“İslam Həmrəyliyi İli” müsəlman ölkələrinin biri-birini dəstəkləməsinə imkan yaradır
Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Sərəncamı xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır, ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” müsəlman dünyasına hansı töhfələri verməkdədir? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, dini zəminli münaqişələrin baş verdiyi qlobal dünyada İslam həmrəyliyi anlayışı təkcə müsəlman aləmində deyil, eyni zamanda İslam dini ilə digər dinlər arasında həmrəyliyi nəzərdə tutur və olduqca həssas mətləblərdən xəbər verir: “Müasir dövrdə Yaxın və Orta Şərqdə yaşanan neqativ hallara nəzər salsaq, dövlət başçımızın bu qərarının beynəlxalq aləmin diqqətinin mövcud problemlərə yönəltməyə çalışması baxımından çox ciddi addım olduğunu görərik.
29 Avqust 2017 13:49 SosialGündüz İsmayılov: "Tolerantlıq başqaları üçün hüquqi norma, bizim üçün isə həyat tərzidir"
Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması ilə bağlı Sərəncamı xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır, ölkəmizdə elan olunmuş "İslam Həmrəyliyi İli" müsəlman dünyasına hansı töhfələri verməkdədir? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, dini zəminli münaqişələrin baş verdiyi qlobal dünyada İslam həmrəyliyi anlayışı təkcə müsəlman aləmində deyil, eyni zamanda İslam dini ilə digər dinlər arasında həmrəyliyi nəzərdə tutur və olduqca həssas mətləblərdən xəbər verir: "Müasir dövrdə Yaxın və Orta Şərqdə yaşanan neqativ hallara nəzər salsaq, dövlət başçımızın bu qərarının beynəlxalq aləmin diqqətinin mövcud problemlərə yönəltməyə çalışması baxımından çox ciddi addım olduğunu görərik. Çünki Azərbaycan bu addımı ilə dünyaya sülh, dostluq, qardaşlıq mesajı ünvanlamış olur. Üstəlik, ölkəmizin bütün dünyada tolerantlıq, mədəniyyətlərarası dialoq, həmrəylik məkanı kimi tanınması bu mesajın ünvanına doğru şəkildə çatacağına şübhə doğurmur. Bütün bunlar ölkəmizdə digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri sahəsində də aparılan uğurlu siyasətin nəticəsidir. Müstəqilliyimizin bərpasından sonra respublikamızda dini fəaliyyət sahəsində dözümlülük mühiti yeni bir dövrə qədəm qoydu, dini etiqad azadlığına geniş imkanlar açıldı, bu sahənin normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Hazırda dövlət-din münasibətlərinin müsbət irəliləyişi göz önündədir. Ölkəmizdəki dini tolerantlıq və multikulturalizm dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir ki, bu da dünya ölkələri, xüsusilə müsəlman respublikaları tərəfindən rəğbətlə qarşılanır". G.İsmayılov bildirib ki, müsəlman ölkələrini bir-birinə qarşı qoymaq, məzhəb və təriqət ayrı-seçkiliyi yaratmaq istəyənlər həmişə olmuşdur: "Əminəm ki, 2017-ci ilin respublikamızda "İslam Həmrəyliyi İli" elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların önlənməsi və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. Bu il Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları" keçirildi. Bu möhtəşəm tədbirə paralel olaraq 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı müsəlman dövlətləri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində atılan əməli addımlar müəyyən nailiyyətlərin əldə edilməsində müsbət rol oynayacaqdır. Bu da o deməkdir ki, "İslam Həmrəyliyi İli" təkcə din amilinə əsaslanmır, həm də müsəlman ölkələrinin digər sahələrdə biri-birini dəstəkləməsinə imkan yaradır". Sədr müavini qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq çoxsaylı tədbirlər həyata keçirib. İstər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda keçirilən konfrans və görüşlər bu məsələnin aktuallığından, İslam aləminin birliyinə olan çağırışından bəhs edir. Dünyanın sülhə, dostluğa ehtiyac duyduğu belə bir dövrdə bu istiqamətdə görülən hər bir iş İslam həmrəyliyinin təbliğinə hesablanmışdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məqsədlə bir çox qurumlarla, xüsusən Qafqaz Müsəlmanları İdarəsi ilə mütəmadi əməkdaşlıq etməkdədir və bu sahədə fəaliyyətini və əlaqələrini daim genişləndirir. Ölkəmizdən kənarda keçirilən çoxsaylı tədbirlərdə Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin dünyaya çatdırılması üçün mühüm işlər görülüb. Bu məqsədlə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi səviyyəsində xarici ölkələrə səfərlər edilir, dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər yüksək rəsmi şəxslərlə görüşlər keçirilir, birgə konfranslar təşkil olunur. Məsələn, "İslam Həmrəyliyi İli" çərçivəsində Bakı, Helsinki, Tehran və digər şəhərlərdə keçirilən konfrans və görüşlərdə Azərbaycanın nümunəvi dövlət-din modelinin, tolerant və multikultural ənənələrinin beynəlxalq səviyyədə təbliğatı aparılmış, eyni zamanda dünyada radikalizm və ekstremizmin güclənməsinə qarşı birgə fəaliyyətə dair təkliflər səsləndirilmişdir. Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu istiqamətdəki fəaliyyətimizin davamı olaraq Türkiyə, Özbəkistan, İspaniya, Mərakeş və Rusiyanın Sankt-Peterburq şəhərində yüksək səviyyəli konfrans və görüşlər nəzərdə tutulub. Onun sözlərinə görə, ölkəmizin keçdiyi tarixi dövrə nəzər saldıqda hər zaman tolerant mühitin mövcudluğu ilə qarşılaşırıq. Bu, istər yerli icmalararası münasibətlərdə, istərsə də dini konfessiyalara olan diqqətdə özünü büruzə verməkdədir: "Azərbaycanda yüzlərlə müsəlman və onlarla qeyri-müsəlman dini icması fəaliyyət göstərməkdədir. "Dini etiqad azadlığı haqqında" Qanuna əsasən, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din, (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Bu baxımdan deyə bilərik ki, ölkəmizdəki dini icmalar arasındakı münasibət dünyada az rast gəlinən tolerantlıq nümunəsidir. Dini dözümlülük başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzidir. Başqa sözlə, tolerantlıq bizə görə mədəniyyət və mənəviyyat məsələsidir. Ölkəmizdə tarixən bu cür yüksək mənəvi mühitin formalaşmasında dini icmaların xüsusi rolu olub".
Alim