Aprel döyüşlərinin qəhrəmanları- vətənpərvərliyin bariz nümunəsi
Aprel döyüşlərində Azərbaycan əsgərlərinin göstərdikləri qəhrəmanlıqlar vətənpərvərliyin əsil nümunəsi idi. Etiraf edilməlidir ki, Azərbaycanın ərazü bütövlüyü uğrunda canından keçən Vətən oğullarının şücaəti gənclərə əlavə ruh verdi. Bütün bu qəhrəmanlıqları Azərbaycan gəncliyinə geniş formada tanıtmaq və çatdırmaq məsələsində medianın üzərinə böyük vəzifə düşür.
30 Avqust 2017 14:14 SosialAprel döyüşlərində Azərbaycan əsgərlərinin göstərdikləri qəhrəmanlıqlar vətənpərvərliyin əsil nümunəsi idi. Etiraf edilməlidir ki, Azərbaycanın ərazü bütövlüyü uğrunda canından keçən Vətən oğullarının şücaəti gənclərə əlavə ruh verdi. Bütün bu qəhrəmanlıqları Azərbaycan gəncliyinə geniş formada tanıtmaq və çatdırmaq məsələsində medianın üzərinə böyük vəzifə düşür. Ümumiyyətlə isə Azərbaycanın təhsil və mədəniyyət ocaqlarında milli qəhrəmanların həyat və fəaliyyəti geniş təbliğ olunmalı, dərsliklərə salınmalı, rayon və şəhərlərdə şəhidlərimizin xatirəsi əbədiləşdirilməlidir. Bütün bunlarla bağlı təbliğatçılar qrupu hazırlanmalıdır. Bununla yanaşı, Azərbaycanda şəhid ailələrinə dövlətin diqqəti daha güclənərsə, bundan yalnız ordumuz qazanar. Təbliğat elə aparılmalıdır ki, ölkədə şəhid övladı hər zaman məmur övladından öndə olsun. Küçələrdə "avtoşluq" edib, bahalı avtomobillərlə meydan sulayan adamlar isə ciddi qınaq obyektinə çevrilməlidir. Bütün bunlar cəmiyyətdə sosial ədalətin də bərqərar olması baxımından vacibdir. Ümumiyyətlə, ölkədə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün televiziya kanalları və radiolarda kütləvi çal-çağırları məhdudlaşdırılmasına ehtiyac var. Bunun əvəzində isə vətənpərvərlik mövzularında veriliş, mahnı və musiqilərə üstünlük verilməlidir. Bəstəkarlarımız daha çox vətənpərvərlik mahnıları yazmağa üstünlük verməli, incəsənət xadimləri də həmin mahnıları ifa etməyi özlərinə şərəf bilməlidir. Bir daha xatırladaq ki, aprel döyüşləri göstərdi ki, ordunun döyüş ruhunun artırılmasında ideoloji təbliğat vacib şərtlərdəndir. Odur ki, gənc əsgərləri, ümumilikdə silahlı qüvvələri daim döyüş ruhunda tərbiyyə etmək vətəndaş cəmiyyətlərinin bir saylı vəzifəsi olmalıdır. Çünki gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti danılmazdır.
Bu dəfə 2-5 aprel döyüşlərində qəhrəmanlıqla həlak olan Mahir Mirzəyevdən söhbət açacağıq. 1994-cü il fevral ayının 17-də Bakıda doğulmuşdu. 2011-ci ildə ildə Nərimanov rayonundakı 36 saylı məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Qafqaz Universitetinin ödənişli fakultəsinə daxil oldu. Lakin ailəsini, ata-anasını əziyyətə salmamaq üçün ən çox sevdiyi təhsil ocağından imtina edib, Azərbaycan Dövlət İqtisad Universitetinin ödənişsiz bölümünü seçdi. Özünə heç vaxt boş zaman ayırmadı. İngilis və fars dilini öyrəndi. İnsana ziyan gətirməyəcək nə vardırsa, onu öyrənməkdən usanmadı. Həm məktəbdə, həm də universitetdə layiqli tələbələrdən oldu, ədəbi-ləyaqəti ilə oxuduğu təhsil ocağına hər zaman hörmət gətirdi. 2015-ci ildə İqtisad Universitetini də müvəffəqiyyətlə bitirib, ürəyində arzu kimi bəslədiyi Qafqaz Universitetinin magistr şöbəsinə daxil oldu. Lakin bu dəfə təhsilini davam etdirməyi sonraya saxladı. Dedi ki, "Öncə Vətəndir". Çiyinlərində bir əsgəri xidmət yükü var idi. O hərbi xidmətə gedib, özünü təsdiq etməli idi. Hərbi xidmətə çağırılana qədər isə Azərbaycanda böyük təntənə ilə qeyd edilən "Bakı -2015 Avropa Oyunları"nda könüllü kimi iştirak etdi. Orada da özünə xeyli dostlar qazandı. Və həmin o gün gəldi. O günü çox gözləmişdi, Vətəni qorumağa, onun keşiyində durmağa gedirdi. 2015-ci il iyul ayının 6-da atası Sabir, əmisi Samir, doğmaları və dostları onu Bakı Dəmiryolu vağzalından əsgərliyə yola saldılar... Mahir Mirzəyev hamıdan əvvəl atılıb qatara mindi, sonra pəncərənin önünə keçərək, başını oradan çıxarıb dostlarla, qohumlarla danışıb-güldü. Qatar yola düşəndə əllərini yelləyib hamıya "salamat qalın!" dedi. Atası Sabir Mirzəyev dayanıb oğluna əl edəndə, əlləri havadan asılı qaldı... Bir andaca fikri yayındı. Və nədənsə, necə oldusa, "Bizim Cəbiş müəllim" filmindəki dəmiryolu vağzalından müharibəyə yola düşmə epizodunu xatırladı. Və yenə də elə bil birdən silkələndi, özü-özünü qınadı, ürəyində deyindi ki, bu nə idi fikirləşdim, indi ki, müharibə deyil, indiki sakitlikdir...
2-5 aprel günlərində anası Gülzar xanımla Sabir müəllim heç narahat da deyillərmiş. Sabir kişi fikirləşirmiş ki, lap elə müharibə başlayıbsa, düşmənə zərbələr endirilib, cavabı verilirsə, bunun üçün yəqin ki, ön cəbhəyə daha təcrübəli əsgərləri, hərbçiləri apararlar. Aprelin 1-i hələ 98 günü qalmışdı Mahirin. Hər həftə günlərini sayırmış. Sonuncu dəfə danışanda deyir ki, 98 günü qalıb tərxis olunmağa. 1 apreldən sonra Mahir telefona cavab verməyəndə, Gülzar xanım narahatçılıqla həyat yoldaşı Sabirə deyir ki, uşaqdan bir xəbər bil. Sabir isə çox arxayın halda, kimdir onları ön cəbhəyə aparan, onlar indi, arxada səngər qazırlar, bərkitmə işləri görürlər. İki gün keçir. Gülzar yenə ərindən soruşur. Deyir ki, birdən uşaq torpağın üstündə yatar, soyuqlayar. Sabir isə arın-arxayın, "indi nə zəmanədir, ay qız, torpaq üstündə əsgər yatar? Ən azı maşında zadda gecələyirlər" deyə cavab verir. Lakin nə biləydilər ki... Mahirin ruhu artıq göylərdən onlara əl eləyir...
Şəhidimiz Mahir Mirzəyevi aprelin 9-da böyük məhəbbətlə, hörmətlə, ehtiramla dəfn etdi Azərbaycan xalqı. O, şəhidliyi ilə məktəbinə, universitetinə, elinə, mahalına şan-şərəf gətirmişdi. Mahirin atası Sabir Mirzəyev deyir ki, məni nə çox düşündürür, həmin aprel döyüşündə həlak olan oğullarımızın hamısı tərbiyəli, vətənpərvər, mərd oğlanlar idi. Hərdən də fikirləşirəm ki, axı şəhidlik elə zirvədir ki, o hər kəsə nəsib olmur: "Mahirin hospitalda yatan yaralı dostları ilə görüşdüm. Birinin qolu yox idi, birinin ayağı parçalanmışdı. Hamısı yaralı idilər. Bir qolunu güllə aparmış Tovuzdan olan əsgər danışırdı ki, döyüşdə yaralılara kömək edirmiş, bir də baxıb ki, Mahir də yaralanıb, ancaq elə yaralı-yaralı da vuruşur. İstəyib ki, ona kömək etsin, Mahir deyib ki, Cəfərov, get başqalarına kömək elə. İrəli keçəndə, əsgər Cəfərovu da vurub qolundan yaralayıblar. O da, elə Mahirin yanına yıxılıb. Əsgər Cəfərov dedi ki, bizim əsgərlər öz qisaslarını aldılar. Çox mətanətlə vuruşdular. Bir oğlan var idi, ayağından yaralı idi. Deyirdi ki, "əmi yaralanıb oturdum bir yerdə, fikirləşdim ki, kaş əsir düşməyim, səhərə qədər gözlədim ki, erməni gülləsi məni vursun, mən də ölüm, əsgərlərimizə qarışım. Ancaq bir dənə də olsun güllə dəymədi". Deməli mənim oğlumun vaxtı tamam imiş. Bəs o əli və qolu yaralı əsgər niyə ölmədi? Deməli vaxtı tamam deyildi. Oğlumun qulluq göstərdiyi hərbi hissədən 90 nəfər döyüşə getmidi. Deyillər onların 18-i qayıtmayıb. Onunla təsəlli tapıram ki, oğlum kafir öldürüb, cənnəti qazanıb".
Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. İndi Mahir bütün Azərbaycan gəncləri üçün bir vətənpərvərlik nümunəsidir. Çünki, o, qəhrəmancasına döyüşərək canını Vətən yolunda fəda edib.
Alim Hüseynli
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur