Məktəbli formalarının qiyməti dolların məzənnəsinə uyğunlaşdırılır
Yeni dərs ili yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur. Xüsusən, dərs ləvazimatları və məktəbli formalarının satışı ilə məşğuı olan sahibkarlar fürsəti əldən verməyərək bir mövsümdə “qaz vurub qazan doldurmaq” eşqinə düşüblər. Elə bu səbədən də köhnə malları yeni qiymətlə satan kim, xaricdən ən keyfiyyətsiz məhsulları ucuz alıb baha qiymətə sırıyan kim.
22 Avqust 2017 14:09 SosialRəqabət mühiti olmadığından qiymətlər diqtə olunur
Yeni dərs ili yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur. Xüsusən, dərs ləvazimatları və məktəbli formalarının satışı ilə məşğuı olan sahibkarlar fürsəti əldən verməyərək bir mövsümdə "qaz vurub qazan doldurmaq" eşqinə düşüblər. Elə bu səbədən də köhnə malları yeni qiymətlə satan kim, xaricdən ən keyfiyyətsiz məhsulları ucuz alıb baha qiymətə sırıyan kim. Məsələni qəlizləşdirməyə ehtiyac yoxdur, bazarlarda satışa çıxarılan çanta, qələm və flamastrlərın keyfiyyətinə nəzər yetrisək hər şey əyani şəkildə bəlli olar. Lakin hazırda ən çox söz söhbət məktəbli formaları üzərində qurulub. Rəsmi orqanlar açıq şəkildə bəyan edirlər ki, bazarları saxta və keyfiyyətsiz məktəbli formaları bürüyüb. Demək olar ki, hər il məktəbli geyimlərinin qiyməti ən azı 10-15 manat bahalaşır. Bakı Tikiş Evinin rəhbərliyi bildirir ki, bahalaşmaya səbəb məktəbli formalarının tikilməsində istifadə olunan materialların Türkiyədən dollarla alınmasıdır. Bir sözlə, məktəbli geyimlərinin qiymətləri dolların məzənnəsindən asılı olaraq tənzimlənir. Hər il bahalaşan məktəbli formalarının valideynlər tərəfindən alınması çətinləşir.Ümumiyyətlə isə ekspertlər Azərbaycanda məktəbli bazarının həcminin 5 milyon dollar yaxın olduğunu bildirir və bunun işbazlara böyük məbləğlər qazandıracağını deyir. Məsələ burasındadır ki, orta məktəblərdə Bakı Tikiş Evinə aid geyimlər tələb edilir. Yoxlama zamanı Bakı Tikiş Evinə aid olmayan geyimlərə görə şagirdlər danlanır və valideynlərə müəyyən xəbərdarlıqlar göndərilir. Bu tələb valideynlərin çiddi narazılığına səbəb olub. Çünki, əksəriyyət Bakı Tikiş Evinin istehsalı olan geyimlərin keyfiyyətsiz olduğunu düşünürlər. Hətta hesab edirlər ki, forma üçün istifadə edilən parça və digər materiallar Türkiyədən deyil, Çindən gətirilir. Bakı Tikiş Evi ASC-dən bildirilib ki, bəzi ölkələrdən mənşəyi bilinməyən məktəbli formaları gətirilib Bakı Tikiş Evi ASC-nin məhsulu kimi satışa çıxarılır. Bakı Tikiş Evində istehsal olunan məktəbli formaları isə Avropa Labaratoriyasının sertifikatını alıb. Elə bu açıqlamadan iki sual yaranır: Kim zəmanət verə bilər ki, satışa çıxarılan saxta formalar ölkədəki gizli sexlərdə istehsal edilməyib, yaxud necə olur ki, Avropadan, Şərqdən, Çindən, Türkiyədən gətirilən mallar keyfiyyətsiz olur, lakin Avropa Labaratoriyasının sertifikatını alan müəssisənin istehsalı keyfiyyətli olur. Yeri gəlmişkən qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən dəfələrlə saxta məktəbli forması satan mağazalar aşkar edilib. Bununla parallel olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı və Sumqayıt şəhərlərində keyfiyyətsiz, üzərində başqasının əmtəə nişanı vurulmuş məktəbli formaları satan mağazalar aşkar edib. Məlumata görə, Sumqayıt şəhərində fəaliyyət göstərən bir sıra dükanlarda, həmçinin Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən ticarət mərkəzi və ətrafında, Abşeron rayonu Masazır qəsəbəsi, Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərində istehsalçısı məlum olmayan, insan sağlamlığı üçün təhlükəli sayıla bilən xammaldan hazırlanmış, mövcud normativ sənədlərə, standartlara cavab verməyən və "Bakı Tikiş Evi" ASC-nin adına qeydiyyata alınmış BTE əmtəə nişanından qanunsuz istifadə edilmiş saxta məktəbli formalarının satıldığı bildirilir. Belə halda valideyin çıxılmaz vəziyyətdə qalır ki, övladı üçün məktəbli formasını haradan əldə etsin ki, sonra əlavə xərcə düşməsin.
Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (QOST 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır. Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır. Hazırda respublikada 2 müəssisənin - "Bakı Tikiş Evi" ASC və "Bakı Tekstil Fabriki" MMC-nin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb. Məsələ orasındadır ki, valideyinləri məktəbli formalarının keyfiyyəti yox, onların qiyməti maraqlandırır. "Ayağını yorğanına görə uzatmaq istrəyən insanlar" təbii ki, ucuz və keyfiyyətsiz mal dalınca qaçır. 50-60 manat əvəzinə 20-30 manat verib ehtiyacını ödəyir. Düşünür ki, bir uşağım məktəbə göndərilməsi ona 100-150 manata başa gəlirsə, niyə də ucuz mala qaçmasın. Yeri gəlmişkən necə olur ki, xarici ölkələrdən gətirilən məktəbli formaları yerli istehsaldan 2-3 dəfə ucuz başa gəlir? Axı bunun gömrük rüsumu, daşınma xərci, yer pulu, satıcının qazancı və digər qeyri-leqal xərcləri var. Xammal da şükür ki, bütün dünyanı başına alıb gedir. Belə aydın olmur ki, istehsalçı müəssisələr məktəbli formalarını maya dəyərindən dəfələrlə artıq qiymətə vətəndaşlara sırıyırlar?
Millət vəkili Fazil Mustafa məsələnin yenidən parlamentin gündəliyinə çıxarılacağını deyib: "Parlament oktyabr ayında başlayır. Məktəbli forması isə sentyabr ayında satılır. Bu yağış yağandan sonra bəndi bərkitməyə bənzəyir. Məktəbli forması, dərslik məsələləri zənginliyi ilə öyünən bizim ölkədə valideynin üzərinə qoyulmamalıdır. Dövlət özü buna maraqlı olmalıdır ki, uşaq oxusun, geyinsin, hər hansı problem yaşamasın.Təəssüf ki, Azərbaycanda bu məsələlər valideynin üzərinə bir yük kimi qoyulur. Çox zaman da bunun mənfi effektini sonra görürük.Təhsil elə bir məsələdir ki, burda işə əl qoyulması ölkənin yaşıllaşdırılmasına bənzəyir.Yəni, su verməyəcəksənsə, ağaclar solacaq və ekoloji fəlakət baş verəcək. Əslində təhsilə diqqətin bu formadan bir qədər az olması müəyyən dərəcədə intellektual fəlakətin başlaması üçün səbəb olur. Ona görə də hansı sahədən xərclər azaldılırsa azaldılsın, mədəniyyət və təhsil sahəsindən bu xərcləri azaltmaq olmaz. Dediyim kimi, bu məsələlər yük olaraq valideynin üzərinə qoyulmamalıdır. Dövlətimiz bu məsələdə daha fərqli bir siyasət yürüdərək, vətəndaşların təhsillə bağlı sıxıntılarını ortadan qaldırmalıdır". Ekspertlər hesab edirlər ki, bu sahədə real rəqabət mühiti yaradıelmalıdır. Əgər məktəbli formalarının istehsalı ilə məşğul olan müəssisələrin sayı artırılsa, təbii ki, qiymətlərin enməsinə nail omaq qaçılmazdır. Ancaq digər istehsala saxta, keyfiyyətsiz damğası vuraraq satışdan çıxarılması ilə qiymət azalmasından danışmaq olmaz. Bu sahədə rəqabət mühiti olmadığından inhisar müəssisələr bazrda qiymətlərini diqtə edirlər.
Alim