“Quyruq dondu”, yoxsa “quyruq doğdu”?

Firudin Qurbansoy: "Əslində heç biri deyil..."

Xalq arasında avqustun yarısından sonra "quyruq doğdu" və ya "quyruq dondu" dövrü adlanır. Yəni bu dövrdən sonra havalar nisbətən sərinləşir, insanlar artıq yayın qızmar istilərinin geridə qaldığını düşünür. Bu dövrdə səmada quyruğa oxşayan ulduzlar görünür. Təsərrüfatın bütün sahələrində ilin bu dövrünə uyğun olaraq, müəyyən işlər görülərdi.

Maldarlıq təsərrüfatında isə yayın ikinci dövrü "quyruqdondu" adlanır. İlin bu dövrünün maldarlıq təsərrüfatında

"quyruqdondu" adlandırılmasının səbəbi isə hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğunun əridildikdən sonra donması ilə bağlıdır. Naxçıvanın bəzi bölgələrində bu dövr "quyruqdoldu" da adlandırılır. Bu da onunla izah edilir ki, həmin dövrdən artıq çöldə otlayan qoç və qoyunun quyruğu dolmağa (kökəlməyə) başlayır. Etnoqrafik-çöl materiallarına görə, ilin bu dövrü əkinçilik təsərrüfatında mühüm yer tutur. Əkinçilik təsərrüfatında bu ulduzların görünməsi yay şumunun başlanmalı olduğuna dəlalət edir. Torpağı yayda şumlayardılar ki, payız əkininə qədər Günəş şüaları torpağı qovursun. Bu halda məhsul bol olar. Əkinçilərin dediyinə görə, "quyruq doğana" qədər ot-küləş yığılmamalıdır. Çünki ot ovulub yerə tökülür, tozu isə otu yığan adama zərər verir. Ancaq "quyruq doğandan" sonra yerə şeh düşər, bu da küləşin, otun yığılıb daşınma işini asanlaşdırar. Mövsümi müşahidələrə görə, "quyruq doğanda" sular yerin altına doğru çökməyə başlayar. Digər bir inama görə, bu dövrdən etibarən mineral suların tərkibi dəyişər. Sular artıq öz keyfiyyətini itirir. Payızda ağacların yarpaqları saraldıqdan sonra sular (mineral) yenidən öz kəsərini bərpa edər. Həmin vaxtdan etibarən havalar dəyişməyə başlayır, gecələr şeh düşür. Ümumilikdə isə avqust ayına xalq arasında "qora bişirən", yaxud "üzümə göz salan" ay deyirlər. Avqustun bu cür adlandırılması həmin ayda üzümün yetişməsi ilə əlaqədardır.

Image result for Qurbansoy

Maraqlıdır, doğrudan da bu hadisənin səma, astrologiya ilə bir əlaqəsi varmı? Başqa sözlə, "quyruq doğdu"dur, yoxsa "quyruq dondu"?

Astroloq Firudun Qurbansoy əslində bu ifadələrin heç birinin doğru olmadığını dedi: " Bu "quyruq dondu" deyil, "quruq"dur. Qədim türklər "quruq", ərəblər "şirə ulduzu" deyir. Allah "Nəcm" surəsində bu ulduzun adını çəkir. Çünki məkkəlilər o ulduz çox parlaq olduğu üçün ona sitayiş edirdilər. Sirus ulduzu isə qoşa ulduzdur və çox parlaqdır. Parlaq olduğu üçün şəfəq saçır və baxanda sanki tüklü topa bənzəyir. "Quruq" sözü tüklü deməkdir. İnsanların çoxu "quruq" sözünü bilmədikləri üçün buna "quyruq doğdu" deyiblər. Sonra fikirləşiblər ki, quyruq necə doğa bilər? Quyruq dona bilər. Ona görə "quyruq dondu", "quyruq doğdu" deyirlər. Əslində isə bu ifadə "quruq doğdu"dur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00