Test üsulu ləğv olunur?
Test üsulunun ləğvi ilə bağlı məsələ mütəmadi olaraq gündəmə gəlir və bu zaman bir xeyli müddət həmin məsələ ətrafında müzakirələr davam edir. Bu zaman test üsulunun ləğvi təşəbbüsünə dəstək verənlər də olur, onu qətiyyətlə inkar edənlər də. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin növbəti qəbul illərində həyata keçiriləcək dəyişikliklərlə bağlı açıqlaması da yenidən sözügedən məsələni aktullaşdırıb.
24 Avqust 2017 15:12 SosialYeni model təhsilə nə verəcək?
Test üsulunun ləğvi ilə bağlı məsələ mütəmadi olaraq gündəmə gəlir və bu zaman bir xeyli müddət həmin məsələ ətrafında müzakirələr davam edir. Bu zaman test üsulunun ləğvi təşəbbüsünə dəstək verənlər də olur, onu qətiyyətlə inkar edənlər də. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin növbəti qəbul illərində həyata keçiriləcək dəyişikliklərlə bağlı açıqlaması da yenidən sözügedən məsələni aktullaşdırıb. DİM rəhbəri deyib ki, iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək: "Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub". Məleykə Abbaszadə bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: "Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir".
Bəs görəsən, qəbul imtahanlarında test üsulunun ləğv edilməsinin hansı müsbət və ya mənfi tərəfləri olacaq? Ümumiyyətlə, tes üsulunun ləğvinə zərurət varmı?
Siyasi təhlilçi Nazim Cəfərsoy da deyir ki, yenə Azərbaycanda test üsulu ilə qəbulun ləğvi ya da başqa modellə dəyişdirilməsi müzakirələri aktuallaşır. Onun sözlərinə görə, dünya mühakimə qabliyyətinin geniş olduğu tədris sistemini təşviq edir: " Test sistemi isə mühakimə qabliyyətini zəiflətdiyi üçün tənqid edilir. Ancaq dünya təcrübəsində mərkəziləşmiş və test məntiqinin hakim olduğu imtahan formatları geniş yayılıb. Tək müəyyənləşdirici olmasalar da, müəyyən bir standartı əldə etmək üçün bu ilkin şərtdir. Sonraki mərhələdə qabaqcıl unversitetlərin müəllim heyəti, ədalət ve obyektivlik prinsiplerinin gucu ve ciddi müsbet ənənəsi qəbul prosesində Azərbaycandaki testdən əvvəl oldugu kimi fəsadlar olmur". Nazim Cəfərsoy qeyd edib ki, ali təhsildə köklü və məqsədyönlü islahat aparmadan mövcud unversitet strukturu və müəllim heyyəti ilə test imtahanını leğv etmək çox ciddi səhv olacaq: "Məsələn, son illər mütərəqqi islahatları ilə məşhur unversitetlərimizdən biri köhnə müəllim heyəti ilə test üsulundan bəzi kurslarda vazkeçərək klassik imtahan modelinə dönmüsdü. Ancaq çox keçmədən bunun səhv addım olduğu anlaşıldı və vaz keçildi. Unudulmasın ki, test üsulu rüşvət və ədalətsizliyə qarşı çarə kimi tetbiq edilib".
İqtisadçı ekspert Qubad İbadoğlu isə deyib ki, Azərbaycanın müasir təhsil tarixində ən öyünüləsi sistem qəbul imtahanlarının testlə həyata keçirilməsidir: "Bundan savayı ciddi uğurlara imza ata bilmədiyimiz, bu sahədə nəinki dünya, heç region çapında önə çıxmadığımız halda DİM sədrinin ali məktəblərə tələbə qəbulunda test sisteminin ləğv ediləcəyi, iki ildən sonra "yeni imtahan modeli" tətbiq olunacağı ilə bağlı açıqlamalar ciddi məyusluq və narahatlıq doğurur. Odur ki, mən də qəbul imtahanında dəyişiklik zərurəti ilə bağlı əsassız qənaəti bölüşməyərək, onu rədd edir və gələcəyi düşünən hər kəsi etiraz səsini ucaltmağa səsləyirəm. Eyni zamanda bilmək istərdik ki, nə baş verdi ki, DİM tələbə qəbulunda testdən imtina etməyə hazırlaşır? Əgər test sisteminin nöqsanları varsa (təbii ki, var), onda gəlin onları müzakirə edək, təkmilləşdirmək üçün yollar arayaq. Yoxsa, eyni məktəbdə oxşar proqramlarla təhsil alan şagirdlərə nədən fərqli qiymətləndirmə üsulu tətbiq olunmalıdır? Məgər, kurikukium tətbiq edilən hansı ölkədə test sistemi sıradan çıxıb? İctimaiyyəti narahat edən suallar çoxdur. Onları cavablandırmaq üçün təhsil işçilərinin iştirakı ilə müstəqil ekspert müzakirələrinə ehtiyac vardır. Belə müzakirələrdə ölkənin səciyyəvi xüsusiyyətlərini də nəzərə alınmalıdır. Ekspert müzakirələri aparılmadan, "yeni imtahan modeli" bəlli olmadan uzun illərin sınağından çıxmış testin ləğvindən danışmaq yersiz və tezdir".
Süleyman