycanda peşə məktəbləri şəbəkəsinin optimallaşdırılması ilə bağlı müvafiq təklifləri artıq hökumətə təqdim edilib. Ancaq hələlik peşə təhsili şəbəkəsinin optimallaşdırılması istiqamətində müvafiq qərarların qəbulu gecikdirilir. Ölkədə 108 peşə təhsili müəssisəsi və peşə liseyinin olduğunu nəzərə alsaq bu sahənin optimallaşdırılması üçün sentyabrın 15-nə qədər qalan zaman müddətinin kifayət etməyəcəyi gün kimi aydındır. Sirr deyil ki, hazırda peşə məktəblərinin təlim-tədris prosesində İKT-dan istifadə aşağı səviyyədədir. Əsasən İKT-dan informatika dərslərində və kompyuter bacarıqlarının öyrədilməsi zamanı istifadə edilir. İş şəraiti və iş şərtlərinin qənaətbəxş olmaması səbəbindən yüksək səviyyəli müəllim kadrları ilk peşə-ixtisas təhsili sahəsində çalışmağa həvəs göstərmirlər. Üstəlik müəllimlərin təkmilləşmə kursları hal-hazırda daha çox göndəriş xarakteri daşıyır, yəni müəllimlər konkret kurslarda iştirak etməyə göndərilirlər. Onların özləri bu sahədə az təşəbbüs göstərirlər. Məhz bu kimi amillərin nəticəsifir ki, əksər peşə məktəbləri əmək bazarının tələbatına cavab verən kadr hazırlanmasında problemlə üzləşirlər.
Qeyd edək ki, 2016-cı il şərti olaraq ölkədə "Peşə təhsili ili" kimi müəyyən edilib. Üstəlik ölkə başçısının sərəncamına uyğun olaraq, Təhsil Nazirliyi daxilində Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Dövlət başçısının fərmanı ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi" təsdiq edilib. Lakin agentliyin yeni strukturu formalaşdırılması, nəzərdə tutulan işlərin yeni mərhələyə çatdırılması istiqamətində atılan addımlar barədə bilgilər nəinki cəmiyyət, eləcə də təhsil ictimaiyyəti üçün yetərli deyil. Çünki reallıqda il ərzində ən azından əmək bazarının tələblərinə uyğun olaraq, peşə təhsili müəssisələri ilə peşələr arasındakı uyğunsuzluqlar analiz edilməli idi. O da nəzərə alınmalıdır ki, ölkədə peşə təhsilinin inkişafı yalnız Təhsil Nazirliyinin fəaliyyətindən asılı deyil. Bu sahə istehsal yönümlü olduğundan digər nazirlik və komitələrin birgə fəaliyyətinə ehtiyac duyulur. Lakin həllik müvafiq dövlət qurumlarının koordinasiyası nəzərə çarpmır. Deməli, Azərbaycanda peşə təhsili yenə də problemli sahə olaraq qalıb. Baxmayaraq ki, peşə təhsili ilə bağlı keçmiş Sovetlər İttifaqından müəyyən maddi-texniki baza miras qalıb, təhsilin bu növü ilə bağlı beynəlxalq təcrübə yetərincədir, üstəlik əmək bazarında da kifayət qədər tələbat var, ancaq bu sahəni lazımi səviyyədə inkişaf etdirmək mümkün olmayıb. İndi də ümid qalıb yenə qanunun tətbiqinə.
Nurlan