Fikir və söz azadlığından sui istifadə edilməməlidir
Bu gün Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətlərə xas olan bütün xüsusiyyətləri, prinsipləri özündə əks etdirir, onları öz gündəlik həyatında tətbiq edir. Demokratik prinsiplərin, dəyərlərin əsas göstəricilərindən biri fikir, söz, məlumat və ifadə azadlığıdır ki, günümüzdə bu prinsiplərə ölkəmizdə yüksək səviyyədə əməl olunur, qorunur, inkişaf etdirilir.
22 Avqust 2017 16:26 SosialBu gün Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətlərə xas olan bütün xüsusiyyətləri, prinsipləri özündə əks etdirir, onları öz gündəlik həyatında tətbiq edir. Demokratik prinsiplərin, dəyərlərin əsas göstəricilərindən biri fikir, söz, məlumat və ifadə azadlığıdır ki, günümüzdə bu prinsiplərə ölkəmizdə yüksək səviyyədə əməl olunur, qorunur, inkişaf etdirilir. Hətta bir çox hallarda Azərbaycan fikir, söz və məlumat azadlığına görə nümunə kimi də göstərilir. Ancaq onu da etiraf etmək lazımdır ki, bəzən bu hüquq və azadlıqlardan bir çox media qurumları, KİV nümayəndələri sui-istifadə edirlər. Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədri Natiq Abdullayev deyir ki, informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının artması cəmiyyəti ciddi narahat etməkdədir. O, bildirib ki, müxtəlif səviyyələrdə gedən diskussiyalarda da məlumatlar yayan KİV və jurnalist fəaliyyətindən sui-istifadə edənlərin haqqında müvafiq ölçü götürülməsi ilə bağlı təkliflər səslənir: "Bütün bunlar məsələnin hüquqi cəhətdən nizamlanması zərurətini aktuallaşdırır. 2015-ci ilin yayında cəbhə bölgəsində atəşkəsin pozulması zamanı da bəzi KİV-lərin, xüsusən də sosial şəbəkələrin fikir və söz azadlığının, demokratik dəyərlərin verdiyi imkanlardan səriştəsiz, məsuliyyətsiz istifadəsi dövlətin informasiya təhlükəsizliyi baxımından da medianın fəaliyyətini müzakirə predmetinə çevirmişdi. Göründüyü kimi, bəzi media orqanlarının qeyri-peşəkarlığı, söz azadlığından sui-istifadə etməsi bu sahənin hüquqi tənzimlənməsinə yenidən baxılmasını labüd edirdi. Məlum olur ki, liberallığı ilə digər qanunvericilik aktlarından fərqlənən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu zamanın və bugünkü reallıqların tələbindən geri qalmaqla, media- dövlət - cəmiyyət arasında münasibətləri dolğun və digər normativ hüquqi aktlarla əlaqəli şəkildə tənzimləmirdi. Bu baxımdan milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısının alınması, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, şəxsiyyətin nüfuzunun qorunması, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması, ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün söz azadlığı hüququna məhdudiyyətlərin dairəsinin, şərtlərinin, məsuliyyətinin və s. müəyyənləşdirilməsi ilə yanaşı, fövqəladə hallar zamanı qoyula biləcək məhdudiyyətləri də dəqiq və dürüst müəyyənləşdirən, çevik praktiki tətbiq mexanizmləri olan "İfadə etmək (ekspresion) və söz azadlığı hüququ haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi məqsədəmüvafiq olar. Sözsüz ki, demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır."İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Eyni ilə 1966-cı il Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsində də təsbit edilir ki, hər bir insan şəxsi fikri olmaq hüququna malikdir. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var.
Demokratik hüquqi dövlət olan Azərbaycan Respublikası da cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri olan fikir və söz azadlığını təmin edib. Belə ki, bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub. Eyni zamanda, konstitusiyanın 46-cı maddəsində hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminatı verilmişdir. Lakin nəzərə alınmalıdır ki, fikir və söz azadlığı hüququ həyata keçirilərkən bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, şərəf və ləyaqətin müdafiəsi hüququna riayət olunmaqla, hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır.
Qeyd etmək zəruridir ki, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 9- 10-cu maddələrində də fikir və ifadə azadlığının həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilib. Belə məhdudiyyətlərin məqsədləri sırasına konvensiya digər məqsədlərlə yanaşı, mənəviyyatın mühafizəsini, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsini də daxil edib. Belə ki, insan hüquqları haqqında Avropa konvensiyasının 10-cu maddəsində nəzərdə tutulur ki, ifadə etmək (ekspresion) azadlığın həyata keçirilməsi qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək, bu hüququn dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığını ehtiva edən Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda da başqalarının hüquqlarına və adına hörmət edilməsi üçün, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığı, yaxud mənəviyyatının qorunması baxımından qanunla məhdudlaşdırılması nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində isə göstərilir ki, konstitusiyanın və qanunların pozulması, o cümlədən konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Habelə konstitusiyanın 71-ci maddəsinin II bəndində ehtiva olunur ki, hər kəsin hüquq və azadlıqları bu konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyən "Dövlət sirri haqqında" Qanunun 5-ci maddəsi ilə dövlət sirrini təşkil edən məlumatların dairəsi müəyyən edilmiş və bu məlumatların mühafizəsi və istifadəsi ilə bağlı şərtlərin pozulmasına dair məsuliyyət qanunvericiliklə sanksiyalaşdırılaraq, müvafiq olaraq cinayət və digər məsuliyyətlər nəzərdə tutulub. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də nəzərdə tutulur ki, "Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və ya mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər". Mülki Məcəllənin 16-cı və 560-cı maddələrində də fiziki və hüquqi şəxslərin yalnız başqalarına ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərin, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinin yolverilməzliyi nəzərdə tutulur. Beynəlxalq və milli qanunvericiliyin yuxarıda şərh edilən tələblərindən göründüyü kimi, fikir və söz azadlıqlarından, demokratik dəyərlərin verdiyi digər imkanlardan qərəzli sui-istifadənin, qeyri-peşəkar, səriştəsiz yanaşmanın qarşısının alınması üçün ifadə azadlığı hüququna həm beynəlxalq hüququn, həm də milli hüququn müəyyən etdiyi, demokratik cəmiyyətin tələblərinə cavab verən məhdudiyyətlərin qoyulması mümkündür". Mərkəz rəhbərinin sözlərinə görə, bütün bunlara əsaslanaraq demək olar ki, belə məhdudiyyətləri nəzərdə tutan müvafiq qanunun qəbul edilməsi həm beynəlxalq, həm də milli hüququn tələbləri ilə uzlaşır. Belə bir qanunun qəbulu "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya"da, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan fikir və söz azadlığı hüququnun məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Hüquqların məhdudlaşdırılmasına dair qanunevericilik təcrübəsini araşdırarkən qeyd etmək yerinə düşər ki, respublikamızın qanunvericilik təcrübəsində sərbəst toplaşmaq azadlığına demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə məhdudiyyətləri nəzərdə tutan "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun mövcuddur. Onu da xüsusilə qeyd etmək yerinə düşür ki, təklif olunan qanunda söz və fikir azadlığı hüququ həyata keçirilərkən, digər hüquq və vəzifələrə riayət olunmaqla, onlar arasındakı mütənasibliyin təmin olunması, qərəzli sui-istifadə hallarına yol verilməməsinə dair müvafiq normalar da nəzərdə tutulmalıdır. İndiyədək söz və fikir azadlığının həyata keçirilməsi ilə bağlı müzakirə və təkliflərdə, qəbul olunan qanunlarda əsasən, kütləvi informasiya vasitələrində bu hüquqdan sui-istifadə məsələləri ön plana çəkilməklə, məhz KİV-də bu hüquqlardan sui-istifadənin yolverilməzliyi qeyd olunur. Lakin bu zaman söz və fikir azadlığının həyata keçirildiyi digər kütləvi yayılma üsulları diqqətdən kənarda qala bilməz.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir